İsveçin Sərhəd Qvardiyası həftənin əvvəlində Baltik dənizindəki Şimal axını kəmərlərində dördüncü qaz sızmasının baş verdiyini aşkarlayıb. Açıqlamanı qvardiya rəsmisi sentyabrın 29-da verib.
Həftənin əvvəlində ikisi Danimarka, biri İsveç zonasında olmaqla üç sızma aşkar edilib. Şimal axını Rusiyadan Almaniyaya təbii qaz nəqli üçün çəkilmiş iki böyük kəmərdir.
NATO və Avropa İttifaqı sızmaların “sabotaj”la törədildiyini deyib, Avropanın kritik infrastrukturunu qorumaq üçün güclü tədbirlər vəd edib.
“İsveç tərəfdə iki, Danimarka tərəfdə də iki sızma var”, – Sərhəd Qvardiyasının rəsmisi mediaya deyib.
Qaz dənizə sızır
Şübhəli partlayışlar vaxtı kəmərlərdən heç biri işləməyib, ancaq onlar qazla dolu olub. Sentyabrın 26-da baş vermiş hadisədən bəri qaz Baltik dənizinə sızmaqdadır.
İsveç və Danimarka seysmoloqları ərazidə güclü partlayışlar qeydə aldıqlarını deyiblər. İsveç polisi mümkün sabotaj üzrə təhqiqata başlayıb.
Dördüncü sızma “Şimal axını-2” kəmərində, yaxınlıqdakı “Şimal axını-1”də aşkarlanmış daha böyük dəliyə yaxın yerdədir, rəsmi belə deyib.
Bu insident Avropada təbii qazın qiymətini qaldırıb.