Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:50

Britaniya Putinə hər hansı güzəşt söhbətini rədd edir


Liz Trass
Liz Trass

“Görünür, cənab Kissincerin təqvimi 2022-ci ili deyil, 1938-ci ili göstərir”

Britaniyanın xarici işlər naziri Liz Trass Rusiya prezidenti Vladimir Putini sakitləşdirmək üçün onun “qılığına girmək” cəhdlərinin təhlükəli olduğunu bəyan edib.

O deyib ki, Rusiyanın Ukraynaya qarşı bu müharibəsində Moskvanın məğlubiyyətini təmin etmək məqsədindən bir addım da geri çəkilmək olmaz:

"Rusiyanın təcavüzünü sakitləşdirmək mümkün deyil. Biz buna güclə cavab verməliyik. Biz Ukraynanın qələbəsini hərbi yardım və sanksiyalarla təmin etmək əzmində barışmaz olmalıyıq. Biz artıq ayağımızı qaz əyləcindən götürə bilmərik”.

Xanım Trass deyib ki, Qərb yaxın keçmişdən nəticə çıxarmalı, Putinin Qərb ölkələrindən müxtəlif güzəştlər qoparandan sonra Gürcüstana, daha sonra isə Krım və Donbasa basqın etdiyini unutmamalıdır.

Bu arada Estoniyanın baş naziri Kaya Kallas da avropalı həmkarlarını Putinin qarşısınında hər hansı zəiflıik nümayiş etdirməkdən çəkinməyə çağırıb.

"Ukrayna üçün pis şərtlərlə bağlanmış sülh - bizim hamımız üçün pis sülh olacaq. Təcavüzkara bu xırda görünən güzəştlər böyük müharibələrə aparıb çıxarır”.

Putin Dragiyə deyib ki...

Bundan daha əvvəl Putin demişdi ki, Rusiya dünya ərzaq qıtlığının aradan qaldırılmasına nəzərəçarpacaq kömək edə bilər, amma bunun müqabilində Moskva üzərindəki bütün sanksiyalar qaldırılmalıdır.

Reuters agentliyi mayın 26-da yazıb ki, Putin bu fikri İtaliyanın baş naziri Mario Dragi ilə telefon söhbəti zamanı səsləndirib.

Kremlin bildirdiyinə görə, Putin Dragiyə Rusiyanın Azov və Qara dəniz limanlarından mülki gəmilərin hərəkəti üçün humanitar dəhlizlərin açılması sahəsində gördüyü tədbirlərdən danışıb.

Putin bundan başqa Dragiyə Rusiya qazının İtaliyaya fasiləsiz nəql olunacağına dair zəmanət verib.

Avropa İttifaqı və G7 qrupunun liderləri Putini planeti ərzaq qıtlığı ilə şantaj etməkdə ittiham edirlər.

***

Luqansk vilayətinin qubernatoru Sergey Qayday Ukrayna qüvvələrinin geri çəkildiyini etiraf edib, ancaq Siverski Donets çayını ikiyə bölən yolun Rusiyanın nəzarətində olmadığını deyib.

Qayday sosial mediada dərc olunmuş müsahibəsində deyir ki, “50-cən” Rusiya əsgəri Lisiçanskı Ukraynanın nəzarətində olan Baxmuta birləşdirən yola çıxıb, “orada müəyyən qədər qala bilib”, amma sonradan “geri oturdulub”.

Qayday Ukrayna qüvvələrinin “tədricən möhkəmləndirilmiş mövqelərə çəkildiyini” deyib. O, Ukraynanın bəzi ərazilərdən çıxacağına eyham vurub, çünki “bizə döyüşü deyil, müharibəni udmaq lazımdır”.

Müstəqil olsa da, sərhədləri hələ də suallı qalan keçmiş sovet ölkələri
Gözlə

No media source currently available

0:00 0:04:40 0:00

Severodonetsk şəhərində yerli hərbi-mülki administrasiya başçısı deyib ki, son həftəyarımda şəhər “daimi atəş” altında olub, döyüşlər evlərin 90 faizinə ziyan vurub.

Ukraynanın NV radiostansiyasına danışan Oleksandr Stryuk deyib ki, şəhərdə hələ də 12 min- 13 min adamın olduğu, onların sığınacaqlarda gizləndiyi güman edilir. Müharibədən öncə şəhərin 100 min əhalisi vardı.

