Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 01:05

Senatorlar işə qayıdıblar, amma maska taxmalı olacaqlar


ABŞ Konqresi
ABŞ Konqresi

Mart ayından koronavirus epidemiyasına görə tətildə olan ABŞ senatorları mayın 4-də Kapitoliyə qayıdıblar.

100 senatordan təxminən yarısının yaşı 65-dən yuxarıdır və onların, habelə köməkçilərinin COVID-19-a yoluxa biləcəklərindən narahatlıq vardı.

Senatorların iş başına qayıtmasına baxmayaraq paytaxt Vaşinqtonda epidemioloji vəziyyət gərgin olaraq qalır.

Bu səbəbdən Senatın təkrar açılması məsələsində partiyalararası fikir ayrılığı vardı.

Senatda respublikaçı çoxluğun başçısı Mitch McConnell millət vəkillərinin Kapitoliyə qayıtması qərarını müdafiə edib və deyib ki, tibb işçilərinin, ərzaq mağazaları satıcılarının və başqa amerikalıların işlədiyi bir vaxtda “onların senatorları” kənarda qala bilməzdilər.

Buna baxmayaraq senatorlar müəyyən məhdudiyyətlərə əməl etməli olacaqlar. Onlar ağız maskalarından istifadə etməli, 2 metrlik fiziki məsafə saxlamalı və ictimai təmasları və səfərlərini minimuma endirməlidirlər.

Bundan başqa senatorlara işə mümkün qədər az köməkçi heyətin çağırılması tövsiyə edilib.

Senatorlar arasında böyük fikir ayrılığı var

Hazırda Senatın gündəliyində olan ən mühüm məsələ prezident Donald Trump-ın hökumət və ədliyyə postlarına nominasiyalarının müzakirəsidir.

Senat demokrat azlığının rəhbəri Chuck Schumer deyib ki, McConnell-in Senatı respublikaçıların siyasi maraqlarına görə toplaması qeyri-etik hərəkətdir:

"Bizim böhran buludları altında işə qayıtdığımız şəraitdə respublikaçılar sağ təmayüllü hakimlərin vəzifələrə təsdiqi və ya işçilərini ciddi təhlükəyə atan bizneslərin müdafiəsi barədə yox, bizim COVID-19-dan dirçəlişimizə kömək etmək barədə düşünməlidirlər”.

Bundan başqa demokratlar və respublikaçılar koronavirus epidemiyası haqqında yeni qanunu müzakirə etməlidirlər.

İki partiya bu qanun layihəsi barədə razılığa gələ bilmir.

Demokratlar dövlətə və yerli hökumətlərə yardım məqsədilə bu qanuna 1 trilyon dollar məbləğində yardımın daxil edilməsini istəyirlər.

Respublikaçılar isə başqa qanunların qəbulu üçün şərt olaraq əvvəlcə bizneslərin məsuliyyətdən müdafiəsinə dair qanunvericilik aktının qəbulunu tələb edirlər.

Nümayəndələr Palatası tətildə qalır

Nümayəndələr Palatası tətili davam etdirmək barədə qərar qəbul edib, lakin bu müddətdə Konqres komitələri qanunların yazılması ilə məşğul olmalıdır.

Konqresmelər bildirirlər ki, Senatdan fərqli olaraq 435 üzvü olan Nümayəndələr Palatasında millət vəkilləri arasında fiziki məsafənin saxlanması və başqa sanitariya tədbirlərinin icrası mürəkkəb məsələdir.

Nümayəndələr Palatasında çoxluğa malik demokratlar Konqresin tarixində ilk dəfə olaraq təmsilçilər vasitəsilə səsvermə və sessiyaların videobağlantı ilə keçirilməsini təklif edirlər.

Nümayəndələr Palatasında respublikaçı azlığın rəhbəri Kevin McCarthy təmsilçilər vasitəsilə səsverməyə qarşı çıxıb.

O deyib ki, bu halda hakerlər və ya millət vəkilləri saxtakarlığa yol verə bilərlər.

XS
SM
MD
LG