“Qanuna dəyişikliklər Azərbaycanda internetə və internet medianın inkişafına müəyyən əngəllər yarada bilər”, - Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz belə deyir.
O, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklərdən narahatlığını dilə gətirib.
“8 saat azdır... Amerikada gecədirsə”
Osman Gündüz parlament müzakirələrindən bir gün öncə - martın 9-da bu dəyişikliklərə münasibətini Facebook səhifəsində açıqlayıb, AzadlıqRadiosu-na müsahibəsindəsə narazı qaldığı məqamları sadalayır: “Əvvəla, yeni dəyişikliyə görə, xəbərdarlıq edilən sayta deyilən problemi aradan qaldırmaq üçün ayrılan müddət çox azdır və bu müddətdə onu icra etmək mümkün deyil”, - deyir.
Buna da bax: Siyavuş Novruzovdan Facebook-la bağlı təklif
Dəyişikliyə görə “qadağan edilən bilgilərin yayılmasının önlənməsi məqsədilə” icra hakimiyyəti orqanı - Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sayta girişi qapada biləcək. Nazirlik yasaqlanan bilgilərin sayt üzərindən yayıldığını müəyyənləşdirərsə, bu barədə informasiya ehtiyatının sahibinə və provayderə yazılı xəbərdarlıq edəcək. Xəbərdarlıq edilən vaxtdan 8 saat ərzində bilgilər internet saytından götürülməsə, icra hakimiyyəti orqanı məhkəməyə üz tutacaq.
Osman Gündüz verilən möhlətin az olduğunu düşünür: “Elementar bir şeyi deyim, 8 saat vaxt verilir. Texnologiya bu qədər inkişaf etsə də, bəzən, bu müddətdə həmin problemi aradan qaldırmaq mümkün olmayacaq. Tutalım, hansısa sayt Amerikadan idarə olunur, orda da indi gecədir. Mənim saytımda problem olduğundan, kiminləsə əlaqə saxlamalıyam, amma sayta girib nəyisə silə bilmirəm, giriş bağlıdır, üstəlik, gecə vaxtıdır, Amerikayla əlaqə yaratmaq mümkün deyil”.
Buna da bax: Saytların da 'qara siyahısı' olacaq
“5 gün gözləməlisən ki, məhkəmə işinə baxsın”
Mütəxəssis məhkəmə baxışına ayrılan vaxtınsa, əksinə, çox olduğunu bildirir:
“Məhkəmə bu işlərə 5 gün içində baxmalıdır. Fikrimcə, yetərincə uzun müddətdir. Məhkəmənin qərarı olmadan sayt bağlanıb, amma mən buna baxılması üçün 5 gün gözləməliyəm. Azərbaycanda ciddi internet resurslar var, məsələn, “APA”, “Qafqazinfo”, AzadlıqRadiosu və s. Bunlar ciddi qurumlardır və ciddi xəbərləri yayırlar. İndi 5 gün gözləməlidirlər ki, məhkəmə bunların işinə baxacaq?!. Bu, düzgün deyil. Həmin müddət qısaldılmalıdır”.
“Səbəblər konkretləşdirilməlidir”
Osman Gündüzün fikrincə, məhkəmə qərarı olmadan hansısa icra qurumunun internet resurslarını bağlamasına dair müddəa tam yenidən işlənməlidir. İnternet resursun bağlanması səbəbləri dəqiqləşdirilməli və konkretləşdirilməlidir:
“Konkret deyilməlidir ki, filan məsələyə görə bu sayt məhkəmə qərarı olmadan bağlana bilər. Yeni dəyişikliklərdə elə müddəalar var ki, peşəkarlığı, demokratik düşüncəsi yetərli olmayan bir şəxsin, qurumun əlinə keçsə, sayta nə istəsə edə bilər. Avropada bundan qorxmağa dəyməzdi bəlkə də, amma bizdə problem yarana bilər. Ona görə mexanizm dəqiq işlənməlidir”.
Buna da bax: Azərbaycandakı sülalə hakimiyyəti Avropadan ötrü pis əlamətdir. Niyə?
Dəyişikliyə görə, qadağan olunmuş bilgilərə terrorçuluğun, zorakılığın, dini ekstremizmin, milli, irqi, dini nifrət və düşmənçiliyin təbliği, hakimiyyətin zorla ələ keçirilməsinə, kütləvi iğtişaşların təşkilinə yönələn açıq çağırışlar, intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, təhqir və böhtan xarakteri daşıyan, əqli mülkiyyət hüquqlarını pozan və başqa məlumatlar da aiddir.
