Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:44

Un yenə bahalaşacaq?


Fermer: 'Sovet vaxtı bundan iki dəfə artıq buğda götürürdük'
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Fermer: 'Sovet vaxtı bundan iki dəfə artıq buğda götürürdük'

Çikaqo əmtəə birjasında buğda ötən həftə ərzində 40 faiz bahalanıb. Yeri gəlmişkən, bu ilin əvvəlində Azərbaycanda un təqribən 30 faiz civarında bahalaşmışdı. Ölkə rəsmiləri bunu dünyada unluq buğdanın bahalaşması ilə izah etdi. Azərbaycan buğda idxalından asılıdır. Belə olan təqdirdə Azərbaycanda yenidən un və çörəyin bahalaşması gözlənilirmi? Azərbaycan hökuməti indi hansı addımları atmalıdır?

"Rusiya və Ukrayna dünyada buğda ixracatının 30 faizini…"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, buğdanın qiymətinin qalxması Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlıdır: "Rusiya və Ukrayna dünya bazarında buğda ixracatının 30 faizini təmin edir. İkinci məsələ isə Qərbin Rusiyaya qoyduğu nəhəng sanksiyalardır. Rusiya banklarının bir hissəsi SWIFT-dən (Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası) ayrılıb, valyuta konvensiyası ilə problemlər yaranıb, Rusiyada dollar 80 faiz bahalaşıb".

R.Quliyev
R.Quliyev

Deputat qeyd edib ki, Ukraynada da taxıl biçini, əkini baxımından bu və hətta gələn il itirilib: "Mənfi təsir göstərən sonuncu faktor isə logistik dəhlizlərin pozulmasıdır. Onların çoxu Ukraynadan, bir hissəsi isə Rusiyadan keçirdi. İndi isə müharibə və sanksiyalara görə nəqliyyat şirkətlərinin ritmi pozulur, xidmətlərin dəyəri kəskin artır. Bunların hamısı nəticədə buğdanın, çörəyin, unun bahalaşmasına səbəb olub".

"Tədarükçünü dəyişməli olacağıq"

Azərbaycana gəlincə, komitə üzvü bildirib ki, ölkənin strateji ehtiyatları minimum səkkiz ay üçün nəzərdə tutulub: "Buna baxmayaraq, hökumət hətta müharibə başlamamış bu məsələnin həlli ilə məşğul idi və hazırda da məşğuldur. Biz buğda və digər məhsullarda tədarükçünü dəyişməli olacağıq".

R.Quliyevin sözlərinə görə, Azərbaycana çoxlu ərzaq malları Ukrayna və Rusiyadan gəlir: "Bundan başqa, kənd təsərrüfatı üçün mineral gübrələrin 30 faizi Azərbaycana Rusiyadan gəlir. Lakin bütün bu proses yalnız Azərbaycana yox, bütün dünyaya təsir göstərəcək. Artıq dünyada ümumi daxili məhsulun (ÜDM) minimum 1 faiz aşağı düşməsi ilə bağlı proqnozlar mövcuddur. Bu isə onlarla trilyon dollar deməkdir".

N.Bəydəmirli
N.Bəydəmirli

"Məmur sahibkarlığı olmamalıdır"

İqtisadçı, işadamı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan son illər ərzində ərzaqlıq buğdanın Rusiyadan alışını artırmaqda davam edib: "Bunun nəticəsi olaraq bir çox hallarda daxili istehsal stimullaşdırılmır. Daxili istehsalı stimullaşdırmaq üçün sahibkarlıq azad olmalı, məmur sahibkarlığı olmamalıdır".

O deyir ki, bölgələrdə son illər kənd təsərrüfatına yararlı torpaqlar, adətən, yerli icra hakimiyyət orqanlarına yaxın olan şəxslərə verilir: "Görünən odur ki, müxtəlif şirkətlər yaradılır və o şirkətləri idarə edənlərin kənd təsərrüfatı ilə əlaqəsi olmadığına görə bu sahədə kifayət qədər problemlər mövcuddur".

"Qiymət artımı gözləniləndir"

İqtisadçının sözlərinə görə, Rusiya hökuməti hazırda ərzaqların satışına kvota tətbiq edir: "Aksiz vergisindən əlavə kvota da müəyyən edilib. Müharibə olan ölkələrdə, adətən, müəyyən limitlər tətbiq olunur, ərzaq və istehlak mallarının xaricə çıxışını inzibati yolla qadağan edirlər. Gözlənilən odur ki, uzun zaman belə qapanma olsa, Rusiyadan aldığımız ərzaq buğdası ilə problem yaşana bilər və qiymət artımı gözləniləndir".

Kəndli niyə taxıl əkmək istəmir?
Gözlə

No media source currently available

0:00 0:06:57 0:00

N.Bəydəmirli qeyd edib ki, Azərbaycan buğdanı başqa ölkələrdən ala bilər: "Amma bizim logistik imkanlarımız o qədər də geniş deyil. Hesab edirəm ki, ərzaq buğdası baxımından Qazaxıstanla ticarət əlaqələrimizi genişləndirmək lazımdır".

Yazıda səslənən tənqidi fikirlərə, hələlik, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətlərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Bu müharibədən bir neçə gün əvvəl də Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra isə Qərb və dünyanın bəzi ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

XS
SM
MD
LG