ƏVVƏLƏ QAYIT

Soçi 2014:
Arenadan kənardakı reallıqlar

Tom Balmforth
Fotolar: Abbas Atilay

Burdan oxumağa başla »

2014-cü ilin Soçi Qış Olimpiadası fevralın 7-də açılanda bütün dünya parlaq stadionları, son dərəcə təkmil xizək liftlərini və təzəcə asfaltlanmış yolları görəcək. Lakin bu gözqamaşdıran fasadın arxasına baxanda vəziyyətin qaranlıq tərəfi – reallıq görünür. Bütün bunların yaradılmnası üçün yerli sakinlərin evləri yıxılıb, həyatları alt-üst edilib. Kompleksin tikintisində miqrant işçilərin əməyi amansızcasına istismar olunub. Elə Soçinin özünün, bir vaxtlar unikal olan ekosisteminə ciddi ziyan vurulub. Rusiyanın son üç onillikdəki ilk olimpiadası və Olimpiya hərəkatı tarixində ən bahalı oyunların real qiyməti 51 milyard dollardan çoxdur. AzadlıqRadiosunun müxbiri Tom Balmforth parıltının astar üzünə baxmaq üçün Soçiyə yollanıb.

Birinci hissə

Çığırın yanlış tərəfi

Hər şey kirəmit plitələrin sürüşüb yerə düşməsi ilə başlandı. Bir neçə gün ərzində Dmitry Abzhan-nın ailsəsi ilə birlikdə yaşadığı ev xarabaya çevrildi.

Buna səbəb yük maşınlarının qanunsuz şəkildə tullantıları onların yaşadığı küçənin üstündəki dağ ətəyinə tökməsinin yaratdığı torpaq sürüşməsi idi. Bu zir-zibili fevralın 7-də açılmalı olan Qış Olimpiadasının tikintisindən gətirirdilər.

Məhkəmə Abzhan-na kompensasiya verilməsi barədə qərar çıxarmışdı, lakin bu pul ona ödənmədi və o, ailəsi ilə birlikdə yarıuçuq, sökük-salxaq və yararsız hala salınmış evdə yaşamağa məcbur oldu. 27 yaşlı Abzhan zarafatla deyir ki, sanki yad planetdə yaşayır. Onun hakimiyyət orqanlarına çoxsaylı müraciətləri cavabsız qalıb.

“Heç bir tədbir görmürlər. Bilmirik nə edək. Uşaqlar böyüyürlər. Onların bir gələcəyi olmalıdır, lakin reallıqda burda doğulub, burda böyüyənlər ev-eşiksiz qoyulub” – deyir Abzhan.

Olimpiya Soçisinin yarış çığırlarının o biri tərəfinə xoş gəlmisiniz. Oyunlara hazırlıq üçün rekord məbləğdə pul – 51 milyard dollar xərclənib. Lakin parlaq stadionların və xizəkçi liftlərinin görünməyən tərəfində Abzhan kimi minlərlə sakinin həyatı sözün əsl mənasında alt-üst olub.

Soçi Olimpiadasından qazanan və itirənlər arsındakı uçurum, bir çox olimpiya tədbirlərinin keçirləcəyi Krasnaya Polyanadakı nümunəvi xizəksürmə kurortunda daha çox nəzərə çarpır. 50 kilometrlik avtomobil və dəmir yolunun tikintisi 8 milyard dollara başa gəlib. “Esquire” jurnalının rusdilli nəşri rişxəndlə yazır ki, bu pula həmin yolu Louis Vuitton çantaları, kürü və ya foie gras-la (qaz ciyərinin paşteti) döşəmək olardı.

Bu yolun bircə kilometrliyindəki Axştır kəndi olimpiya oyunlarına hazırlıq başlanandan bəri ağ toz örpəyinə bürünüb. Su quyuları quruyub. Evlərə qaz verilmir. Sakinlər yetişdirdikləri xurma məhsulıunu sata bilmirlər, çünki meyvələri sement tozu məhv edib. Üstəlik, Krasnaya Polyanaya çəkilən yol Axştır kəndinin Soçinin cənubundakı Adler rayonuna gedən yolunu, yəni nəqliyyat şəbəkəsinə yolunu kəsib. Hakimiyyət orqanları Axştırı təzə yola birləşdirən o bir parça hissəni vəd etsələr də, asfaltlamayıblar.

