Rusiyada Ukraynaya müdaxilənin birinci ildönümü ərəfəsində “Sarmat” qitələrarası ballistik raketinin sınağı uğursuz olub.
Xəbər verilir ki, raketin atış sınağı ABŞ prezidenti Co Baydenin Kiyevə səfəri ilə eyni vaxtda, hətta eyni saatlarda keçirilib.
Bu barədə məlumatı iki ABŞ rəsmisinə istinadla CNN telekanalı verib.
Bu da xəbər verilir ki, Rusiya bu sınaq barədə Amerika tərəfini əvvəlcədən məlumatlandırmışdı, amma daha sonra sınağın uğurla keçdiyinə dair məlumat verilməyib.
Putinin tərifli raketi
Rusiya prezidenti Vladimir Putin fevralın 21-də Federasiya Şurasında etdiyi çıxışda Rusiyanın əsasını elə Sarmat raketləri təşkil edəcək strateji qüvvələrinə xüsusi diqqət ayırmışdı.
Sarmat raketləri Rusiya strateji qüvvələrində sovet dövründə Ukraynanın Dnepropetrovsk şəhərində istehsal edilmiş Voyevoda raketlərini əvəz etməlidir.
Belə ehtimal edilir ki, şaxtalarda yerləşdirilən ağır Sarmat raketləri 10-dək nüvə başlığı daşımağa qadirdir.
Bu raketin üzərində iş 2011-ci ildən davam edir. Raket 2021-ci ildə Krasnoyarsk diyarındakı Ujur şəhərində mənzillənən qırmızı bayraqlı raket diviziyasının istifadəsinə verilməli idi.
Sarmat raketinin indiyədək hələlik yeganə uğurlu sınaq atışı 2022-ci ilin aprelində Plesetsk kosmodromunda keçirilib.
Noyabr ayında raketi hazırlayan Makeyeva zavodunun rəhbəri Vladimir Deqtyar demişdi ki, onun seriyalı istehsalına başlanıb.