“Və nəhayət, domen məsələsi”
Dəyişikliyə görə, internet saytından ötrü həm “az”, həm də digər domen zonalarından ad seçilə bilər. Adların qeydiyyatını milli inzibatçı və qeydiyyatçılar gerçəkləşdirəcək.
Milli inzibatçı həm də qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparacaq, reyestr məlumatlarından istifadəni sorğu əsasında təmin edəcək.
Buna da bax: VirtualRoad: Hakerlər Azərbaycan hökuməti ilə bağlıdırlar
Osman Gündüz bu addımı bəyənir və düşünür ki, “az” domeninin tənzimlənməsində problemlər var: “Problem də odur ki, bu bir qurumun – nazirliyin inhisarındadır. Burda şəffaflıq, kollegiallıq, normal qaydalar yoxdur. O səbəbdən milli domenlərin qeydiyyatı beynəlxalq qaydalara uyğun olmayan bir vəziyyətdədir”.
Osman Gündüzün sözlərinə görə, zamanında bu sahədə qaydalar yaradılmasına cəhdlər edilsə də, baş tutmayıb. O, indiki dəyişiklikdən sonra bu sahədə qayda- qanun yaranacağına ümid bəsləyir.
“Məqsəd... özünüsenzuranı bir az da gücləndirməkdir”
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qanuna yeni dəyişikliklərin “psixoloji basqı yaratmaq, özünüsenzuranı bir az da gücləndirmək məqsədi” güddüyünü düşünür və bu addımı “mediaya nəzarətin sərtləşdirilməsi” kimi dəyərləndirir:
“Açığı, düşünürdüm ki, bunlar bu cür sərtləşmənin, məhdudiyyətlərin xeyri olmayacağını anlayacaqlar. Amma görünən odur ki, bu sahədə islahat aparmaq niyyətləri yoxdur, medianı, interneti nəzarətdə saxlamağa çalışırlar. Son illərin təcrübəsi göstərir ki, internet üzərində nəzarət qurmaq mümkün deyil”.
Buna da bax: Parlament pensiya yaşını da, iş stajını da artırdı
Mehman Əliyevin sözlərinə görə, hakimiyyət qanuna dəyişiklik etməkdənsə, internet saytlardan jurnalistlərin peşə kodeksinə əməl etmələrini istəməliydi: “Bizdə saytlar ona əməl etmirlər. Əslində, bu saytların çoxunu da - rəsmi və ya qeyri-rəsmi - hakimiyyət yaradıb, maliyyələşdirir və kütləvi şəkildə peşə kodeksini pozur. Belə saytlara irad tutulmur. Məqsəd də aydındır - azad, müstəqil internet resurslarını nəzarətə götürmək”.
“Facebook-a şəxsiyyət vəsiqəsi ilə girmək”
“İnformasiya, informasiyalaşma, informasiyanın mühafizəsi haqda” qanunun müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib: “Ölkəmizdə internet tam azaddır. İstənilən adam istədiyini təhqir edir və başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikri yazır. Burada internet portalının sahibi məsuliyyətə cəlb olunmalıdır, ya da şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməlidir”.
Buna da bax: Sahinovic: 'Qızımın həyatı Azərbaycanda darmadağın oldu'
Onun çıxışına Osman Gündüzün reaksiyası belədir: “Cəmiyyətin bütün sahələrinin sosial mediaya inteqrasiya etdiyi bir zamanda bu cür yanaşmalar təəssüf doğurur”. O, təhlükəsizlik məqsədilə özünün milli sosial şəbəkəsinin yaradılmasına üstünlük verən, hətta internet resurs hazırlamaqla bağlı polisdə qeydiyyatdan keçməyi tələb edən ölkələrin olduğunu eşitsə də, “belə təşəbbüs”ə ilk dəfə rast gəldiyini deyir:
“Heç arzulamazdım ki, ölkəmizin indiki inkişaf səviyyəsində bu tip suallar səslənsin. Arzulayıram və ümid edirəm ki, Siyavuş bəyin növbəti çıxışından sonra münasibət bildirmək üçün jurnalistlər mənə “5G-yə icazə ilk olaraq kimə veriləcək?”, “Adambaşına düşən internet sürəti nə zaman 1 Gb/san olacaq?”, “Dronlardan ölkəmizdə istifadəyə nə zaman icazə veriləcək?”, “ÜDM-də İKT-nin xüsusi çəkisi nə zaman 10 faiz olacaq?” , "PayPal niyə Azərbaycana yetərincə diqqət göstərmir?" və s. bu kimi suallar da ünvanlayacaqlar”.