Bu isə 65 yaşlı təqaüdçü, 1986-cı ilin Çernobıl nüvə qəzasında əlil olmuş Viktor Kolenin kimi insanları ciddi narahat edir. O xəstəxanaya necə gedəcəyini düşünür və tikinti tozunun ağ ciyərlərini necə təsirləndirəcəyindən narahatdır.

Başqa bir yerli sakin, 53 yaşlı Yelena Runovich deyir ki, o kiçik qızını hər gün tikintinin içərisindən və magistral şosedən keçirərək məktəbə aparıb-gətirməyin dərdindən işini atmalı olub.

Kolenin, Runovich və başqa kənd sakinləri köhnə Axştır yolunun üstündəki su quyusunun başına toplaşaraq Olimpiadanın bu icmanın həyatını necə təsirləndirdiyini AzadlıqRadiosuna danışıblar.

“Soruşan lazımdır: Niyə bəzi adamların hər şeyi var, qalanlarının isə heç nəyi yoxdur” – deyə Runovich xəbər alır.

“Bu böyük Soçinin Adler rayonunda ən təmiz kənd idi. Onlar buranı zibilxanaya döndərdilər. Yerli icra hakimiyyəti bunu çox gözəl bilir, amma cınqırını da çıxarmır” – deyir Kolenin.

Abzhan-nın da yaşadığı Bakı küçəsində çoxları yerli hakimiyyəti günahlandırırlar. Onun qapıbir qonşusu, 85 yaşlı Polina Kalayzhan-nın evi yavaş-yavaş əyilir və dərəaşağı sürüşməyə başlayıb. O bu evdə 89 yaşlı əri də daxil, doqquz qohumu ilə birlikdə yaşayır. Onlara da kompensasiya verilməlidir, amma həmin pulu ala bilmirlər.
“Putinə, Medvedevə yazmışıq, Krasnodar icra hakimiyyətinə yazmışıq, hər yerə yazmışıq” – deyir Polina Kalayzhan, - icra hakimiyyəti cavab verir ki, bu işlə məşğuluq. Amma heç bir tədbir görmürlər. Deyirlər sizə kömək edə bilmirik”.

Bütün şəhər boyunca, kütləvi tikinti işləri elektrik kəsilmələrinə səbəb olur və bu kəsilmələr çox vaxt planlaşdırıldığından uzun çəkir. Bloger Olga Agalakova yazır ki, Soçidə Ay indi əsas işıq mənbəyinə çevrilib.

“Bu sadəcə olaraq Ay deyil, - deyir Olga, - bu indi İzmaylovsk və Semyonovskda bizim əsas işıq mənbəyimizidir. Artıq iki aydır ki, onlar hər gün 12 saat ərzində işığımızı kəsirlər. Bəzən iki gün elektrik olmur”.

Bəziləri Olimpiadadan sonra tozsuz havanın və müntəzəm elektrik cərəyanının bərpa olunacağına ümid bəsləyirlər. Amma Abzhan kimi maddi ziyan görmüş adamlar ehtiyat edirlər ki, sonradan onları heç yada salan da olmayacaq.

“İnsaf üçün deyək ki, biz bura bir-iki günlüyünə gəlməmişik. Biz burada doğulub, boya başa çatmışıq. Tək biz yox. Ulu babalarımız, ulu nənələrimiz də burada doğulub, burda ömür sürüblər. İndi isə ev-eşiksiz qalmışıq və heç nə edə bilmirik” – deyir Abzhan.

“Bizim günahımız yoxdur ki, Olimpiada burda keçiriləcək – nə qədər də olmasa bəzi yerlərə yol çəkilib. Amma yerli sakinləri təhqir etməsinlər. Əgər adamlardan nəyisə alırsansa, onlara əvəzində nəsə verməlisən. Onlar isə yerli sakinləri ev-eşiksiz qoyurlar, Olimpiadalarını keçirib gedəcəklər və hər şey unudulacaq”.

