►3 nəfər - “Şərurlu İsfəndiyar”ın qardaşı oğlu, keçmiş icra başçısı və general faizə 3 milyon 600 min dollar pul veriblər, geri ala bilmirlər
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və dələduzluqda təqsirləndirilən iş adamı, 31 yaşlı Araz Eyvazovun məhkəməsi davam edir.
İclasa hakim Azad Məcidov sədrlik edir.
3 MİLYON 600 MİN MANAT BORC
İttiham aktında qeyd olunur ki, Araz Eyvazov 4 nəfərdən, ümumilikdə, 3 milyon 600 min manat məbləğində faizə pul götürüb.
Borc verənlər “Şərur” tikinti şirkətinin rəhbəri, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov, Şərurun keçmiş icra başçısı Rəfael Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev və MTN işçisi kimi təqdim olunan Emin adlı şəxsdir.
Araz Eyvazovun götürdüyü pulun 2 milyon 770 min manatı Eldəniz Axundova məxsus olub. Pullar ortada hər hansı sənəd olmadan verilib. Bu pulların faizlərini ödəyib. Faizlər gecikdiriləndə, arada borc müqaviləsi bağlanıb. Ancaq nədənsə, istintaq orqanı borc müqaviləsi olduğu yerdə cinayət işi başlayıb və Eyvazovu dələduzluqda ittiham edib.
Araz Eyvazov restoran biznesi ilə məşğul olub. Həbsindən az əvvəl pulları sahiblərinə qaytara bilmədiyinə görə həmin şəxslər tərəfindən döyülməsi və ölümlə hədələnməsi barədə şikayət edib.
Araz Eyvazov restoran biznesi ilə məşğul olub. Həbsindən az əvvəl pulları sahiblərinə qaytara bilmədiyinə görə həmin şəxslər tərəfindən döyülməsi və ölümlə hədələnməsi barədə şikayət edib.
Xətai rayon Prokurorluğunda şikayət əsasında hədə-qorxu, şantajla tələb etmə maddəsi ilə cinayət işi başlanıb. Hər üçündən Araz Eyvazovu və ailəsini təhdid etməyəcəkləri barədə iltizam alınıb.
Bundan sonra həmin şəxslər özləri Araz Eyvazov barədə şikayət ediblər. Ortada borc müqaviləsi olduğu halda, prokurorluq şikayət ərizəsini məhkəməyə yönləndirməyib və Araz Eyvazov barəsində dələduzluq maddəsi ilə cinayət işi başlayıb. Ancaq istintaq orqanı təkcə bu fakt üzrə təhqiqat aparmayıb, həm də Araz Eyvazovun biznes fəaliyyətini araşdırıb və işə mənimsəmə maddəsi də əlavə edib.
Buna da bax: Yüzlərlə namizəd seçkidən niyə geri çəkildi?
"2 MİLYONA YAXIN PUL ALMIŞDI"
İki aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi iş adamını mühakimə edir.
Zərərçəkmişlər dindirilib, hazırda isə şahidlərin dindirilməsi davam edir. İndiyədək dindirilən şahidlər arasında maraqlı ifadələrdən biri Avropa İqtisadiyyat Məhkəməsinin hakimi, Azərbaycanda hüquqşünas kimi xidmət göstərən Rasim Orucovun ifadəsi olub.
O, Eldəniz Axundovun Araz Eyvazova pul verdiyini təsdiqləyib:
“Biz bilirdik ki, Araz bizneslə məşğul olur, xaricdən ölkəyə mal gətirir. Bizi Eldəniz müəllim tanış etmişdi. Araz Eldənizdən 2 milyon manata yaxın pul almışdı. Pulun qaytarılmasında gecikmələr olanda Eldəniz müəllim mənə tapşırdı ki, gedib onunla danışım. Mən də Arazla öz evində görüşdüm. Evinin sənədlərini, özünün və yoldaşının şəxsiyyət vəsiqələrini verdi. Arxayın etdi ki, yaxın vaxtlarda pulu qaytaracaq. Biz də onun səmimiyyətinə inandıq. Bir müddət keçdi, Arazdan səs çıxmadı. Onda biz yenə görüşdük və Eldəniz müəllimə borcu olması barədə iltizam aldıq. Notariat kontorda borc müqaviləsi imzaladıq”.
