Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:46

'Orbitdə kor Rusiya'. Peyklər müharibədə necə işləyir


Rusiyanın izləmə və kommunikasiya peyklərinin sayı uzun zamandır ki, çox azdır.
Rusiyanın izləmə və kommunikasiya peyklərinin sayı uzun zamandır ki, çox azdır.

Rusiyanın Ukraynada apardığı müharibədə SSRİ-nin Əfqanıstana 10 il davam etmiş müdaxiləsi zamanı ölən sovet əsgərlərinin sayına yaxın rus əsgərinin öldüyü bildirilir. Ukrayna paytaxtı Kiyevin tutulması kimi strateji məqsədlərə çata bilməyən Rusiyanın əsas döyüşçü birliklərinin 2/3-dən çoxu döyüşlərə cəlb edilib. Bu qüvvələrin ciddi əməliyyat və kommunikasiya səhvlərinə yol verdiyi deyilir.

Problemlər siyahısındakı başqa bir ciddi məsələ peyklərdir. Onların sayının az, yüksək keyfiyyətlə işləyənlərin sayının isə bundan da az olduğu bildirilir.

ABŞ-ın ötürdüyü məlumatlar və...

AzadlıqRadiosunun açıq mənbələr və ekspertlərdən topladığı məlumata görə, Rusiyanın izləmə və kommunikasiya peyklərinin sayı uzun zamandır ki, çox azdır. Bu peyklər də çox hallarda köhnəlmiş texnologiyadan və ya idxal olunmuş hissələrdən asılı olur. Sanksiyalar şəraitində isə bunları da əldə etmək çətinləşib.

Ukraynanın özünün peyk donanması yoxdur. Ancaq ABŞ Ukraynaya təkcə görünməmiş həcmdə silah və hərbi sursat deyil, həm də görünməmiş həcmdə kəşfiyyat məlumatı ötürməkdədir. Bura Rusiya qüvvələrinin hərəkəti ilə bağlı operativ məlumatlar da daxildir. Ancaq casus peyklərindən yüksək keyfiyyətli görüntülərin də ötürülüb-ötürülmədiyi bəlli deyil. Ukraynaya verilən bu məlumatlar təkcə ABŞ hərbi kəşfiyyatına deyil, həm də özəl və kommersiya şirkətlərinə aiddir. Rusiyanın əlində bunların heç biri yoxdur.

"Prinsipcə Rusiya artıq orbitdə kordur", – Brüsseldə çalışan, sovet və Rusiya kosmik proqramları üzrə ixtisaslaşan ekspert və təhlilçi Bart Hendriks deyir.

Buça. "Maxar"ın peyk çəkilişi
Buça. "Maxar"ın peyk çəkilişi

100-dək peyk

"Union of Concerned Scientists" adlı nüfuzlu amerikan QHT-sinin məlumatına görə, Rusiyanın hazırda 100-dək hərbi və ya qoşa məqsədli peyki var. Onlardan 19-u uzaq məsafəni əhatələyən peyklər sayılır. Bu peyklər ya optik fotoqrafiya, ya da radio siqnal izləmə sistemləri ilə təchiz olunub. Yerdə qalan peyklərsə başqa məqsədlərə xidmət edir.

Hendriksin sözlərinə görə, hazırda Rusiyanın orbitdə "Persona" adlı iki optik tanıma peyki var. Ancaq onlar yeddi – doqquz il bundan əvvəl buraxıldıqları üçün artıq istifadə müddətinin sonuna yaxınlaşıblar. Üstəlik, "Persona" peyklərinin maksimal piksel sıxlığının hər pikselə 50 santimetr olduğu deyilir. Müqayisə üçün, ABŞ-ın "Keyhole" adlı ən yaxşı casus peyklərinin sıxlığı hər pikselə 5 santimetrə yaxındır. Bu rezolyusiya rus hərbi maşınlarının üzərinə çəkilmiş "V" hərfini peykin orbitindən çox aydın və təmiz görməyə imkan verir. "Maxar" və "Planet" kimi kommersiya peyk şirkətlərinin maksimal piksel sıxlığı isə, bir qayda olaraq, 15 santimetr olur.

"Amerikalıların azı beş "Keyhole-12" peyki var. İtalyanlar, fransızlar və ispanların öz peykləri var…", – Hendriks radioya deyib.

