Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:27

Azərbaycanda saatlıq minimum maaşın tətbiqi problemləri çözə bilərmi?


Illwstrativ foto
Illwstrativ foto

Hazırda Azərbaycanda minimum əməkhaqqı ayda 345 manatdır. Ancaq aylıq minimum maaş sistemi saatlıq minimum maaşla əvəzlənə bilər. Dünya Bankının “Business Ready” hesabatının 2024-cü il üzrə “Yol Xəritəsi”ndə belə deyilir.

Orada “işçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmə və kommunikasiyaya dair qeyd diqqət çəkir. Bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəzlənməsi barədə təkliflərini hazırlamalıdır. Deməli, “Yol Xəritəsi”ndə ölkədə minimum əməkhaqqı sisteminin dəyişdirilməsi deyil, dəyişikliklə bağlı təkliflərin hazırlanması və müzakirəyə çıxarılması əksini tapıb.

Niyə yeni mexanizmə ehtiyac var?

Yayımlanan “Yol Xəritəsi”ndə saatlıq minimum əməkhaqqı sisteminə dair təkliflərin hazırlanması qeyd edilsə də, bu dəyişikliyə hansı zərurətin yol açdığından bəhs edilmir. Ancaq o da var ki, Dövlət Statistika Komitəsinin (DSK-nın) əmək bazarı ilə bağlı sonuncu (2022-ci il) hesabatından bilinirdi ki, Azərbaycanda minimum əməkhaqqından az maaş alanların sayı kəskin artıb.

2022-ci ildə Azərbaycanda minimum əməkhaqqı 300 manat idi. DSK-nın hesabatından bəlli olur ki, ötən il ölkədə maaşla çalışan işçilərin 10.7 faizinin - təxminən 170 min nəfərin maaşı bu məbləğdən az olub.

Müqayisə üçün: 2021-ci ildə ildə Azərbaycanda minimum əməkhaqqından az maaş alanların bütün işçilərə nisbəti 2.5 faiz idi. Həmin vaxt ölkədə minimum maaş 250 manat olub. Bu baxımdan, məlum olub ki, hökumət 2022-ci ildə minimum əmək haqqını artırsa da, heç də bütün müəssisələr bu artımı gerçəkləşdirməyib. Bu üzdən, minimum əməkhaqqından az maaş alanların sayı çoxalıb.

Əmək məcəlləsinə görə, işəgötürənlərin qanunla müəyyənləşdirilən minimum maaş məbləğindən az əməkhaqqı verməsi qanunsuzdur. İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır və bu, inzibati məsuliyyət doğurur.

İnzibati Xətalar Məcəlləsinə görə, minimum əməkhaqqı tələbinə riayət edilməsə, işəgötürən 1000 manatdan 1500 manatadək cərimə ödəməlidir. Bu baxımdan, ehtimal etmək olar ki, şirkətlər minimum maaşdakı artımdan yayınmaq və sosial ödənişləri azaltmaq üçün işçi ilə əmək müqaviləsi bağlayarkən, natamam iş vaxtı seçməklə minimum əməkhaqqı tələbindən yan keçməyə çalışır. Bu isə qanunvericilikdəki boşluqların və monitorinqin düzgün aparılmamasının göstəricisi sayıla bilər.

Bu baxımdan, hökumət minimum əməkhaqqı sistemi ilə bağlı aylıq mexanizmi saatlıq mexanizmlə dəyişərsə, minimum əməkhaqqından yayınmaq hallarının önü kəsilər. Məsələnin gündəmə gəlmə ehtimallarından biri, bəlkə də birincisi bu ola bilər.

Yeni dəyişiklik problemi çözməyə yetərlidirmi?

Azərbaycanda işəgötürənlərin minimum vergilərdən yayınması halları geniş yayılıb. Bəzi hallarda sahibkarlar işçilərə əmək haqlarının kiçik bir hissəsini rəsmi əməkhaqqı şəklində, qalanını da nağd şəkildə verir. Minimum əməkhaqqından daha az maaş verilməsi hallarına da rast gəlinir.

Bu baxımdan, ölkədə minimum hədlərə əməl edilməməsinin əsas səbəblərindən biri sahibkarların vergi sistemini bəyənməməsidir. Bu hal davam etdikcə, mexanizm dəyişikliyinin əsaslı keyfiyyət dəyişikliyi doğurması ehtimalı aşağıdır. Belə problemin aradan qaldırılması üçün ölkədə biznesə təsir göstərən qərarların qəbulunda iştirakçılıq artırılmalı, biznes mühitində rəqabət imkanları genişləndirilməlidir.

