Son bir ildə qida məhsullarının istehsalçı qiymətləri, orta hesabla, 31,6 faiz, içkilərin qiyməti isə 27,5 faiz bahalaşıb. Məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb.
Siqaret istehsalçıları qiymətə daha çox «əl gəzdiriblər» - 69,5 faiz. Geyim istehsalçıları il ərzində qiymətləri 11,3 faiz qaldırıblar. Toxuculuq sənayesi müəssisələrində buraxılan məhsulların orta qiymət artımı 13,1 faiz olub. Neft emalı məhsullarının zavod qiyməti 9,7 faiz artırılıb.
Buna da bax: Bahalaşmanın səbəbi təkcə dollardırmı? [video]
Daha çox nəyin qiyməti artıb?
Ötən il rezin və plastik kütlədən məmulat buraxan müəssisələr qiymətləri 15,1 faiz, kimya məhsulları istehsalçıları 35,8 faiz, metallurgiya zavodları isə 28 faiz qaldırıblar.
DSK kommunal tariflərin artımını «yumşaldıb»?
Ötən ilin mayında Azərbaycanda suyun və kanalizasiya xidmətlərinin, dekabrda isə elektrik enerjisinin və təbii qazın tarifləri artırılıb. DSK-ya görə, su təchizatı və kanalizasiya tarifləri, orta hesabla, 5,1 faiz, elektrik enerjisi və qazın qiyməti 9,3 faiz bahalaşıb. Halbuki əhali üçün su və kanalizasiya tarifi 1 kubmetrə görə 36 qəpikdən 50 qəpiyə (38,8 faiz) yüksəldilib. Digər istehlakçılar üçün kanalizasiya tarifi 3 dəfədən çox (30 qəpikdən 1 manata) qaldırılıb. Sadəcə, sudan xammal kimi yararlananlar 1 kubmetrə görə 12 manat deyil, 8 manat ödəyirlər.
Buna da bax: Tarif Şurasının qərarına iki deputatdan fərqli baxış
Elektrik enerjisinin tarifləri iyul ayında 6 qəpikdən 7 qəpiyə, dekabrda isə 11 qəpiyə qaldırıldı. Təbii qazın 2 dəfə qaldırılan qiyməti digər istehlakçılar üçün (əhalidən başqa) dekabrdan ayından qüvvəyə minib.
Ucuzlaşdırılan şeylər də var
DSK ötən il kağız və karton zavodlarının, mebel fabriklərinin qiymətlərə toxunmadığını, daş, qum və çınqıl istehsalçılarının isə qiymətləri 1,5 faiz ucuzlaşdırdığını müəyyənləşdirib.