Sərnişinlərinin arasında müxalif Nexta Telegram-kanalının yaradıcısı Raman Prataseviç olan təyyarəni təcili qaydada Minsk hava limanına endirən aviasiya dispetçeri Oleq Qaleqovun Belarusdan qaçdığı xəbər verilir.
AzadlıqRadiosunun Rus xidməti media xəbərlərinə istinadən yazır ki, Qaleqov Belarusu gizli şəkildə ailəsi ilə birlikdə hələ iyulun əvvəllərində tərk edib.
Belaeronaviqasiya birliyinin əməkdaşları Naşa Niva saytının jurnalistlərinə Qaleqovun qəflətən yoxa çıxdığını təsdiqləyiblər.
Onun telefonunu söndürdüyü və bütün sosial media hesablarını bağladığı deyilir.
Aviasiya dispetçerlərinə rəhbərlik edən Belaeronaviqasiya idarəsindən bunu da bildiriblər ki, Qaleqov iyun ayında məzuniyyətə çıxıb və işdən gedəcəyi barədə heç nə deməyib.
Qaleqovun həmkarlarından biri Naşa Niva saytına deyib:
“Müdiriyyət bu barədə bizə heç nə demir. Mən düşünürəm ki, o ehtiyatlanaraq işdən gedib. O əla mütəxəssisdir, hansı ölkəyə getsə iş tapacaq. Ryanair təyyarəsi ilə lentə alınmış danışıqlarda onun səsidir”.
Aviadispetçer yalanı
Bu il mayın 23-də İrlandiyanın Ryanair aviasiya şirkətinin Afinadan Vilnüsə uçan sərnişin təyyarəsi məcburi qaydada Minsk hava limanına endirilib.
Minsk aviadispetçerləri təyyarə heyətinə göyərtədə bomba olduğuna dair informasiya daxil olduğunu demişdilər. Sonradan bu məlumat yalan çıxıb.
Ryanair şirkətinin rəhbəri Maykl О’Lirinin sözlərinə görə Minskdən pilotlara radioəlaqə vasitəsilə deyiblər ki, təyyarə Litvanın hava məkanına daxil olduğu təqdirdə “ciddi partlayış” təhlükəsi olacaq.
О’Liri bunu da deyib ki, Belarus aviadispetçerləri yalan məlumatlarla təyyarənin başqa Baltik ölkəsində və ya Polşada enməsinə mane olublar.
Ryanair rəhbəri bunu da deyib ki, pilotlar dəfələrlə dispetçerlərdən onları aviaşirkətlə birləşdirməyi xahiş ediblər. Lakin dispetçerlər guya şirkətdə telefonu heç kimin qaldırmadığı barədə yalan məlumat veriblər.
Beləliklə, təyyarə qırıcıların müşayiəti ilə məcburən Minskə endirilib.
Əsl məqsəd
Sonradan məlum olub ki, təyyarə Belarus hakimiyyət orqanlarının göstərişi ilə sərnişinlərin arasında olan anti-Lukaşenka bloger Raman Prataseviçin həbsi məqsədilə Minskə endirilib.
Prataseviç və onunla birlikdə olan sevgilisi, Rusiya vətəndaşı Sofya Sapeqa dərhal həbs ediliblər.
Onlara qarşı Minskdə kütləvi iğtişaşlar törətmək və hakimiyyət nümayəndələrinə qarşı nifrəti qızışdırmaq ittihamları irəli sürülüb.
Bundan bir qədər sonra Belarusun İstintaq Komitəsi saxlananların etiraf ifadələri verdiyini bildirib.
Prataseviç Belarus dövlət telekanalının ekranından təqsirli olduğunu bildirib və müxalifətçi yoldaşlarını tənqid edib. O deyib ki, Lukaşenkaya hörməti var.
Lakin Pratseviçin valideynləri bütün bunların təzyiq və işgəncə altında baş verdiyini deyirlər. Onlar jurnalistin indiki halda verdiyi bəyanatlara inanmamağa çağırırlar.