Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:55

Davutoğlu Bakıdan istədiklərini aldımı?


Davutoğlu və Əliyev
Davutoğlu və Əliyev

-

Dekabrın 3-4-də Bakıda olan Türkiyənin baş naziri Ahmet Davutoğlu prezident İlham Əliyevlə görüşündə deyib ki, Türkiyənin Azərbaycan torpaqları tam azad edilənədək bu ölkəyə dəstəyi davam edəcək.

Baş nazir noyabrın 24-də Rusiya təyyarəsinin vurulmasından sonra yaranmış vəziyyət barədə Azərbaycan prezidentinə məlumat verdiyini bildirib:

“Dostumuz və qonşumuz olan Rusiyanın baş verənləri soyuqqanlı şəkildə dəyərləndirməsini gözləyirik”.

Baş nazir Rusiya tərəfinə çağırış edərək bildirib ki, Türkiyə problemin masa ətrafında oturaraq həll edilməsinin tərəfdarıdır.

İlham Əliyevin sözlərinə görə, Türkiyə nə qədər güclü olsa, Azərbaycanın gücü də o qədər artacaq:

“Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır. Çünki bölgədə sabitlik, əfsuslar olsun ki, pozulub, yeni təhdidlər, risklər meydana gəlir. Biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Əlbəttə, Türkiyə nə qədər daha güclü olsa, Azərbaycanın gücü də o qədər artacaq”.

Politoloqların qənaətincə, Türkiyə baş nazirinin Azərbaycana səfəri təkcə iki ölkə arasındakı münasibətlərin isti olduğunu göstərmək məqsədi daşımır. Enerji məsələləri, Türkiyənin Rusiyanın təyyarəsini vurmasından sonra Rusiyayla münasibətləri yoluna qoymaq da bu səfərin əsas hədəflərindəndir.

Politoloq Fikrət Sadıqov deyir ki, Azərbaycan Rusiyayla Türkiyə arasında vasitəçilik etməyə hazırdır:

“Vasitəçilik üçün iki tərəfin razılığı olmalıdır. İki dövlət arasında vasitəçilik edib barışdırıcı rol oynamaq, bu münasibətləri bərpa etmək Azərbaycanın da maraqlarına cavab verən addım olardı”.

Fikrət Sadıqov iki ölkənin maraqlarına aid enerji danışıqlarının bu görüşdə əsas müzakirə mövzusu olmasına da diqqət çəkir:

“Biz müəyyən mənada Avropanın enerji təhlükəsizliyini təmin edirik. Ancaq qaz haradan gedir? Gürcüstandan Türkiyə ərazisi ilə. O ərazidən gedərkən Türkiyə də bundan faydalanır. O da bir faktdır ki, Türkiyəyə müəyyən güzəştlərlə satırıq”.

Buna da bax: "Məscidə gələnlər kameraya baxıb nə deyəcəklər? Ancaq söyəcəklər"

“DAVUTOGLU GÖSTƏRMƏK İSTƏDİ Kİ...”

Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, Ahmet Davutoğlu Bakıya həm də ümumi imkanları dəyərləndirməyə gəlib:

“Bu səfər, Davutoğlunun bəyanatları hamısı ona yönəlib ki, Türkiyə Rusiyanın zilə qalxmasını istəmir. Rusiya isə haqsız tərəf kimi şivən qoparıb. Düzdür Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi Türkiyə üçün böyük ziyandır. 3 milyarddan 20 milyarda qədər itki ola bilər. Ancaq Rusiyanın itkiləri bundan da artıq olacaq. Sadəcə, Türkiyədə daha demokratik rejimdir. Erdoğan hakimiyyəti seçkilərdən asılıdır. Davutoğlu gəlib bir daha dedi ki, “Türkiyə Azərbaycanın yanındadır” və sairə. Azərbaycan vasitəçi olmağı istəyər. Ancaq İlham Əliyevin Putinin yanında hörməti bir o qədər də böyük deyil ki, o hörmətdən istifadə edib vasitəçi olsun, nəyəsə güzəştə getməyə vadar etsin. Amma, hər halda, Davutoğlu göstərmək istədi ki, “müttəfiqlərimiz var, tək deyilik””.

Azərbaycan rəsmiləri də Türkiyə ilə Rusiya gərginliyinin azaldılmasına töhfəsI verməyə hazır olduğunu bəyan edib.

XS
SM
MD
LG