Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:59

Rusiyanın 50 min əsgəri 'ətçəkən maşın' strategiyasının qurbanıdır


Rusiyanın Krasnodar vilayətindəki Bakinskaya kəndi yaxınlığındakı qəbiristanlıqda "Vaqner" döyüşçülərinin məzarları
Rusiyanın Krasnodar vilayətindəki Bakinskaya kəndi yaxınlığındakı qəbiristanlıqda "Vaqner" döyüşçülərinin məzarları

BBC yazır ki, Rusiyanın Ukraynada ölən əsgərlərinin sayı 50 mini keçib.

Qurumun araşdırmasında deyilir ki, müharibənin Moskvanın "ətçəkən maşın" strategiyasına özəlliklə çox güc verdiyi ikinci ilində ölənlərin sayı birinci ilə nisbətən 25 faiz çox olub.

"BBC Rusca", "Mediazona" media qrupu və könüllülər 2022-ci ilin fevralından bəri ölənləri saymaqla məşğul olub.

Məzarlıqlardakı yeni qəbirlər bir çox əsgərin adını müəyyənləşdirməyə imkan verib. Rəsmi hesabatlar, qəzetlər və sosial mediadakı açıq bilgilər də diqqətlə araşdırılıb.

Araşdırmaya görə, döyüşlərin ikinci ilində 27 min 300-dən çox Rusiya əsgəri öldürülüb. Bu say ərazi tutmağın nə dərəcədə nəhəng insan itkiləri bahasına başa gəldiyini göstərir.

"Ətçəkən maşın" strategiyası?

50 min nəfəri keçən toplam ölüm sayı Moskvanın verdiyi rəsmi rəqəmlərdən səkkiz dəfə çoxdur. Moskva yalnız bir dəfə - 2022-ci ilin sentyabrında rəsmi ölüm sayını açıqlayıb.

Ölənlərin gerçək sayı hətta media qurumlarının bu araşdırmasında aşkarlanandan da çox olmalıdır, axı BBC və "Mediazona"nın təhlilləri Ukraynanın şərqində, Rusiya işğalı altındakı Donetsk və Luqanskda ölən silahlıları əhatə etmir.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, "xüsusi hərbi əməliyyat" zamanı dövlət sirri və məlumatın yayılması ilə bağlı qanunlara görə, canlı qüvvə itkisinə dair bilgi vermək müstəsna olaraq Müdafiə Nazirliyinin səlahiyyətindədir.

Ukrayna da döyüş meydanında verdiyi itkilərin sayı barədə nadir hallarda açıqlama verir. Fevralda prezident Volodimir Zelenski 31 min Ukrayna əsgərinin öldüyünü deyib. Ancaq ABŞ kəşfiyyatının məlumatlarına əsaslanan hesablamalar itkilərin daha böyük olduğunu göstərir.

Rusiyanın muzdlu "Vaqner" qrupunun rəhbəri Yevgeni Priqojin Baxmutdan Rusiya ordusuna müraciət edir.
Rusiyanın muzdlu "Vaqner" qrupunun rəhbəri Yevgeni Priqojin Baxmutdan Rusiya ordusuna müraciət edir.

İtkilər kəskin artıb

BBC-nin məqaləsinə əlavə edilən qrafik ötən ilin yanvarında və yazında, uyğun olaraq, Uqledar və Baxmut uğrunda döyüşlərdəki itkilərin kəskin artdığını göstərir.

"Vaqner" muzdlu döyüşçü qrupunun lideri Yevgeni Priqojin o zaman qrupun itkilərinin 22 min nəfər olduğunu söyləmişdi.

Rusiyanın ötən ilin payızında Ukraynanın şərqindəki Avdeyevka şəhərini tutması da ölüm saylarında kəskin artımla müşayiət olunub.

BBC və "Mediazona" ilə çalışan könüllülər savaş başlayandan bəri Rusiyanın hər yerində məzarlıqlardakı yeni qəbirləri sayıblar.

Məqaləyə əlavə edilmiş aerofotoşəkillərdə məzarlıqların kəskin artması görünür. Ərazidə çəkilən foto və videogörüntülər əksər yeni qəbirlərin Ukraynada ölən əsgər və zabitlərə aid olduğunu göstərir.

BBC-nin hesablamaları Rusiya tərəfindən ölən döyüşçülərin azı 2/5-nin Ukraynaya hücumdan öncə ordu ilə heç bir əlaqəsi olmayan insanlardan oluşduğunu göstərir.

Həbsxanalardan toplanan adamlar "ətçəkən maşın" strategiyası baxımından mühüm rol oynayıblar. BBC və "Mediazona"nın təhlilləri onların həm də cəbhə xəttində daha tez öldüyünü göstərir.

