Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:07

'76-cı məhəllə'də toyuq başı, qan çanağı...


Toyuq
Toyuq

«Üfunətdən evin içində otura bilmirik. Ötən yayı da əzab çəkdik, dedilər, «problem həll olacaq». Bax, yenə yay gəlib, ancaq burda köhnə hamam, köhnə tasdır».

Deyəsən, Sumqayıtdakı «76-cı məhəllə»nin sakinləri, hər il olduğu kimi, bu yayı da qapılarına iri qıfıl vurub, qohum evinə sığınmalı olacaqlar. Çünki sonuncu dəfə bir il öncə «azca da səbir edin, problem həll olacaq» deyən məmurlar yenə vədə əməl etməyərək, yaxınlıqdakı quşçuluq sexləri ilə bağlı tədbir almayıblar.

«QAN SU YERİNƏ AXIR»

Sakin Zeynal Qurbanov deyir, insanlar evlərində üfunətdən nəfəs çəkə bilmirlər:

«Yoldaşım xəstəlik tapıb, aparıb qoymuşam qohum evinə, öz evimizə gətirə bilmirəm. Sexlərin iyindən nəfəs çəkmək olmur. Ətrafda bir neçə quşçuluq sexi var. Deyilənə görə, ayrı-ayrı adamlarındır. Sexlərin çirkab suları çölə axıdılır, düz qapımıza qədər axıb gəlir. Qapıdan çıxıb iyli, çirkab suların üstündən hoppana-hoppana keçib gedirik. Hələ suyu bir az çox axıdanda həyətlərimizə də dolur. Natəmizlik baş alıb gedir. Bir də görürsən məhəllənin ortasında suyun üzündə toyuq başları «üzür»».

Sakin Cavid Mansurlu deyir, hələ bu harasıdır, bir də baxırsan ki, məhəllədə «qan su yerinə axır»:

«Həftədə 1-2 dəfə toyuq kəsimi olur. Qanlı su məhəlləmizə axıdılır. Bu mənzərə həm iyrəncdir, həm də psixoloji pis təsirləri var. Vallah, şəxsən mən özüm az qalıram hərdən havalanam, adam nə qədər qan görər? (gülür) Məsələ ciddidir, burda uşaqlar böyüyür, onların hər dəfə məhəlləyə çıxanda toyuq başları, qan görmələri psixoloji pozuntularına səbəb ola bilər».

«BİR AZ ŞİŞİRDİRLƏR»

Sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət ediblər.

Sumqayıt şəhər İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, çirkab suların axıdıldığı ərazi məhəllədən aralıdır:

«Sakinlər bir az şişirdirlər. Əvvəla, orda cəmi bir quşçuluq sexi var, ancaq başqa təyinatlı sexlər də var. Suyu təkcə quşçuluq sexi axıtmır, bir neçə sexin çirkab suyu axıdılır. Suların bir hissəsi arxla axıdılır. Oralar əvvəldən sənaye sexlərinin yerləşdiyi ərazi olub, evlər də əvvəllər qanunsuz tikilib. Düzdür, ekoloji çirkləndirilmə var, çirkab sular yerin üstüylə axıdıla bilməz».

Qurumdan bildirilib ki, ekoloji çirklənmənin önlənməsi üçün aidiyyəti qurumlara müraciət olunub.

XS
SM
MD
LG