-
İyunun 20-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan dövlət başçıları ilə görüşü olacaq.
Turan xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"İyunun 20-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin məlum Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı üçtərəfli görüşü planlaşdırılır", deyə o, iyunun 14-də jurnalistlərə bildirib.
Y.Uşakovun sözlərinə görə, əvvəlcə Putin Sarkisyan və Əliyevlə ayrı-ayrı görüşlər keçirəcək. Daha sonra üç prezident birgə danışıqlar aparacaqlar.
"Təbii ki, bizim tərəfimizdən münaqişənin həllində tərəflərə yardım etməyə fəal cəhd göstəriləcək ", deyə Rusiya prezidentinin köməkçisi qeyd edib.
O bildirib ki, Rusiya aprelin əvvəllərində Dağlıq Qarabağda baş verən döyüş əməliyyatlarının dayandırılmasında həlledici rol oynayıb.
Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də Moskvada yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, bir-birini atəşkəsi pozmaqda ittiham etməkdə davam edib.
Mayın 16-da isə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü keçirilib. Görüşdən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi bəyanatda qeyd edilib ki, prezidentlər münaqişənin sülh yolu ilə həllinə sadiq qaldıqlarını bildiriblər. Həmin görüşdə həmçinin tərəflərin iyunda yenidən bir araya gəlməyə razılaşdıqları qeyd edilirdi.
Buna da bax: Vyanada Qarabağ danışıqları
____________________________________________________________
Bunlara da bax:
Rusiya şərti olaraq çempionatdan xaric edildi
Müraciətə baxmayanlara cərimə
____________________________________________________________