Mənbə: AzadliqRadiosu

İkinci hissə

Olimpiya məşəli altında zibilxana

Kreml vəd etmişdi ki, Soçi Qış Olimpiadası ekoloji baxımdan dünyanın ən təmiz olimpiya oyunları olacaq. Lakin yerlilər deyirlər ki, Olimpiada, əksinə buraların ən böyük sərvəti olan unikal ətraf mühiti məhv edib.
Rita Kravchenko bir vaxtlar Qara dənizdə üzməyi çox sevib, lakin artıq xeyli vaxtdır ki, bunu etmir. Üç il əvvəl dənizin sularına baş vurandan sonra bütün bədənini qırmızı sızanaqlar basıb.

Soçinin 18 kilometrliyində yerləşən Üçdərə Kravchenko-nun dogma kəndidir. O qəti əmindir ki, dərisinin səpməsinə səbəb yaxınlıqdakı zibilxanadan dənizə axan çirkabdır. O deyir ki, bu zibilxana hələ 6 il bundan əvvəl bağlanmalı imiş.

Lakin bunun əvəzində zibilxana Qış Olimpiadasına ev sahibliyi edəcək Soçinin tikintiləri hesabına daha da böyüyüb.
Tezalışan tullantılar dizə çıxır. Kənd sakinləri bu zir-zibilin gələcəkdə yarada biləcəyi təhlükələrdən narahatdırlar. Bütöv ailələr evlərini tərk edirlər. Qara dənizə axan Bıtxa çayı Coca-Cola rəngindədir.

Bu reallıq Soçi Qış Olimpiadasının tarixdə ekoloji baxımdan ən təmiz olimpiada olacağı barədə Kremlin təmtəraqlı vədləri ilə ziddiyyət təşkil edir. Bu vədi Ruysiya rəsmiləri tilsim kimi təkrar edirdilər və Rusiyanın dövlət mediası onu yaddan çıxmağa qoymurdu.

Soçidə və onun ətrafında ekoloji deqradasiyanı illər ərzində müşahidə edən Şimali Qafqazın Ətraf Mühit Gözətçisi təşkilatının fəalı Yulia Naberezhnaya deyir ki, hökumət boş vədlər verib.

“Bu sadəcə olaraq PR-dır. Bu, beynəlxalq icmaya qəşəng bir fasadın təqdim edilməsi üçün yaxşı hazırlanmış hesabdarlıqdan başqa bir şey deyil. Bu bir boş şüardır” - deyir Naberezhnaya.

Vladimir Putinin prestijli layihəsinin ətraf mühitə vurduğu ziyan barədə danışmaq təhlükəli təşəbbüsdür və bunu yerli yaşıl fəallar yaxşı bilirlər. Onlardan çoxu təqiblərə məruz qalıb. Bir fəal isə ölkəni tərk etməli olub. Başqa birisi isə həbsə atılıb.

Buna baxmayaraq onlar müqavimət göstərirlər. Bu fəallar üçün Kremlin kurort şəhəri kimi ölməkdə olan Soçini qış xizəksürmə məkanına çevirmək təşəbbüsü, bu yerlər üçün olduqca baha oturur: buraların təkrarsız təbiəti məhv edilir.

Soçi bir kurort şəhəri kimi 1930-cu illərdən, İosif Stalinin zəmanəsindən tanınır. Bu şəhər hər bir sovet adamının istirahət edə biləcəyi, sanatoriyalarında müalicə olunduğu məkan kimi ad çıxarıb. Bir vaxtlar dağlarda vəhşi qabanlar gəzişər, dənizdə delfinlər üzərdi.
Soçi üçün 1979-cu ildə çəkilmiş reklam videosu.

Soçidəki Rusiya Coğrafiya Cəmiyyətindən Mikhail Plotnikov deyir ki, o vaxtlar həmişəlik arxada qalıb.

“Məncə, biz Soçini kurort şəhəri kimi dəfn etmişik. Səsli-küylü, maşınlarla dolu, dəniz sahilinə çatmaq üçün 2 saat nəqliyyat tıxacında oturulması tələb olunan şəhərə kim istirahət üçün gələr? Əlbəttə, sanatoriyaların əksəriyyəti indi də qalır, lakin axı milyonlarla insan Soçidə onun təbiətinə ziyan vurmadan istirahət edərdi” – deyir Plotnikov, - indi bura milyonlar gəlmir, lakin təbiətə ciddi ziyan vurulub”.