Rusiya hərbi peykinin buraxılışına hazırlıq
Rusiya hərbi peykinin buraxılışına hazırlıq

"Kondor"

Rusiya radarları buludların arxasından görə bilən məsafədən görmə peyklərinin istehsalı sahəsində də geridə qalıb. "Union of Concerned Scientists" təşkilatının məlumatına görə, Rusiyanın əməliyyat başında yalnız bir radar peyki var. "Kondor" adlı bu peyk 2014-cü ildə beş illiyinə buraxılıb. Ola bilsin ki, o, artıq fəaliyyət göstərmir.

Fevralda Rusiyanın kosmik qüvvələri "Kosmos-2553" və ya "Neytron" adlı başqa bir peyk də buraxıb. Onun məqsədi və imkanları barədə az məlumat var. Ancaq onun Moskvada yerləşən "Maşinostroyeniye" hərbi tədqiqat institutunda quraşdırıldığı məlumdur. Bu qurum xüsusi olaraq radar-görmə peyklərinin istehsalı ilə tanınır.

"Əgər "Neytron" radar peykidirsə, onda bu az qala 10 il ərzində buraxılan ilk belə peykdir", – deyən Hendriks əlavə edib ki, Rusiya radar peykləri sahəsində də NATO-dan xeyli geri qalır.

"GLONASS-M" peykində, əsasən, xarici elektronikadan istifadə olunur
"GLONASS-M" peykində, əsasən, xarici elektronikadan istifadə olunur

GPS-ə alternativ

Dünyanın ən dominant geopozisiya texnologiyaları sistemi ABŞ-da yaradılmış, GPS kimi tanıdığımız Qlobal Pozisiya sistemidir (Global Positioning System). Geniş istifadəyə açıq olan bu texnologiya naviqasiya sistemlərindən tutmuş, smartfonlara qədər hər yerdə işlənir. Ancaq o, ABŞ hökumətinə aid olduğundan Rusiya uzun zamandır ki, onun alternativini yaratmağa çalışır. Bu layihə GLONASS adlanır. Ancaq GLONASS şəbəkəsinin tam funksional hala gəlməsi üçün 24 peykə ehtiyac var. Rusiya hazırda 23 peyk buraxıb, onların da bir neçəsinin orbitdə istifadə müddəti bitmək üzrədir.

Rusiya GLONASS üçün yeni peyklərin istehsalında çətinlik çəkir. Bu, həm də 2014-cü ildə Moskvanın Ukraynanın Krım ərazisini ilhaq etməsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalarla bağlıdır.

Ekspertlər deyirlər ki, Rusiya yeni nəsil "GLONASS K-1" peykləri üçün kosmik radiasiyaya davamlı elektronika məhsullarının 90 faizini idxal edir. Rusiya onları əvəzləyən yerli hissələr dizayn və istehsal etməyə çalışsa da, bərbad nəticə alınıb; quraşdırılan peyk əvvəlki modellərdən iki dəfə ağır olub. Üstəlik, hələ onu bu vəziyyətdə orbitə qaldırmaq lazımdır.

Prezident Vladimir Putin Sovet kosmonavtikasının tarixinə həsr olunmuş sərgidə
Prezident Vladimir Putin Sovet kosmonavtikasının tarixinə həsr olunmuş sərgidə

Peyklərin yarısı hər an orbitdən yerə düşə bilər

"GLONASS peyklərinin yarısı hər an orbitdən yerə düşə bilər. Prinsipcə, ilk üç-dörd peykin işləməməsi müəyyən ərazilərdə dəqiqliyə mənfi təsir edəcək. Rusiyanın bütün ərazisini normal təmin etmək üçünsə 18 peykə ehtiyac var", – həm Rusiya, həm də Avropa aerokosmik sənayesində çalışmış bir ekspert deyir. Onun sözlərinə görə, bu sahədə bir dəyişiklik olmasa, GLONASS sistemi yaxın bir neçə ildə dağılacaq.

Rusiya silahlı qüvvələri üzrə ekspert, Cenevrədəki BMT Tərksilah Araşdırmaları İnstitutunun tədqiqatçısı Pavel Podviq deyir ki, məlumatların emalı məsələsində də ciddi problemlər var. "Peyklərə malik olmaq bir şeydir, onlardan istifadə edə bilmək başqa şeydir. Sizə informasiyanı peyklərdən düzgün adamlara transfer də bilən sistem lazımdır. Bu insanlar da məlumatı emal edib hədəf mənzilə çatdırmalıdırlar. …Rusiyanın hələ də uça bilən peyklərinin olması hələ belə bir sistemin mövcud olması demək deyil", – o deyib.

XS
SM
MD
LG