Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:00

'Hökumət 'tənbəlləşmişdi', düşünürdü ki, xaricdə yaşayanlar pul köçürərək...'


Yevlaxlı qadın: 'Ərim daha Rusiyadan pul göndərə bilmir'
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Yevlaxlı qadın: 'Ərim daha Rusiyadan pul göndərə bilmir'

Ötən il Azərbaycana 1 milyard 655 milyon ABŞ dolları pul baratları (Bank, maliyyə müəssisəsi və ya poçt vasitəsilə göndərilən pul) daxil olub. Bu məlumat Mərkəzi Bankın 2023-cü ilin yekunları ilə bağlı pul siyasəti icmalında yer alıb.

Sənəddə vurğulanır ki, bu, əvvəlki illə müqayisədə 54.3 faiz azdır. 2022-ci ildə bu məbləğ 3 milyard 620 milyon dollar təşkil etmişdi və köçürmələrin 82 faizi Rusiyanın payına düşmüşdü.

2023-cü ildə ölkələr üzrə pulköçürmələrin statistikası, hələlik, açıqlanmayıb.

Uzun illərdir ki, Azərbaycanın bir çox vətəndaşları əmək miqrantları kimi Rusiyaya üz tutur. Onlar orada çalışaraq Azərbaycana, öz ailələrinə pul göndərir.

"Əvvəlki illərdə hər ay 700-800 manat göndərərdi"

Sabirabad rayon sakini Elnarə Məmmədovanın (ad şərtidir) deməsinə görə, həyat yoldaşı artıq 10 ildən çoxdur ki, Moskvada restoranların birində inzibatçı kimi çalışır. O isə iki uşaqla Azərbaycanda qaldığını söyləyir: "Yoldaşım əvvəlki illərdə hər ay bizə 700-800 manat pul göndərərdi. Amma 2022-ci ilin ortalarından işi o qədər də yaxşı getmir. Bizə də ona görə indi ayda cəmi 400 manat göndərə bilir. Deyirəm, dur gəl bura, deyir ki, ora gəlib nə edəcəyəm? İş yox, güc yox".

R.Quliyev
R.Quliyev

"Rusiya və Ukraynada azərbaycanlıların vəziyyəti pisləşib"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev mövzu ilə bağlı "Turan"a bunlari deyib: "Hələ illər əvvəl Rusiya prezidenti Vladimir Putin deyirdi ki, Rusiyadan Azərbaycana rəsmi olaraq 2 milyard dollardan çox pulköçürmə olur. Qeyri-rəsmi isə bu rəqəm daha çox idi".

Deputat qeyd edib ki, dünya iqtisadiyyatının ümumi vəziyyəti, pandemiyadan sonra iqtisadiyyatın şok durumu və Rusiya ilə Ukrayna arasında müharibə Azərbaycana pul köçürmələrinə təsir göstərir: "Müharibələr olan ölkələrdə əhalinin cəmi 0.01 faizi pul qazana bilir. Ona görə də Rusiyada və Ukraynada yaşayan azərbaycanlıların sosial vəziyyəti pisləşib".

Komitə üzvü bildirib ki, Azərbaycan dövləti bunun fəsadlarını azaltmaq üçün mikro, kiçik və orta biznes üçün daha geniş imkanlar yaradır: "Məsələn, bugünlərdə cənab prezidentin fərmanı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili ilə əlaqədar sahibkarlara manatla verilmiş kreditlər üzrə faizlər subsidiyalaşdırılacaq".

2022-ci il fevral 24-də Rusiya Ukraynaya təcavüz edib. Bundan sonra Qərbin Rusiyaya qarşı sanksiyaları sərtləşib. Sanksiyalar 2014-cü ildə Rusiya Ukraynanın Krım bölgəsini ilhaq edəndən sonra başlamışdı.

N.Cəfərli
N.Cəfərli

"Elə kəndlər var idi ki, Rusiyadan gələn vəsait hesabına..."

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, Azərbaycana xaricdən pul köçürmələrinin pik dövrü 2011-2012-ci illərə düşmüşdü: "Həmin illərdə hər il ölkəyə təqribən 4 milyard dollar daxil olmuşdu. Bunun böyük əksəriyyəti Rusiyadan gəlmişdi və dinamika həmişə belə olub".

İqtisadçının sözlərinə görə, Rusiyadan göndərilən pul Azərbaycanda sosial gərginliyin azaldılmasında ciddi rol oynayıb: "Azərbaycan hökuməti "tənbəlləşmişdi", düşünürdü ki, özünün sosial öhdəliklərinin bir hissəsini xaricdə yaşayanlar pul köçürərək yerinə yetirir... Elə kəndlər var idi ki, demək olar ki, tamamilə Rusiyadan gələn vəsait hesabına sosial problemləri həll edirdi. Hətta Azərbaycanda daşınmaz əmlak bazarında, tikinti sektorunda Rusiyadan gələn pul ciddi canlanma yaradırdı".

N.Cəfərli hesab edir ki, Azərbaycana daxil olan pul baratlarının həcmi getdikcə azalacaq: "Rusiyanın yaxın gələcəkdə ciddi iqtisadi artım göstərəcəyi real görünmür".

İqtisadçının fikrincə, bu kontekstdə də Azərbaycanda sosial problemlər arta bilər: "İndi hökumət nəzərə almalıdır ki, köçürmələr azalır və iqtisadi aktivliyin artırılması ilə bağlı addımlar atılmalıdır. İlk addım kimi, heç olmasa, quru sərhədlərin açılması ilə bağlı qərar verilməlidir ki, sərhəd bölgələrində iqtisadi canlanma yaransın".

2020-ci ilin yazından Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərində məhdudiyyətlər tətbiq edilib. Hökumət bunu koronavirus pandemiyası ilə izah edib. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını desə də, hökumət quru sərhədləri açmır. Rəsmilər indi bunu, əsasən, təhlükəsizlik amili ilə izah edirlər.

XS
SM
MD
LG