Şimali Qafqaz Ətraf Mühit Gözətçisi təşkilatından AzadlıqRadiosuna hər tərəfdən qarlı dağlarla əhatə olunmuş xizəksürmə kurortu Krasnaya Polyanada müsahibə verən Naberezhnaya əli ilə 48 kilometrlik yeni yolu, dağların üzünə qırış salmış xizəkçi liftlərini və ətrafa səpələnmiş otel kompleksini göstərir. Onun fikrincə, bütün bunlar bu məkanın bioçeşidliyini qoruyub saxlamaq, tikinti işini ətraf mühitə minumum təsir göstərməklə aparmaq vədlərinin pozulduğunu göstərir.
Mənbə: AzadliqRadiosu

Yerli sakinlər deyirlər ki, yaşayış məskənlərinin dağılmasından çaş-baş qalan ayılar yaxınlıqdakı kəndlərə gəlib çıxırlar. Rusiya Coğrafiya Cəmiyyətinin Soçi filialının sədri Feliks Ivanenko deyir ki, ətraf mühitə çox ciddi ziyan vurulub və Soçi Milli Parkının 10 min hektarlıq ərazisi təsirlənib.

Rusiyanın “sıfır tullantı” proqramı xüsusilə tənqid edilir. Soçi 2014 layihəsi tullantları kəskin azaldacağını və tullantıların təkrar emalını vəd etsə də, indiyədək bu ərazinin bir neçə yerində zibilin qanunsuz boşaldılması halları sənədləşdirilib.

Bunların arasında Üçdərə kəndindəki zibilxana da var. Bu zibilxana rəsmən 2012-ci ildə bağlanmalı olsa da, ora bütün 2013-cü il boyu zibil boşaldırdılar. Ətraf mühit fəalları noyabr ayında Axştır kəndində, su hövzələrinin mühafizəsi zonasında tökülüb qalmış sənaye tullantıları barədə rəsmi şikayət hazırlayıblar.

Hazırda Soçinin tullantıları şəhərdən 250 kilometr aralıda olan Beloreçenskdəki zibilxanaya daşınır. Ətraf mühit fəalları narahatdırlar ki, Olimpiada başlanandan sonra hakimiyyət bu müvəqqəti və bahalı marşrutdan əl çəkə bilər.

Rəsmilərin dedikləri ilə kəskin ziddiyyətdə olan bu əhvalatlar yerli fəallar olmadan heç vaxt üzə çıxmazdı.

Onlar telefon əlaqəsinin söhbətin ortasında kəsilməsindən, polis axtarışlarına qədər ən müxtəlif təqib halları barədə danışırlar.

Yerli ətraf mühit fəalı Vladimir Kimayev deyir ki, polis ötən baharda onun evində axtarış aparıb. Oktyabrın 31-də Şimali Qafqaz Ətraf Mühit Gözətçisi təşkilatından Andrei Rudomakha guya hakimə böhtan atdığı üçün həbs edilib. O bunu təzyiq taktikası adlandırır.

Bir neçə gün sonra başqa bir fəal Dmitry Shevchenko Sankt Peterburqdan əyalət paytaxtı olan Krasonodara gələn kimi, axtarışda olan terrorçunun əlamətlərinə malik olması iddiası ilə Federal Təhlükəsizlik Xidməti tərəfindən 4 saat müddətində saxlanıb.

Bununla belə, təqiblər ətraf mühirt fəallarını daha sıx birləşməyə vadar edir.

Noyabr ayında, hələ dan sökülməzdən əvvəl Naberezhnaya və Soçidə yaşayan başqa bir fəal Olga Noskovets səhər qatarı ilə Yevgeny Vitishko-nun məhkəməsində iştirak etmək üçün Tuapse şəhərinə səfər ediblər. Vitishko zaminin qaydalarını pozduğuna görə mühakimə edilirdi.