"Ştorm" döyüşçüləri
"Ştorm" döyüşçüləri

""Ştorm" döyüşçüləri, sadəcə, ət parçasıdır"

Moskva 2022-ci ilin iyunundan etibarən "Vaqner" lideri Yevgeni Priqojinə həbsxanalardan məhbusları döyüşlərə cəlb etmək icazəsi verib.

"Vaqner" qəddar döyüş taktikası və amansız daxili qaydaları ilə tanınırdı. Əsgərlər əmr olmadan geri çəkiləndə yerindəcə güllələnə bilərdilər.

Qrup ötən ilin fevralınadək məhbusları toplamağa davam edib. Bundan sonra onun Moskva ilə münasibətləri pisləşməyə başlayıb. O zamandan bəri həmin siyasəti Rusiya Müdafiə Nazirliyi gerçəkləşdirib.

Ötən ilin iyununda Rusiya ordusuna qarşı qiyam qaldıran, Moskvaya doğru hərəkət edən, ancaq qısa müddətdə geri çəkilməyə razı olan Priqojin avqust ayında təyyarə qəzasında ölüb.

Media qurumlarının son təhlilində cəbhə xəttində öldürülən 9 min rusiyalı məhbusun adı da var. Onlardan min nəfərdən çoxunun hərbi müqaviləsinin qüvvəyə mindiyi və öldüyü tarix bilinir.

Təhlil nəticəsində keçmiş məhbusların "Vaqner"in tərkibində, orta hesabla, üç ay həyatda qala bildiyi məlum olub.

Ancaq eyni təhlil sonradan Müdafiə Nazirliyinin döyüşlərə cəlb etdiyi məhbusların, orta hesabla, cəmi iki ay həyatda qala bildiyini göstərir.

Nazirlik, demək olar, tam məhbuslardan oluşan və "Ştorm" tağımları kimi tanınan ordu hissələri təşkil edib. "Vaqner"in məhbus birlikləri kimi, bu birliklərin də rahat xərclənə bilən, vacib olmayan qüvvə kimi döyüşə göndərildiyi bildirilir.

""Ştorm" döyüşçüləri, sadəcə, ət parçasıdır", - "Ştorm" üzvləri ilə birlikdə döyüşən bir nizami əsgər ötən il "Reuters"ə belə demişdi.

Son dövrlərdə isə "Ştorm" döyüşçüləri Avdeyevkanın ələ keçirilməsi uğrunda aylarla sürən döyüşlərdə mühüm alət olublar. Rusiyanın Baxmutdan sonra ən böyük strateji və rəmzi döyüş qələbəsi sayılan Avdeyevka səkkiz həftə öncə ələ keçirilib.

Novosibirsk vilayətinin 8 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlar
Novosibirsk vilayətinin 8 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlar

"Döyüşlərə yazılan məhbuslar ölənə, yaxud müharibə bitənədək vuruşmalıdır"

Yeni məhbus döyüşçüləri döyüş meydanına atmazdan əvvəl "Vaqner" onlara təlim üçün iki həftə vaxt ayırırdı. Müdafiə Nazirliyinin cəlb etdiyi məhbusların bir bölümü isə ordu ilə müqavilə imzaladıqdan sonrakı iki həftə ərzində döyüş xəttində öldürülüb.

BBC döyüşlərdə ölən və hələ sağ qalan bəzi məhbusların ailələri ilə danışıb. Onlar jurnalistlərə məhbus döyüşçülərə yetərli hərbi təlim verilmədiyini deyiblər.

Ölən məhbuslardan birinin həyat yoldaşı ərinin ötən ilin aprelində hərbi müqavilə imzalayandan üç gün sonra döyüşdə öldüyünü söyləyib.

Əlfiyə adlı başqa bir qadın 25 yaşlı oğlu Vadimin səfərbər ediləndən öncə heç vaxt əlində silah tutmadığını deyir. O, oğlunun ölüm xəbərini əri Aleksandra verə bilmədiyini söyləyir.

"Aleksandr Ukraynada böyüyüb və orada qohumları var. Özü də bilir ki, Rusiyanın Ukraynaya faşizmlə mübarizə aparmaq üçün hücum etməsi yalandır", - Əlfiyənin sözləridir. Onun dediyinə görə, səfərbərlik işçiləri ilk dəfə həbsxanaya gələrkən "onları başından rədd edib".

Əlfiyə oğlunun ölümündən yeddi ay sonra Aleksandrın da ölüm xəbərini alıb.

"Vaqner" ilə işlədikləri zaman məhbuslara, adətən, yarımillik müqavilə imzalatdırılır, həmin müddətdə sağ qalanlar azad edilirdi.

Ancaq ötən ilin sentyabrından bəri, Müdafiə Nazirliyinin qaydalarına görə, döyüşlərə yazılan məhbuslar ölənə, yaxud müharibə bitənədək vuruşmalıdır. Hər şey bu iki hadisədən hansının birinci baş verəcəyindən asılıdır.

XS
SM
MD
LG