Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:36

Rusiya hakerlərinin ABŞ seçiciləri barədə məlumatları ‘sızdırdığı’ deyilir


Rusiyanın haker platformalarından biri ABŞ-ın Miçiqan ştatındakı 7, 5 milyon seçicinin şəxsi məlumatlarını dərc edib.

Rusiyanın Kommersant qəzeti yazır ki, söhbət ştatın demək olar seçki hüququ olan bütün əhalisindən gedir.

Darknetdəki forumlardan birində Gorka9 adı ilə çıxış edən istifadəçinin təklif etdiyi fayllarda hər bir seçicinin adı, doğum tarixi, cinsi, ünvanı, elektron ünvanı və onun səs verdiyi məntəqənin nömrəsi var. İstifadəçi iddia edilir ki, onda olan məlumatlar bu ilin martına olan vəziyyəti əks etdirir.

Kommersant qəzetinin ekspertləri məlumatların səhihliyini təsdiq ediblər.

Qəzetin yazdığına görə Konnektikut, Arkanzas, Şimali Karolina və Florida sakinlərinin məlumtları internetə sızdırılıb.

Sızdırılan hər bir arxivin içində 6 milyon sətrin olduğu bildirilir.

Gorka9 adlı istifadəçi Nyu Yorkdakı Bruklin Cərrahiyyə Mərkəzinin 62 mindən çox pasientinin məlumatlarını satmağa çalışır.

Kommersant yazır ki, “qara internet” və ya “darknetdəki” forumların iştirakçıları öz məlumatlarını satmaq üçün ABŞ Dövlət Departamentinin mükafatlandırma sistemindən faydalanmağa çalışırlar.

“Ədalətə yardım üçün mükafat”

Dövlət Departamentinin bu proqramı “Ədalətə yardım üçün mükafat” adlanır.

ABŞ Dövlət Departamenti bu proqram üzrə ABŞ seçkilərinə müdaxiləyə dair məlumatlara görə böyük pul mükafatları ödəyir.

İstifadəçilərdən biri yazır ki, o Konnektikut seçicilərinin məlumat bazası üçün 4 min dollar mükafat alıb.

Kommersant qəzetinin ekspertləri deyirlər ki, belə sızmalardan siyasi məqsədlər üçün istifadə oluna bilər. Beləki bu informasiyalardan istifadə etməklə seçiciləri müəyyən seçimə və etirazlara yönləndirmək mümkündür.

Bu da qeyd olunur ki, hakerlər bu məlumatlara görə mükafatlarını materialları hələ internetə sızdırmazdan əvvəl ala biliblər.

Kommersant qəzetinə danışan hakerlər ABŞ seçicilərinin məlumat bazasının zəif qorunduğunu iddia edirlər.

Niyə məhz Gorka9?

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Kommersant qəzetinin müsahiblərindən biri diqqəti Gorka9 adlı rusiyalı istifadəçinin nikinə cəlb edib.

Gorki-9 Rusiya prezidenti Vladimir Putinin iqamətgahının yerləşdiyi ünvandır.

Qəzet yazır ki, məhz buna görə də Rusiya tezliklə ABŞ-da 2020-ci ilin prezident seçkisinə müdaxilədə ittiham edilə bilər.

2016-cı ilin prezident seçkisindən sonra ABŞ-ın kəşfiyyat orqanları Moskvanı namizəd Donald Trump-ın xeyrinə seçki prosesinə müdaxilədə ittiham etmişdi.

ABŞ-ın xüsusi prokuroru Robert Mueller-in təhqiqat hesabatında deyilirdi ki, ABŞ seçkisinə müdaxilə üçün Rusiya kəşfiyyatına və Sankt Peterburqda yerləşən “troll fabrikinə” bağlı hakerlərdən istifadə olunub.

Rəsmi adı İnternet Tədqiqatları Mərkəzi olan bu qurumu Rusiya prezidenti Vladimir Putinın “aşpazı” kimi tanınan Yevgeny Prigozhin-lə bağlayırlar.

Moskva ABŞ seçkisinə müdaxilə etdiyini inkar edir.

ABŞ seçkisinin nəticələrinə təsir son dərəcə çətindir

Avqustun əvvəllərində Rusiyanın Znak.com saytı yazırdı ki, rusiyalı istifadəçilər ABŞ Dövlət Departamentindən Birləşmiş Ştatların seçkilərinə xarici ölkələrin müdaxiləsi faktları üçün 10 milyon dollaradək mükafat təklif edən SMS-lər alıblar.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova bu məlumatı “Amerika xüsusi xidmətlərinin hibrid hücümü” adlandırmışdı.

ABŞ-ın Newsweek məcmuəsi yazır ki, ABŞ Ədliyyə Nazirliyi məlumat müqabilində müxtəlif ölkələrdəki fərdlərə mükafat təklifli SMS-lər göndərdiyini təsdiq edib.

ABŞ Dövlət Departamenti Reuters agentliyinə belə bir təklifin tam legitim olduğunu bildirib.

Birləşmiş Ştatlar Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru William Evanina iyul ayında demişdi ki, noyabr seçkilərinə müdaxilə böyük bir ehtimalla gözləniləndir.

Lakin o əlavə etmişdi ki, ABŞ ştatlarının seçki infrastrukturundakı şaxəlilik və müxtəliflilik, habelə seçkisonrası audit müdaxilələrin seçki nəticələrinə nəzərə çarpmayan təsirini demək olar mümkünsüz edir.

XS
SM
MD
LG