Almaniyanın Kansleri Olaf Şolts mayın 26-da Davosda Dünya İqtisadi Forumunda deyib ki, Rusiya müharibəni uda bilməyəcək.

Şoltsun sözlərinə görə, müharibənin üç ayı “Ukraynanı bütünlükdə tutmağın müharibənin əvvəlindən daha uzaq olduğunu göstərib”.

“Putin bu müharibəni udmamalıdır, əminəm ki, udmayacaq”, – Şolts vurğulayıb.

***

Rusiya Ukraynanın Donbas regionunda onlarla şəhəri atəşə tutur, iki əsas şəhəri mühasirəyə almağa çalışır. Minlərlə dinc sakin isə çıxılmaz vəziyyətdə qalıb.

Ukrayna ordusunun mayın 26-da yaydığı məlumata görə, Rusiya qüvvələri Donbasda Kiyevin əlində olan 40 şəhəri bombardman edir, Siverski Donets çayının hər iki sahilində yerləşən Severodonetsk və Lisiçansk şəhərlərinə doğru irəliləyir, döyüşlər Severodonetskin yaxınlığında gedir.

Rusiya qüvvələri o qədər irəliləyiblər ki...

Rusiya qüvvələri o qədər irəliləyiblər ki, minaatanlardan istifadə edə bilərlər, bunu Luqansk vilayətinin qubernatoru Sergey Qayday mayın 25-də deyib.

Bu iki şəhəri tutmaqla Luqansk vilayəti bütünlükdə Rusiyanın nəzarətinə keçə bilər. Kremlin müharibədə əsas hədəflərindən də biri budur.

Lisiçanskda isə polis kütləvi məzarlıqlarda basdırılmış cəsədləri yığır. Qaydayın sözlərinə görə, Lisiçanskın bir rayonunda kütləvi məzarlıqda 150 nəfər basdırılıb.

Mayın 26-da Rusiyanın TASS agentliyi Moskvanın dəstəklədiyi separatçılara istinadla yazıb ki, onların əlində 8 minədək ukraynalı hərbi əsir var. Amma bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Oleksey Arestoviçin dediyinə görə, Rusiya ordusu “müəyyən taktiki uğur əldə edir, bu, Lisiçansk və Severodonetsk istiqamətində əməliyyat uğuruna çevrilə bilər”.

Kissincer və “New York Times”

Zelenski isə ötən gecəki çıxışında Qərbdən kömək istəyib.

“Bizə tərəfdaşlarımızın köməyi lazımdır, Ukraynaya hər şeydən vacib silah lazımdır. Tam, istisnasız, limitsiz, qələbə çalmağa yetəcək kömək”, – deyən Zelenski Qərbdə bəzilərini Rusiyanın maraqlarına daha çox diqqət ayırmaqda suçlayıb. O, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin və “New York Times” qəzetinin adlarını vurğulayıb.

98 yaşlı Kissincer bu həftə Davosda Dünya İqtisadi Forumunda deyib ki, Rusiyanın fevralın 24-də başladığı işğaldan öncəki “status kvo”ya qayıtmaq ideal olardı. Bu isə Ukraynanın 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunmuş Krımı və şərqdə Moskvanın dəstəklədiyi separatçıların nəzarətində olan əraziləri itirməsi deməkdir.

“Görünür, cənab Kissincerin təqvimi 2022-ci ili deyil, 1938-ci ili göstərir”, – deyə Zelenski 80 il öncə Çexoslovakiyanın bir hissəsinin nasist Almaniyasına verilməsini nəzərdə tutan razılaşmanı yada salıb.

“The New York Times” isə mayın 19-da redaksiya məqaləsində yazıb ki, Ukraynanın qətiyyətli hərbi qələbəsi real olmadığından danışıqlar yoluyla sülh üçün Kiyevdən müəyyən güzəşt tələb oluna bilər.

“Yəqin, New York Times 1938-ci ildə də oxşar nəsə yazıb. Amma yadınıza salıram ki, indi 2022-ci ildir”, – Zelenski vurğulayıb.

Rusiyanın işğalı Qərbin ona sərt sanksiyaları ilə nəticələnib. Müharibə dünyada buğdanı, bitki yağını, gübrə və enerjini bahalandırıb. BMT qlobal ərzaq qıtlığını önləmək üçün Rusiya hakimiyyətini Ukrayna limanlarından buğdanın ixracına imkan verməyə çağırıb.

XS
SM
MD
LG