Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:01

Ədliyyə Nazirliyi Saakaşviliyə görə cərimə olunub


Mixeil Saakaşvili məhkəmədə
Mixeil Saakaşvili məhkəmədə

Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidməti keçmiş prezidentin tibb  məntəqəsində yediyini görüntüləyən videoları yaydıqlarına görə cərimə ediliblər

Gürcüstanda Dövlət Müfəttişliyi Xidməti ölkənin Ədliyyə Nazirliyini və Xüsusi Penitensiar Xidməti keçmiş prezident Mixeil Saakaşvilinin tibb məntəqəsində yediyini və onun həbsxana xəstəxanasına köçürülərkən müqavimət göstərməsini görüntüləyən videoları yaydıqlarına görə 2500 lari (810 dollar) cərimə edib.

AzadlıqRadiosunun Gürcü xidməti yazır ki, bu dövlət idarələri şəxsi məlumatların müdafiəsinə dair qanunun 44-cü maddəsinə əsasən inzibati qaydada cəzalandırılıb.

Söhbət Saakaşvilinin həbsxana mağazasında aldığı ərzaqlar, onun yemək rasionu barədə məlumatların, tibb məntəqəsində qida əlavələri qəbul etdiyini göstərən foto və videoların, Mixeil Saakaşvilinin 12 saylı penitensiar müəssisədən çıxmasını və 18 saylı penitensiar müəssisəyə köçürülməsini əks etdirən videoyazıların ictimailəşdirilməsindən gedir.

Mixeil Saalaşvili oktyabrın 1-də Rustavidəki koloniyaya göndərilib və elə həmin gündən aclıq aksiyası keçirdiyini bildirib.

O noyabrın 8-də həbsxana xəstəxanasına köçürülüb.

Aclıq aksiyasının xronikası

Exo Kavkaza saytının yazdığına görə keçmiş prezidentin aclıq aksiyası vaxtı hakimiyyət onun aclığa əməl etmədiyini iddia edirdi.

Penitensiar xidmət bunun sübutu kimi Mixeil Saakaşvilinin tibb məntəqəsində kiçik tənəkələrdən yediyini göstərən kadrları yaymışdı.

Həkimləri və vəkilləri bundan əvvəl bildirmişdilər ki, Saakaşvili quru aclıq keçirmir, maye və dərmanlarını qəbul edir.

Noyabrın 18-də keçmiş prezident vəkili ilə görüşərkən huşunu itirəndən sonra xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

Mixeil Saakaşvili noyabrın sonlarında “7 noyabr işi” deyilən işlə bağlı keçirilən məhkəmə iclasında iştirak edib.

O və bir neçə keçmiş məmur bu iş üzrə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Söhbət 2007-ci ildə aksiyanın dağıdılmasından və İmedi teleşirkətinin zəbt olunmasından gedir.

Prokurorluq habelə Saakaşvilini hakimiyyətdə olarkən büdcə vəsaitlərini xüsusilə böyük məbləğlərdə israf etməkdə günahlandırır.

Saakaşvilinin özü bütün ittihamları rədd edir və bildirir ki, ona qarşı cinayət təqibi siyasi mahiyyət daşıyır.

XS
SM
MD
LG