İkinci Dünya müharibəsində Hitler ordusunun SSRİ-yə qarşı törətdiyi vəhşiliklər yaxşıca sənədləşdirilib. Ancaq Qırmızı ordunun əsir düşmüş əsgər və zabitlərinin taleyi barədə bir çox detallar qaranlıq qalır.
Onların dəqiq sayı artıq heç vaxt bilinməyəcək. Ancaq bu sayın 4 milyondan 6 milyonadək olduğu deyilir. Almanlara əsir düşənlərin 2/3-yə qədəri – 3 milyondan çox hərbçi 1945-ci ilin mayına, Sovet qoşunları Berlinə daxil olanadək həlak olmuşdu.
SSRİ Xalq Xarici İşlər Komissarlığının arxivləri bu yaxınlarda rəqəmsallaşdırılıb. Sovet ordusunun əsir düşmüş və öz hökumətləri tərəfindən «tərk edilmiş» heyətinin sonrakı taleyini araşdıran tarixçi Konstantin Boqoslavski bu arxivdə müharibə dövründə sovet hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasındakı yazışmanı tədqiq edib.
BQXK mərkəzi qərargahı Cenevrədə olan, müharibə zamanı əsir, yaralı və qaçqınlara yardım edən beynəlxalq qeyri-hökumət təşkilatıdır.
«Artıq 1941-ci il iyunun 23-də Qızıl Xaç sovet xarici işlər naziri Vyaçeslav Molotova teleqram göndərərək müharibə zamanı SSRİ-yə yardımını təklif edib. Molotov müsbət cavab verib», – Boqoslavski AzadlıqRadiosuna deyib.
Qaçılmaz ölüm
Münaqişənin ilk həftəsində Almaniya və SSRİ əsirlərlə rəftara dair beynəlxalq konvensiyalara əməl edəcəklərinə söz veriblər. Ancaq çox tez zamanda tərəflərdən heç birinin bu öhdəliyi yerinə yetirməyəcəyi üzə çıxıb.
Müharibənin ilk altı ayı ərzində almanlar SSRİ ərazisinə daxil olaraq, Moskva ətrafınadək irəliləyiblər. Bu zaman Qızıl ordunun 3 milyondan çox əsgəri, əsasən, mühasirəyə düşərək əsir götürülüb. Bu, daha çox sovet rəsmilərinin onlara geri çəkilməyə icazə verməməsi və hətta vaxtında qərar qəbul edə bilməməsi nəticəsində baş verib.
Boqoslavski deyir ki, arxiv materiallarına görə, 1941-ci ildə Almaniya və müttəfiqləri əsirləri dəyişməyi təklif ediblər. Molotovun müavini Andrey Vışinski öz rəhbərinə alman əsirlərin siyahısının tərtib olunduğunu yazaraq təklif edib ki, SSRİ-nin nüfuzuna xələl gəlməməsi üçün onlar azad edilsin.
Ancaq Molotov cavab məktubunda ona siyahıları göndərməməyi tapşırıb. «Bundan sonra Molotov Qızıl Xaçdan alınan bütün məktub və teleqramların üzərinə «Cavab verilməsin» yazıb», – tarixçi deyir.
Sovet hökumətinin bu siyasəti soyuqqanlı yanaşmaya söykənirdi.
«1941-ci ilin sonuna doğru 3 milyondan çox adam əsir götürülmüşdü. Sovet rəhbərliyinin məqsədlərindən biri bu boşluğa nəzarət edə bilmək idi. Sovet əsgəri anlamalı idi ki, əsir düşsə, Qızıl Xaçdan hər hansı yemək payı almayacaq, sevdiklərinə açıqca göndərə bilməyəcək. O bilməli idi ki, orada onu gözləyən tək şey qaçılmaz ölümdür», – Boqoslavski deyir.
Üzərində Stalinin imzası olan bir sovet sənədində deyilir ki, «panika axtaran, qorxaq və fərari düşməndən betərdir».
Qızıl Xaçla əməkdaşlıqdan imtina
Sovet hökuməti Qızıl Xaç nümayəndələrini özünün əsir düşərgələrinə buraxmaqdan da imtina edib. Çünki burada onlar Stalinin müharibədən öncə başladığı repressiyanı gözləri ilə görə bilərdilər.
«Əsirlərə yemək və dərman paylanması Qızıl Xaç nümayəndələri tərəfindən gerçəkləşdirilirdi. Bu isə onların sovet düşərgələrinə çıxışının təmin edilməsi demək olardı. Sovet rəhbərliyi buna qəti etiraz etdi. Çoxsaylı xahişlərə rəğmən, Qızıl Xaç nümayəndələrinə SSRİ-yə səfər vizası verilmədi», – Boqoslavski deyir.
«Əlbəttə, sovet əsirlərinin ölümü üçün tam məsuliyyət Üçüncü Reyx rəhbərliyinin üzərinə düşməli idi. Ancaq hesab edirəm ki, Stalin hökuməti öz əsgərlərinə mənəvi dəstək və maddi yardım göstərmədiyinə, onları sadəcə atdığına görə günahkardır», – o vurğulayır.
1943-cü ilin martında Molotov ABŞ-ın SSRİ-dəki səfiri Uilyam Stendliyə məktub yazıb. Səfir Vatikanın Almaniyada saxlanan sovet əsirləri haqda məlumat mübadiləsinə vasitəçilik etmək təklifini Molotova ötürmüşdü.
«Hazırda bu məsələnin sovet hökumətini maraqlandırmadığını bildirməkdən məmnunam», –deyə Molotov ABŞ hökumətinə sovet əsirlərinə göstərdiyi diqqətə görə təşəkkür edib.
245 min keçmiş əsir repressiya olunub
Müharibə zamanı sovet hökuməti əsirlərlə bağlı Almaniyanın müttəfiqi olan Finlandiya və Rumıniya ilə də əməkdaşlıqdan imtina edib. Ancaq Finlandiyadakı sovet əsirləri birtərəfli qaydada Qızıl Xaçın yardımlarını alırdılar.
1942-ci ildə Rumıniya vəziyyəti ən ağır olan 1018 sovet əsirini siyahısı təqdim olunan rumın vətəndaşları ilə dəyişməyi təklif etsə də, SSRİ bu təklifə əhəmiyyət verməyib.
«Sovet İttifaqı Qızıl Xaçla əməkdaşlıqdan imtina edən, hətta Qızıl Xaç nümayəndəliklərini ölkəyə buraxmayan yeganə ölkə idi. Almaniya sovet əsirləri ilə bağlı Qızıl Xaçla işləməsə də, Qərb müttəfiqləri - amerikalı, britaniyalı və fransız əsirlərlə bağlı əməkdaşlıq edib», – tarixçi deyir.
Ancaq sovet hərbi əsirlərinin talesizliyi müharibədən sonra da bitməyib.
«Əsir düşərgələrindən qayıdanların hamısının QULAQ-a göndərilməsi mifdir. NKVD qayıdan əsirlərin yoxlanması və filtr olunması üçün xüsusi düşərgə düzəltmişdi. Tarixçi Viktor Zemskova görə, filtrasiya prosesindən keçən 1.5 milyonadək keçmiş əsirdən yalnız 245 mini repressiya olunub», – Boqoslavski deyir.