Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:36

Ekspertlərin 46 faizi: Rusiyanın parçalanmaq ehtimalı böyükdür


Qırmızı meydan
Qırmızı meydan

ABŞ-dakı Atlantic Council araşdırma mərkəzinin keçirdiyi sorğuda ekspertlərin az qala yarısı Rusiyanın yaxın on ildə müxtəlif müstəqil hissələrə parçalanması və bir dövlət kimi məhv olması ehtimalının yüksək olmasını bildirib.

Nəticələri Financial Times qəzeti tərəfindən dərc olunmuş sorğuda beynəlxalq siyasət və iqtisadiyyat sahəsində tanınmış 167 ekspertin 46 faizi Rusiyanın yaxın onillikdə çökməsinin və dövlət kimi fəaliyyətini dayandırmasının mümkün olduğunu deyib.

Rusiyanın bir dövlət kimi funksiyasını itirə biləcəyinə rəyi soruşulan eksperlətin 21 faizi inandığını deyib.

Bu, Əfqanıstanın taleyi üçün eyni proqnozu verən ekspertlərdən iki dəfə çoxdur.

İnqilab, vətəndaş müharibəsi və...

Sorğuda iştirak edən ekspertlərin 40 faizi düşünür ki, Rusiyada siyasi böhran inqilab, vətəndaş müharibəsi və ya ölkənin parçalanması nəticəsində baş verə bilər.

FT yazır ki, bu sorğuda avropalı ekspertlər amerikalı həmkarlarından daha pessimist proqnoz veriblər.

Avropa ekspertlərinin 49, ABŞ ekspertlərinin isə 36 faizi Rusiyanın çökə biləcəyini düşünür.

Ukrayna müharibəsinin Şəmkir camaatına təsiri...
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Respondentlərin 14 faizi Rusiyanın yaxın on ildə nüvə silahına əl ata biləcəyini düşünür.

Ekspertlərin Rusiyanın bir dövlət kimi hüquqi və fiziki yox olmasının mümkünlüyünü bildirən 10 faizi qeyd edir ki, adətən avtoritar dövlətlərdə baş verən qarışıqlıqdan 10 il sonra dövlətin demokratik inkişaf yolu başlanır.

Atlantic Council mərkəzinin proqnozlar üzrə direktor müavini Piter Engelke deyib ki, Rusiya üçün proqnozların tərtibində onun Ukraynaya qarşı müharibəsi və buna görə üzərinə qoyulmuş sanksiyalar mühüm faktor kimi çıxış edir.

Onun fikrincə bütün bunlar ölkənin daxili problemlərini alovlandıran bumeranqa çevrilir.

ABŞ-ın təsiri tədricən azalacaq

Rəyi soruşulan ekspertlər habelə yaxın on ildə İranın nüvə silahı əldə edə biləcəyini, Çinin Tayvana hücumunun mümkünlüyünü, qlobal iqlim dəyişikliyi sahəsində əməkdaşlığın arta biləcəyini proqnozlaşdırırlar.

Ekspertlər bunu da bildiriblər ki, ABŞ yaxın 10 ildə hərbi və texnoloji sahələrdə lider olaraq qalacaq, amma daha sonra onun təsiri beynəlxalq meydandakı başqa oyunçulara görə tədricən azalacaq.

Atlantic Council və ya Atlantika Şurası analitik mərkəzi NATO tərəfindən 1961-ci ildə yaradılıb.

Şura ABŞ və Avropa liderlərinin forumu sayılır və qlobal siyasət və iqtisadiyyat sahəsində tədqiqatlar aparır.

Rusiya 2019-cu ildə bu mərkəzi “arzuolunmaz təşkilatlar” siyahısına daxil edib.

XS
SM
MD
LG