Rusiyada VTimes onlayn biznes media vebsaytı bağlandığını elan edib. Ədliyyə Nazirliyi ötən ay onu “xarici agent” reyestrinə salıb və sayt işinin “məhv olduğunu” deyir.
Vebsayt redaktorlarının iyunun 3-də verdiyi bəyanata görə, informasiya portalı iyunun 12-dən fəaliyyətini dayandırır, çünki “yalnız müxalif siyasi media” orqanı kimi işləmək istəmirlər, bu, əməkdaşları üçün təhlükəli vəziyyət yaradar.
Redaktorlar bildirirlər ki, “xarici agent” təsnifatı tərəfdaşlarını qorxudub, bizneslərini dağıdıb və xəbərləmə işlərini çətinləşdirib.
Tərəfdaşların tərəddüdü
Fəallar sözügedən qanunvericiliyin VTimes kimi müstəqil medianı hədəfə alması haqda xəbərdarlıq edirdilər. Onların mövqeyincə, bu qanun “məhdudlaşdırıcı” xarakterinə, “müstəqil qrupları qaraladığına” görə onlara ciddi təsir göstərəcək.
VTimes 2020-ci ildə Rusiyanın aparıcı biznes qəzeti “Vedomosti”dən çıxan jurnalistlərin yaratdığı informasiya və təhlil saytıdır. Qəzetin sahibi ötən il dəyişdi və jurnalistlər İvan Yeryominin təyin etdiyi baş redaktoru Kremlin xeyrinə senzura tətbiqində suçladılar. Yeryomin Prezident Vladimir Putinin yaxın müttəfiqidir.
“Xarici agent damğası VTimes-ın biznes modelini dağıdıb, biz isə bu orqanı biznes layihəsi kimi yaratmışıq. Reklamçılar və tərəfdaşlar ‘xarici agent’lə necə əməkdaşlıq etməyi anlamırlar və biz də onları buna görə mühakimə edə bilmərik”, – bəyanatda deyilir.
Redaktorlara görə, biznesmenlər, təhlilçilər, rəsmilər adı “xarici agentlər” reyestrinə salınmış orqanlarla əməkdaşlığa tərəddüd edirlər.
“Xarici agent” qanunu
Rusiyanın “xarici agent” qanunvericiliyi 2012-ci ildə qəbul olunub, sonradan dəfələrlə modifikasiya edilib. Qanun xaricdən yardım alan və hökumətin nəzərincə siyasi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatlarından özlərini “xarici agent” kimi təqdim etmələrini, auditə açıq olmalarını tələb edir.
Sonrakı modifikasiyalar AzadAvropa/AzadlıqRadiosu-nun Rusiya xidmətini və digər altı rusdilli xidmətini də hədəfə aldı.
2020-ci ilin sonunda edilmiş dəyişiklik isə Rusiya hökumətinə xarici jurnalistləri də hədəfə almaq, onlara qadağalar tətbiq etmək imkanı verib.
Roskomnadzor media tənzimləyicisi radionu “xarici agent” qanunuyla bağlı yüzlərlə pozuntuda ittiham edir.
3.4 milyon dollar cərimə riskilə üz-üzə qalmış radio cərimələri “dövlət səviyyəsində məcburetmə və qorxutma” adlandırıb. ABŞ Dövlət Departamenti isə cərimələri “dözülməz” hesab edib.