Olimpiadaya hazırlıqlarım tanınmış tənqidçisi və Şimali Qafqaz Ətraf Mühit Gözətçisi təşkilatının aparıcı üzvü Vitishko 2012-ci ildə vandalizm ittihamı ilə 3 il müddətinə həbsxana cəzası alıb. Həmin vaxt etiraz əlaməti olaraq Krasnodar qubernatorluğunun divarları rənglərlə boyanmışdı, lakin Vitishko deyir ki, bu işdə onun iştirakı olmayıb.
Foto Andrei Korolev, Azadlıq Radiosu

Başqa bir ekoloq - Suren Gazaryan-a qarşı eyni ittihamlar irəli sürülüb və o, əvvəlcə Estoniyaya, oradan isə Gürcüstana qaça bilib. Vitishko isə qaçmayıb və ona qarşı şərti həbs cəzası qaydalarının pozulması ittihamı irəli sürülüb. Dekabrın 21-də isə ona üç il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

Mühakiməsi zamanı AzadlıqRadiosuna müsahibəsində Vitishko nikbin səslənsə də, bildirir ki, bu məhkəmə dinləməsi Olimpiada ərəfəsində onun susdurulması məqsədini daşıyır.

“Bu mənim burada daimi olaraq həyata keçirdiyim fəaliyyətlə bağlıdır, hakimiyyət demək istəyir ki, onlar ixtiyar sahibidirlər və məni susdura bilərlər” – deyir Vitishko.

Hələliksə, Kravchenko kimi ruh düşkünlüyünə düçar olan sakinlər, həyatlarını zibilxananın qonşuluğunda davam etdirməyə məcburdurlar.

“Eybi yox, qoyun bu zibilxana burda qalsın, təki təzə zibil gətirməsinlər. Bu zibil dağı uçsa, çayın içinə töküləcək və dənizə axacaq. O vaxt tədbir görmək gec olacaq” – deyir Kravchenko.

Mənbə: AzadliqRadiosu

Üçüncü hissə

İstismar olunanlar: Soçidə miqrantları necə qırxdılar

Soçidə Qış Olimpiadası üçün nəhəng tikinti layihələri miqrant fəhlələr üçün əsl cənnət kimi görünürdü, lakin buraya gələndən sonra başa düşdülər ki, bu şəhərdə, vəd edildiyi kimi, küçələr qızıl daşlarla döşənməyib.
Pulsuz-parasız və borc içində olan Yevgeny Podrezov Soçinin Olimpiada tikintisində işləmək üçün dogma şəhəri Rostovdan iki il əvvəl gəlib. Lakin asan pul qazanmaq imkanı kimi gördüyü Soçi onu daha çox borxca salıb. Səbəb 28 yaşlı Podrezova heç vaxt maaş verilməməsidir. Bunun səbəblərini aydınlaşdırmaq istəyəndə isə, o özünü divarlarları güzgülərlə örtülmüş “gülüş otağı”nda görür.

Podrezovun işlədiyi və guya Tomskda qeydiyyatda olan şirkət müəmmalı şəkildə ləğv edilib. Şirkətin baş direktoru kimi tanınan şəxs isə heç demə qondarma sahib imiş. Sonradan o da qeyb olub.

108 nəfərlik tikinti heyətində hamı eyni dərddədir. Podrezov deyir bütövlükdə onlara 106 min dollar borclu qalıblar.

Orenburqdan olan başqa bir işçi, Roman Kuznetsov ödənməyən maaşlarını almaq üçün eksremal etiraz vasitəsinə əl atıb – və oktyabr ayında ağzını iynə-sapla tikib.

2014-cü il Soçi Olimpiadasının tələm-tələsik tikintilərindən qalxan tozanaq çökdükcə belə əhvalatlar adi bir şeyə çevrilir. Tikinti üçün ayrılmış iri məbləğlər, işin icrası üçün qoyulmuş qısa müddətlərlə birlikdə “gecəqondu” şirkətlər üçün, yaranmış xaosdan sui-istifadə etmək və fəhlələri qoyun kimi qırxmaq fürsəti yaratmışdı.

Rusiyanın müxtəlif guşələrindən və qonşu ölkələrdən on minlərlə əməkçi miqrant pul qazanmaq üçün Olimpiada tikintilərinə axışıb, onlardan minlərlə insan cinayətkarlıq və korrupsiyanın qurbanı olub.

