Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:35

‘Bunun səbəbi pərdəarxası təzyiq, ya sülh üçün siyasi iradənin olmamasıdır?’


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan (Arxiv fotosu)
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan (Arxiv fotosu)

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın zamanda görüşü gözlənilir.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O qeyd edib ki, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

Bu günlərdə rəsmi Yerevan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi almasını da təsdiqləyib. Son illər tərəflər sülh sazişi ilə bağlı qarşılıqlı şəkildə bir-birlərinə təklif və şərtlərini çatdırırlar.

Xarici işlər nazirlərin görüşü fevralın 15-də Münhendə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüşündə razılaşdırılıb.

Bütün bunlarla paralel olaraq fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan da İlham Əliyevlə görüşündə “üçüncü tərəflər”in sülh prosesinə maneəsindən bəhs edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə “Turan”a açıqlamasında bildirib ki, Bakı və Yerevan arasında razılaşdırılmamış bir neçə məsələ qalıb. O, növbəti dəfə bəyan edib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh sazişi əldə etmək səylərini dəstəkləyir.

Bəs görək bütün bunlarla bağlı Azərbaycanda gözləntilər nədir?

Mövzu ilə bağlı, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyindən açıqlama almaq mümkün olmayıb. Amma hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Elşad Mirbəşiroğlunun “Turan”a deməsinə görə, reallıq ondan ibarətdir ki, Ermənistan müstəqil davrana bilmir:

“Yəni, bugünləri sülh müqaviləsinin imzalanmasını əngəlləyən əsas məqam ondan ibarətdir ki, Ermənistan saxta sülh ritorikasını işlətməkdədir. Amma heç bir praktiki addım atmaq iqtidarında deyil”.

“Ayrı-ayrı güclər, indiki halda Qərb...”

Deputatın fikrincə, Ermənistanın vasitəsilə Avropa və ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsini özlərinin geosiyasi ambisiyalarının mübarizə predmetinə çevirmək istəyirlər:

“Azərbaycan prezidenti parlament tribunasından xüsusi vurğuladı ki, bu məsələnin beynəlxalq əhəmiyyətini süni olaraq şişirtməyə ehtiyac yoxdur. Bu ondan xəbər verir ki, ayrı-ayrı güclər, indiki halda Qərb o proses içərisində mütləq yer almaq istəyir”.

Ermənistan Xarici İşlər Nazirliyi isə bugünlər bəyan edib ki, hazırda tərəflər qarşıdan gələn görüşünün yerini və vaxtını müzakirə edirlər. Amma sözü gedən danışıqların ikitəfli və ya vasitəçi ilə keçiriləcəyi açıqlanmır.

Ermənistan rəsmiləri bir qayda olaraq bəyan edirlər ki, onlar tezliklə sülh sazişinin imzalanmasında maraqlıdırlar.

“ Bu iki tərəfə nə mane olur ki, öz aralarında...”

Siyasi şərhçi Ərəstun Oruclu isə deputatdan fərqli düşünür.O, AzadlıqRadiosuna bildirib ki, sülh müqaviləsinin yaxın vaxtlarda imzalanması, onun layihəsinin hazırlanması və müzakirəsi barədə çoxsaylı dəyərləndirmələr var, amma, hələlik, heç bir nəticə yoxdur:

“Yəni, bir vaxtlar tərəflər sülh danışıqlarına hazır olduqlarını deyirdilər, Brüsselin vasitəçiliyi ilə danışıqların bir neçə raundu keçirildi və bu optimist əhval-ruhiyə yaradırdı. Amma birdən val dəyişdi, İlham Əliyev Avropaya getməkdən imtina elədi. Rusiya dedi ki, sülh danışıqlarına biz vasitəçilik edəcəyik, Azərbaycan “Zəngəzur dəhlizini” (Ermənistanın Sünük bölgəsindən keçəcəyi düşünülən yol) tələb etməyə başladı, anti-terror əməliyyatı keçirildi və bundan sonra yeni şərtlər irəli sürüldü. Yəni, sülh proses irəli getmir”.

Ekspertin fikrincə, sülh prosesi irəli getməyəcək:

“Danışıqlar aparılacaq, onun dalınca da əlavə şərtlər irəli sürüləcək, ola bilsin ki, sərhəddə lokal toqquşmalar, təxribatlar da olsun. Bunları mən gözləyirəm, amma sülh müqaviləsinin imzalanmasını gözləmirəm”.

Politoloq qeyd edib ki, əvvəllər də vasitəçisiz danışıqlar barədə söhbətlər oldu və hətta sərhəddə müəyyən görüşlər oldu, amma sülh danışıqlarının ikitərəfli formatda getməsi alınmadı:

“Düzdür, üçüncü tərəflər və onların öz maraqları var. Amma bu iki tərəfə nə mane olur ki, öz aralarında sülh danışıqları aparsınlar? Bunun səbəbi pərdəarxası təzyiqlərdirmi, ya sülh anlaşması üçün siyasi iradənin olmamasıdırmı? Bunu demək çətindir”.

“Rusiya tərəfindən təxribatlar olacaq, amma...”

O, qeyd edib ki, Azərbaycanla Ermənistan məsələnin vasitəçisiz həlli istiqamətində siyasi iradəni ortaya qoysa, Rusiya tərəfindən təxribatlar baş verəcək, amma bu prosesi dəstəkləyənlər də olacaq:

“Qərb bir neçə dəfə bəyan edib ki, tərəflərin öz aralarında danışıqlar aparmasını dəstəkləyir. Dəstəkləyirlərsə, onda təhlükəsizliyi da təmin etsinlər”.

Ə.Oruclu vurğulayıb ki, bölgədə Türkiyənin rolu çox güclüdür:

“Amma İran yenə aktivləşməyə başlayıb, İranla Rusiya bölgədə əməkdaşlıqda maraqlıdırlar. Belə olan təqdirdə Türkiyə yalnız o halda bu iki gücün qarşısını kəsə bilər ki, əgər ABŞ bu prosesdə Türkiyəni dəstəkləsin”.

Hərçənd Rusiya rəsmiləri də deyirlər ki, onlar bölgədə sülhün bərqərar olmasında maraqlıdrlar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox liderləri də saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG