Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 09:38

İlhaq etdiyi Krım susuz qalıb, Rusiya cinayət işi açır


Tayqan su anbarı
Tayqan su anbarı

Rusiyanın İstintaq Komitəsi Ukraynanın Xerson vilayətində su bəndi tikintisinə görə naməlum şəxslərə qarşı “ekosid” maddəsi ilə cinayət işi açıb

Rusiyanın İstintaq Komitəsi Ukraynanın Xerson vilayətində su bəndi tikintisinə görə naməlum şəxslərə qarşı “ekosid” maddəsi ilə cinayət işi açıb.

Bu bəndin tikilməsi ilə 2014-cü ildən bəri Dnepr çayından Krıma suyun gəlməsi dayanıb.

Rusiya Ukraynanın Krım yarımadasını elə həmin il ilhaq edib.

İstintaq Komitəsinin saytında dərc olunmuş məlumatda deyilir ki, “Ukrayna ərazisində olan və Krımın Rusiya ilə birləşməsinə qarşı çıxan naməlum şəxslər” yarımadanın iqtisadiyyat və ekologiyasına ziyan vurublar.

Məlumatda iddia olunur ki, Krıma Şimali Krım kanalı ilə verilən suyun kəsilməsi “kənd təsərrüfatı torpaqlarını qurudub, Sivaşdakı suyun duzluluğunu üç dəfə artırıb”, habelə “insanların sağlamlığına ziyan vurub”.

Mediazona saytı bildirir ki, Rusiyada bundan əvvəl “ekosid” maddəsi ilə cinayət işləri qaldırılmayıb.

Ukrayna ilhaqa qədər Krımın təmiz su tələbatının 85 faizini sözü gedən kanal vasitəsilə təmin edirdi.

Bu kanal Krımı Dnepr çayına bağlayan əsas su təchizatçısı idi.

Ukrayna kanalla suyun verilməsini Rusiya Krımı ilhaq edəndən dərhal sonra dayandırıb.

Şimali Krım kanalı ilhaqa qədər yarımadanın təmiz suya tələbatının 85 faizini təmin edirdi
Şimali Krım kanalı ilhaqa qədər yarımadanın təmiz suya tələbatının 85 faizini təmin edirdi

Məsuliyyəti ilhaq edən daşıyır

2020-ci ildə Krımın su təchizatı ilə bağlı kəskin böhran yaranmışdı və bir sıra şəhərlərdə su saatla verilirdi.

Ötən iyul ayında Rusiyanın Baş Prokurorluğu bununla əlaqədar Ukraynanı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) vermişdi.

O vaxt AİHM Ukraynaya qarşı müvəqqəti tədbir qərarı verməkdən imtina etmişdi.

BMT-nin monitorinq missiyası isə israr edir ki, Krım əhalisinin su ilə təchizatına görə məsuliyyəti onu qanunsuz ilhaq etmiş Rusiya daşıyır.

Rəsmi Kiyev bəyan edib ki, Krıma Şimali Krım kanalı ilə suyun verilməsi yalnız Krımın Ukraynaya qaytarılmasından sonra bərpa oluna bilər.

Rusiyanın Cinayət Məcəlləsinə görə ekosid bitki və canlı aləmin kütləvi məhv edilməsi, atmosfer və su resurslarının zəhərlənməsi və ya ekoloji fəlakət yaradan başqa hərəkətlərdir.

Bu maddə ilə təqsirləndirilənlərin 20 il müddətinə azadlıqdan məhrum edilməsi nəzərdə tutulub.

XS
SM
MD
LG