Podrezov və Kuznetsov kimi bəziləri milliyyətcə rusdurlar. Lakin əksəriyyət xarici miqrantlardır və onlar işlərini görüb qurtardıqdan sonra maaşları ödənmədən deportasiya edilirlər.

Mərkəzi Asiyadan olan miqrant fəhlələrə yardım göstərmək üçün yaradılmış Miqrasiya və Qanun təşkilatının Soçi filialının direktoru Simyon Simonov deyir ki, indi tikintilər başa çatıb və şirkətlər fəhlələri başlarından edirlər. “Əvvəlcə onların pullarını vermirdilər, indi isə sənədlərinin qaydasında olmasına baxmayaraq onları deportasiya edir və ya məcbur edirlər ki, öz xoşları ilə çıxıb getsinlər” – deyir Simonov.

Simonov deyir ki, onun təşkilatı iyul ayında işə başlayandan bəri, əksəriyyəti əcnəbi miqrantlar olan adamların minlərlə müraciət ərizələrinin seli ilə üzləşib.

Lakin Soçidəki fəhlələri təmsil edən vəkil Aleksandr Popkov deyir ki, şirkətlər “matryoşka” kimi bir-birinin içində gizlənən araçılardan istifadə edəndə ortalığa daşdan keçən məhkəmə iddiası çıxarmaq son dərəcə çətin olur.

48 yaşlı özbək miqrant Bakhshylo Bozorov Rusiyada bir neçə il işlədikdən sonra, ötən yazda Soçiyə gəlib. O burada, Olimpiya Şəhərciyindəki otel tikintisində iki ay işləyib, lakin oteli tikən şəxsi Moskva firması ona düşən maaşın yalnız yarısını ödədikdən sonra, oranı tərk edib.

O ümid edir ki, ödənməyən maaşını Simonov-un köməyi ilə hüquqi qaydada ala biləcək. Bununla belə o, Soçini Olimpiada müddəti üçün tərk edib. Əlində hüquqi sənədlər olsa da, qısnamadan və hətta deportasiya olunmaqdan qorxur. Deportasiya olunmaq Rusiya ərazisinə 5 il müddətində daxil olmaq hüququnu itirmək deməkdir. O deyir: “Sadəcə olaraq miqrantlar indi burda qala bilməzlər”.

Sentyabr ayında Krasnodarın yerli hakimiyyət orqanları “qanunsuz miqrantlara” qarşı kampaniya başlayıb. Maraqlıdır ki, onların bu kampaniyası yerli millətçi kampaniya ilə eyni vaxta təsadüf edib. Yerli sakinlər deyirlər ki, hakimiyyət nümayəndələri kazakların müşaiyəti ilə qapı-qapı gəzib miqrant axtarıblar və sənədləri yoxlayıblar.
Ən bahalı Olimpiadanın tikintisinə töhfə vermiş miqrantlar gözəgörünməz qurbanlara çevriliblər. Onların əksəriyyəti maaşları ödənmədən çıxıb getməyə məcbur olublar.

2013-cü ilin son aylarında minlərlə miqrant yaxalanıb, polis məntəqələrində saxlanıb və çoxları maaşlarını belə almadan deportasiya edilib. Yerdə qalanları gizlənib, bir başqaları isə özləri çıxıb getməyi qərar alıblar.

Bozorov deyir ki, o və həmvətənləri lüzumsuz riskə girmirlər. O bu yerlərdən uçub getməzdən bir gün əvvəl AzadlıqRadiosuna müsahibə verib.

“Çoxları deportasiya olunublar. Bizimlə işləyən adamlardan biri srağagün deportasiya edilib. Ona görə də biz küçəyə çıxmağa qorxuruq” – deyib Bozorov.

Hazırladılar

Reportajın mətni – Tom Balmforth. Fotolar – Abbas Atilay/AzadliqRadiosu. Videolar – Cavanşir Ağamalıyev/AzadliqRadiosu, Lyubov Chizhova və Nikita Tatarsky/AzadliqRadiosunun rus xidməti. Fotoları Lucie Steinzova, videoları Pavel Butorin bu layihəyə hazırladı. Xəritə məlumatları Mapbox.com-undur. Multimedia layihəni Glenn Kates, dizaynı Jan Radl hazırladı.

© 2014 Radio Free Europe/Radio Liberty, inc.