Araz Eyvazov isə məhkəməyə bildirib ki, tərəflər arasında borc müqaviləsi olduğu halda, müstəntiq onu dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edib:
“Halbuki müstəntiq o adamların ərizəsini özlərinə qaytarıb məhkəməyə müraciət etmələrini tövsiyə etməli idi. Biz beynəlxalq konvensiyaya qoşulmuşuq və borc müqaviləsi yalnız məhkəmədə mülki qaydada mübahisələndirilə bilər”.
Buna da bax: "İlqar Məmmədovun həyatına təhlükə var"
ADINI EŞİDİB, ETİBARNAMƏ VERİB
Buradakı imzalar mənim deyil. Şirkətin möhürünün, sənədlərin harada, kimdə olmasından isə xəbərsiz olmuşam.
Oktyabrın 21-də məhkəmə “Sədərək” ticarət mərkəzinin satıcılarını, İrandan məişət malları gətirən sürücüləri və Araz Zeynalovun faktiki sahibi olduğu “Sərhəng C” MMC-nin rəsmi sahibi Əfqan Əliyevi dindirdi:
“Mənim “Sərhəng G” MMC adlı şirkətim var idi. Şampun, sabun, yuyucu toz gətirirdim. Gömrükdən malları keçirmək üçün Araz Eyvazova etibarnamə vermişdim”.
Şahid hakim Azad Məcidovun sualına cavab olaraq bildirib ki, bankda onun adına pul olmayıb və İranda hər hansı bir firma ilə müqavilə bağlanıb-bağlanmadığını bilmir:
“Firma mənim adıma olub, Bakıdakı notariusların birində etibarnamə vermişəm. Amma Arazı görməmişəm, sadəcə adını eşitmişəm”.
Hakim:
- Məhkəməyə təqdim edilən sənədlərdə sizin rəhbəri olduğunuz şirkətin adına Türkiyədən təxminən 10 milyon dollarlıq mal gətirildiyi qeyd olunub…
Şirkət rəhbəri (hakimin göstərdiyi sənədlərə baxaraq):
- Buradakı imzalar mənim deyil. Şirkətin möhürünün, sənədlərin harada, kimdə olmasından isə xəbərsiz olmuşam.
Buna da bax: “Mərkəzi Bank bankların çaldığı havanı oynayır...”
“GÖMRÜK VƏ VERGİ İŞLƏRİNİ HƏLL EDİRDİ”
Hakimlər “Sərhəng G” MMC-nin direktorundan Araz Eyvazova kimin vasitəsi və məsləhəti ilə etibarnamə verdiyini soruşublar. Şahid isə suala cavab verməkdən imtina edib. Bildirib ki, başqa heç bir şey deməyəcək:
- Bircə onu deyə bilərəm ki, gömrük və vergi işlərini Araz Eyvazov həll edirdi.
Hakim:
- Tanımadığınız, üzünü görmədiyiniz adama o boyda şirkətə görə necə etibarnamə verə bilərdiz ki?
Prokuror:
- İrandan hansı mallar gətirilirdi? Heç olmasa, onu bilirdiz? Heç olmasa, yuyucu tozlardan birinin adını deyə bilərsiz?
Sual yağışına tutulan şahid məhkəmə zalında huşunu itirib.
Məhkəmə “Raket servis” MMC-nin direktoru Rauf Quliyevi, daha sonra “Elvin C” şirkətinin direktoru və təsisçisi Afəddin Həşimovu dindirib.
İfadələrindən məlum olub ki, həmin şirkətlər onların adına rəsmiləşdirilsə də, qeyri-rəsmi sahibi Araz Eyvazov olub. Onların heç biri şirkətin fəaliyyəti ilə bağlı sualları cavablandıra bilməyiblər.
Hakim hər üç şirkətin rəsmi sahibi olan həmin şahidlər barədə qərar çıxarılıb prokurorluğa göndəriləcəyini elan edib.
Məhkəmə iclası oktyabrın 28-də davam edəcək.