Bu bir gerçəkdir ki, Azərbaycanda minimum maaşın müəyyənləşdirilməsində də iştirakçılıq təmin edilmir. Müxtəlif ölkələrin təcrübəsində minimum əməkhaqqı təyin edilərkən, komissiyalar yaradılır və onun tərkibinə həm hökumətin, həm sahibkarlar ittifaqlarının, həm də həmkarlar birliyinin təmsilçiləri daxil edilir. Bir qrup ölkələrdə isə minimum əməkhaqqı parlament müzakirələri nəticəsində müəyyənləşdirilir. Ancaq Azərbaycanda bu məbləğ yalnız prezidentin qərarı ilə təsdiqlənir.

Nyu-Yorkdakı azərbaycanlı sahibkar: 'Dövlət şərait yaradır ki, biznes inkişaf etsin'
Gözlə

No media source currently available

0:00 0:11:18 0:00

Saatlıq, yoxsa ləyaqətli minimum maaş?

Azərbaycanda minimum əməkhaqqı sisteminin səmərə yetərsizliyinin əsas səbəblərindən biri onun aylıq olaraq müəyyənləşdirilməsi ilə deyil, minimum əməkhaqqının məbləği ilə bağlıdır. Müvafiq qanuna görə, minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyənləşdirən sosial normativdir.

Minimum əməkhaqqının effektiv sosial siyasət aləti kimi çıxış edə bilməsinin başlıca şərtlərindən biri bu məbləğin əhalinin gerçək minimum ehtiyaclarına yetməsidir.

2012-ci ildə qəbul edilən və 2020-ci ilədək hökümətin sosial-iqtisadi hədəflərinin əks olunduğu “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası” adlı sənəddə bildirilirdi ki, hökumətin 2020-ci ildəki hədəflərindən biri Azərbaycanda minimum maaşı orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaqdır. Ancaq rəsmi rəqəmlər göstərir ki, hökümət nəinki 2020-ci ildə, heç indi də bu hədəfini gerçəkləşdirə bilməyib.

Hazırda ölkədə orta aylıq əməkhaqqı 947 manat, minimum əməkhaqqı isə 345 manatdır. Başqa sözlərlə, ölkədə minimum maaş orta aylıq maaşın 36 faizidir. Əgər hökumət minimum əməkhaqqını orta aylıq əmək haqqının 60 faizinə çatdırılması ilə bağlı vədini yerinə yetirə bilsəydi, indi ölkədə minimum əməkhaqqı 568 manat olardı (indikindən 223 manat çox). Bu baxımdan, Azərbaycanda minimum əməkhaqqı mexanizminin effektiv olması üçün ilk növbədə onun saatlı deyil, ləyaqətli olmasına ehtiyac var.

Azərbaycanda 1 milyon 700 min nəfər muzdlu işçi var

Minimum əməkhaqqı mexanizminin işləkliyi baxımından daha bir vacib amil bu mexanizmin nə qədər şəxsi əhatə etməsi ilə bağlıdır. Hazırda Azərbaycanda iqtisadi fəal əhalinin sayı təxminən 5.3 milyon nəfərə yaxındır. Minimum əməkhaqqı alanların sayı isə təxminən 600 min nəfərdir. Deməli, minimum maaşın artımı iqtisadi fəal əhalinin cəmi 11 faizinin gəlirinə təsir göstərə bilir.

Bu göstəricinin aşağı olmasının əsas səbəbi Azərbaycanda muzdlu (əmək müqaviləsi və aylıq maaşla çalışan) işçilərin say azlığı ilə bağlıdır. İndi Azərbaycanda 1 milyon 700 min nəfər muzdlu işçi var. Başqa sözlə, rəsmi əmək müqaviləsi ilə çalışanlar iqtisadi fəal əhalinin cəmi üçdə biri qədərdir. Halbuki, inkişaf etmiş ölkələrdə bu göstərici 80 faizdən, region ölkələrinin bir çoxunda isə 60 faizdən yüksəkdir.

Azərbaycanda muzdlu işçilərin say azlığının əsas iki səbəbi var. Bunlardan birincisi iş yeri sayının yetərsizliyi, ikincisi isə əmək müqaviləsi olmadan çalışanların say çoxluğu. Bu üzdən, ölkədə minimum əməkhaqqı mexanizminin effektivliyinin artması üçün yeni iş yerlərinin sayı artırılmalı və qeyri-rəsmi əmək münasibətləri aradan qaldırılmalıdır. Bütün sadalanan problemlər aradan qalxmadan minimum əməkhaqqı mexanizminin aylıq və ya saatlıq formada hesablanması digər problemlərin həllinə təsir göstərməyəcək.

XS
SM
MD
LG