Yaxınlarda (27-28 oktyabr) Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Rosneft"in həyata keçirdiyi "Vostok Oil" layihəsinə dəvət aldı.
"Rosneft"in baş icraçı direktoru, İdarə Heyətinin sədri İqor Seçinin sözlərinə görə, layihənin icrası (geosiyasi vəziyyətə və sanksiyaların təzyiqinə baxmayaraq) əvvəlcədən elan olunmuş qrafik çərçivəsində davam edir. "Biz dostlarımızı, o cümlədən SOCAR-ı bu layihənin iştirakçıları kimi görməkdən şad olarıq", - o bildirib.
Yerli medianın məlumatına görə, tədbirdə iştirak edən SOCAR rəhbəri Rövşən Nəcəf jurnalistlərə bildirib ki, "Rosneft"in "Vostok Oil" layihəsində iştirak təklifinə baxılacaq.
Hazırda Rusiya Ukraynaya təcavüzlə bağlı ABŞ və dünyanın bir çox ölkələrinin sanksiyaları altındadır. Belə olan halda SOCAR-ın həmin layihədə iştirakı Azərbaycana nə vəd edə bilər?
"Vostok Oil" layihəsi haqqında…
Rusiyanın rəsmi qurumlarının məlumatına görə, "Vostok Oil" layihəsi Krasnoyarsk diyarının şimalında 13 neft və qaz yatağının tərkibinə daxil olan 52 lisenziyalı bloku əhatə edir. Hesablamalara görə, onların ehtiyat həcmi 6 milyard tondan çox "Premium" nefti və 2 trilyon kubmetr qazdır.
2030-cu ilədək planlaşdırılan hasilatın təxminən 100 milyon ton təşkil edəcəyi proqnozlaşdırılır "Vostok Oil" layihəsinə cəlb olunacaq ümumi investisiyanın 16 milyard dollardan çox olacağı gözlənilir.
Ötən il Azərbaycanın Energetika naziri Pərviz Şahbazov "Nefteqazovaya Vertikal" jurnalına müsahibəsində bildirmişdi ki, Rusiya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna sərmayələrinin ümumi həcmi 2021-ci ilin aprelin 1-ə 4.9 milyard ABŞ dolları təşkil edib.
"Rusiya çox şey istəyə bilər, amma…"
Hələlik, "Rosneft"in təklifinə SOCAR-dan konkret cavab almaq mümkün olmayıb. Amma Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə "Turan"a bildirib ki, Azərbaycan dövlət şirkətləri sanksiyalarla üzləşmək təhlükəsi olan layihələrdə iştirak etməyəcək: "Rusiya çox şey istəyə bilər, amma hər hansı beynəlxalq sanksiyalar təhlükəsi olan layihələrdə Azərbaycanın iştirakı mümkün deyil".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə agentliyə deyib ki, SOCAR-a gəlir gətirən istənilən layihələr maraqlıdır: "Bu, milli maraqlara cavab verir. Amma digər tərəfdən belə məsələlərdə çox ehtiyatlı olmaq lazımdır".
"Riskləri qiymətləndirmək lazımdır"
Deputatın fikrincə, hər bir halda riskləri qiymətləndirmək lazımdır: "Burada razılaşmalar da böyük rol oynayır. Əgər Qərblə sanksiyalar tətbiq edilməyəcəyini razılaşdırmaq mümkün olacaqsa, onda, yəqin ki, bu layihədə iştirak etmək olar".
İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, profili neft hasilatı və yaxud da emalı olan istənilən şirkət üçün hər hansı bir layihədə iştirak etmək hədəflərdən biri olmalıdır: "Bu, normaldır. Amma indiki dövrdə bu prinsiplərdən çıxış etmək düzgün deyil. Çünki Rusiya və onun neft sənayesi hazırda dünyanın hədəfinə gəlib və ağır sanksiyalarla üzləşib".
"Suda boğulan saman çöpündən də yapışır"
Onun sözlərinə görə, "Vostok Oil" layihəsində iştirak etmiş xeyli nüfuzlu şirkətlər Rusiyadan imtina edir: "Çünki Rusiya hərtərəfli sanksiyalara məruz qalır. İri şirkətlər Rusiyanın bu cür cazibəli təkliflərindən imtina edirlər. Rusiya da beynəlxalq sanksiyalar altında təkləndiyi üçün özünə partnyor seçmək istəyir. "Suda boğulan saman çöpündən də yapışır" deyirlər. İndi Rusiya SOCAR-ı özünə həmin saman çöpü bilir".
O, indiki bir dövrdə SOCAR-ın Rusiyanın bu təşəbbüsünə müsbət cavab verməsini doğru saymır: "Bu, çox yanlış addım olardı. Azərbaycan bir göz qırpımında ağır beynəlxalq sanksiyaların hədəfinə gələ bilər".