Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:34

Varlıların “mühasirəsinə” düşənlər


Illüstrasiya
Illüstrasiya

►Sakinlər: Keçmiş icra başçısı hasar sahibləri ilə bacara bilmədi, məcbur qalıb bizə məktəbin həyətindən gediş-gəliş üçün istifadəni məsləhət gördü

“İmkanlılar hasarlarını genişləndirdikcə, bizim yollarımız daralmağa başladı. İndi tamamilə mühasirədə qalmışıq”.

Qazaxın Şamoy Çobanov küçəsindəki 5 saylı ünvanda yaşayan sakinlər onları mühasirəyə almış hasarlardan gileylənirlər.

Deyirlər, bu küçədə yaşayanların şəraiti onsuz da ürəkaçan deyil, kanalizasiya, su, işıq xətləri çürük və qəzalıdır, evləri daim rütubətli olur. Bir tərəfdən də iri hasarlarla əhatəyə alınmaları onları həm yolsuz, həm də günəş işığına həsrət qoyub.

“Çirkab sular zirzəmilərə dolur, imkansızlıqdan təmirsiz evlərdə yaşayırıq. Indi də yolumuzu kəsiblər”.

Həmin ünvanda yaşayan 5 ailənin adından “Qaynar Xətt”ə gəlmiş məktubda belə deyilir.

“HASAR SAHİBLƏRİ İLƏ BACARA BİLMƏDİ”

Məsələ burasındadır ki, Şamoy Cobanov küçəsinin yolu Səməd Vurğun küçəsindən ayrılıb. Vaxt ötdükcə burada yaşayan imkanlı məmurlar yolu bağlayaraq sakinlərin istifadəsi üçün dar cığır saxlayıblar. Hündür hasarlar çoxaldıqca insanların harayının da qarşısını kəsə bilib.

“Keçmiş icra başçısı hasar sahibləri ilə bacara bilmədi, axırda məcbur qalıb bizə məhəlləyə yaxın məktəbin həyətindən gediş-gəliş üçün istifadəni məsləhət gördü. Bir müddət məktəbin həyətindən istifadə etdik”.

Sakinlər yazırlar ki, bir gün məktəbin direktoru buna da qadağa qoyub:

“İndi ümumiyyətlə, yolsuz qalmışıq. Deməli, biz gözləyirik ki, direktor gəlib keçsin, məktəbin həyətindən əl ayaq yığışsın, sonra oğrun-oğrun keçib gedək, bizi görən olmasın. Yəni bunu da edə bilməsək, bu o deməkdir ki, ölənə qədər evdə dustaq qalmalıyıq”.

TƏHLÜKƏSİZLİK?

Məktəbin direktoru sakinlərin gediş-gəliş üçün məktəb ərazisindən istifadəsini qadağan etməsini məktəblilərin təhlükəsizliyi ilə əlaqələndirir.

Məhəllənin “hasarlanması” həm də buradakı təhlükəsizliyə nəzarəti zəiflədir. Sakinlər deyirlər, bir yanğın çıxsa, yanğınsöndürən maşınlar məhəlləyə yaxın düşə bilməyəcək. Biri ölümcül xəstələnsə, məhəllədən xərəklə çıxarmağa belə imkan yoxdur.

Qazax rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, sakinlər quruma müraciət ediblər. Məktəb rəhbərliyi ilə danışıq aparılıb və razılıq əldə olunub ki, məktəb ərazisindən yalnız hər hansı fövqəladə hadisə baş verərsə, istifadəyə icazə verilsin. Sakinlərin məktəbin həyətindən daimi yol kimi istifadəsi isə mümkün deyil. “Bəs sakinlər başlarına hansı çarəni qılsınlar?” sualına “Biz də bu barədə düşünürük. Yəqin ki, bir çıxış yolu tapılacaq. Əslində yolları var, ancaq darısqaldır”, cavabını aldıq.

XS
SM
MD
LG