Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 23:38

Şuşa yaxınlığındakı postda Azərbaycan əsgərlərinə qumbara atılıb


Şuşa şəhəri yaxınlığında post, arxiv foto
Şuşa şəhəri yaxınlığında post, arxiv foto

Yayılan rəsmi məlumata görə, hadisə noyabrın 13-ü  səhər saatlarında Daşaltı kəndi yaxınlığında baş verib. Bildirilir ki, Ermənistan vətəndaşı Azərbaycn əsgərlərinin dayandığı posta əl qumbarası atıb.

Son məlumata görə, noyabrın 13-də Şuşa yaxınlığında Azərbaycan əsgərlərinə qumbara atan Norayr Mirzoyanı Rusiya sülhmərəmalıları Xankəndiyə təhvil veriblər.

***

Azərbaycanın Baş Prokuroluğu və Daxili İşlər Nazirliyinin birgə yaydığı bəyanatda bildirilir ki, Azərbaycan əsgərlərinin dayandığı posta səhər saat 07:12 radələrində qumbara atan Ermənistan vətəndaşı, 1975 təvəllüdlü Norayr Mirzoyan və bir qrup cinayətkar dəstə olub.

Məlumatda deyilir:

" 13 noyabr 2021-ci il tarixdə saat 07:12-də Azərbaycan Respublikasının Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan Respublikasının ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atmış, nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd etmişdir".

Birgə məlumatda fakta görə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açıldığı bildirilir.

(CM 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə)

Rəsmi xəbərdə vurğulanr ki, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

"Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır" -məlumatda bildirilir.

Sosial şəbəkələrdə yayılan videolar...

Sosial şəbəkələrdə hadisə anının olduğu iddia edilən videolar yayılıb. Həmin videolardan birində görünür ki, Azərbaycan və Rusiya əsgərlərinin üzbəüz dayandığı posta qısa ara məsafəsi ilə bir minik, bir də yük avtomobili yaxınlaşır və bu zaman ikinci maşın əsgərlərin yanına yaxınlaşanda partlayış baş verir.

Videoda görünür ki, ağ rəngli minik avtomobilndən düşən şəxs Azərbaycan əsgərlərinə tərəf nə isə atır və bu zaman partlayış verir.

Yayılan digər videoda isə Rusiya sülməramlılarının bir nəfəri tutub apardığı və hərbi patrul maşınına saldıqları görünür.

Hadisəyə görə, Xankəndi-Laçın yolu bağlanıbmış

AzadlıqRadiosunun erməni xidməti baş verən hadisəyə görə Xankəndi-Laçın yolunun bir müddət bağlandığını və sonra açıldığını yazır.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG