«20 ildir ki, bir qrup Qarabağ əlili Sumqayıtda 2 nömrəli marşrut xətti açıb işlədirik. Kiçik sahibkarlıq fəaliyyətimizdən 11 əlil və şəhid ailəsi dolanırdı. İndi «Sumqayıt Nəqliyyat» MMC dispetçerlərdən və sürücülərdən rüşvət tələb etdi. Biz əlillər rüşvət vermədiyimiz üçün marşrut xətti əlimizdən alınıb».
Bunu AzadlıqRadiosuna Sumqayıt sakini, 1-ci qrup müharibə əlili Vasif Hüseynov deyir.
«4 MİN DEMİŞDİLƏR, İNDİ QİYMƏTİ QALDIRIBLAR»
Bir qrup Qarabağ əlili uzun illərdir ki, şəhərdaxili hərəkət edən 2 saylı marşrut xəttini təsis edib. Əlilin sözlərinə görə, fəaliyyət göstərdikləri müddətdə sərnişinlərin narazılığı ilə qarşılaşmayıblar və barələrində nə vaxtsa hansısa qurumuna şikayət olmayıb:
«Əhaliyə nümunəvi xidmət göstərmişik. O marşrut xətti şəhərin ən əsas xətti sayılır. Hazırın naziri olublar, tutub əlimizdən alırlar ki, əlil belə işlərə qarışa bilməz. O şəraiti bizə Heydər Əliyev yaratmışdı, o çörəyi bizə o kişi vermişdi. Aşkar şəkildə bizdən rüşvət istəyirlər. 4 min manat demişdilər, indi qiyməti qaldırıblar. Əlil bu pulu qazanırmı, onlara da rüşvət kimi versin? Rüşvət yığa-yığa bizi tamamilə soyub pulsuz vəziyyətə salıblar. Canımızdan bezdiriblər bizi... Göz görə-görə xalqı İlham Əliyevə qarşı qoyurlar».
***Buna da bax-Bu qəsəbədə avtobusa görə işdən çıxarılan var
«BU QƏDƏR AİLƏLƏRİN ÇÖRƏYİNİ KƏSİRLƏR»
Əlilin sözlərinə görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin qəbuluna düşmək müşkülə çevrilib. Ən yaxşı halda, vətəndaşları qurumun məsələyə hansısa dəxli olmayan şöbə müdiri qəbul edir ki, bu da vətəndaşların probleminə kömək olmur:
«Baş Prokurorluğa da müraciət etmişik, hələ də cavab yoxdur. Söhbət 11 əlil ailəsindən və xətdəki avtobusları idarə edən sürücülərlə dispetçerlərdən gedir. Bu qədər ailələrin çörəyini kəsirlər».
Bu yaxınlaradək 2 saylı marşrut xəttini əlillərin yaratdığı «Sənan-2012» MMC tənzimləyib. MMC-nin məsul şəxslərindən olan Rizvan Məmmədov deyir, 1999-cu ildən fəaliyyətdə olublar. 2012-ci ildə Nəqliyyat Nazirliyi avtobusların yenilənməsini tələb edib. Əlillər də kreditlər hesabına şəhərə yeni avtobuslar gətizdiriblər:
***Buna da bax-Minlərlə güzdəkliyə 3 avtobus xidmət edir
«Avtobusları yeniləyəndən sonra «Sənan 2012» Məhdud Məsuliyyətli Cəmiyyəti yaratdıq. Hazırda 15 avtobus və 33 nəfər işçimiz var. Qanuni şəkildə, əmək müqaviləsi ilə fəaliyyət göstərirlər. Ayda 2 min 800 manat civarında dövlətə vergi ödəyirəm. 2016-cı ildə «Sumqayıt Nəqliyyat» MMC yaradılandan sonra problemlərimiz başladı».
HƏLƏ DƏ KREDİT ÖDƏYİRLƏR
Bu il yay başlayanda avtobuslar xəttə buraxılmayıb. Nəhayət, iyulun 28-də əlillər avtobusları xəttə buraxıblar. Lakin avtobuslar yollarda qəsdən dayandırıldığı və fəaliyyətləri əngəlləndiyindən iri intervallarla çalışıb, bu da sərnişinlərin narazılığına səbəb olub. Əlillərin deməsinə görə, «Sumqayıt Nəqliyyat» MMC də məhz bu narazılıqları əlində bayraq tutaraq, adını «keyfiyyətsiz xidmət» qoymaqla xətti əllərindən almaq istəyir. Əlillərsə avtobuslara görə götürdükləri kreditlərin ödənişini hələ də davam etdirirlər.
«Sumqayıt Nəqliyyat» MMC bir il öncə Nazirlər Kabinetinin qərarıyla yaradılıb və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyindədir.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, şəhərə Türkiyə istehsalı olan yeni, iritutumlu, müasir tələblərə cavab verən sərnişin avtobusları gətirilib. Köhnə, istismar müddəti ötmüş avtobuslar marşrut xətlərindən çıxarılır. Bu işi «Sumqayıt Nəqliyyat» MMC gerçəkləşdirir.
Əlillər ölkə başçısına müraciət ediblər. Onlar prezidentə etdikləri müraciətdə yaxın günlərdə problem çözülməzsə, kütləvi şəkildə aclıq aksiyasına başlayacaqlarını bildiriblər.