Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:39

Xədicə İsmayıl: 'Geri çəkiləcəyimdən qorxurdum'


Svetlana Alexievich və Xədicə İsmayıl
Svetlana Alexievich və Xədicə İsmayıl

Currenttime.tv öz saytında Nobel mükafatı laureatı Svetlana Alexievich-in azərbaycanlı araşdırmaçı-jurnalist Xədicə İsmayılla müsahibəsini yerləşdirib.

Jurnalist haqda verilən bilgidə deyilir: «İsmayılovanın yazılarından bəlli olub ki, Azərbaycan hökuməti 2012-ci ildə gəlirli qızıl yataqlarının istismar haqqını prezident ailəsinə verib. 2014-cü ildə Xədicə İsmayılova yazıb ki, Əliyevin qızları ofşor şirkətlər vasitəsilə ölkənin əsas mobil rabitə operatorlarından biri olan «Azercell»ə nəzarət edirlər. Bundan başqa, onun verdiyi məlumata görə, Əliyevlər ailəsi Bakıda azı 6 dəbdəbəli otelə nəzarət edir. Əliyevin qızı Leylanınsa Moskva ətrafında, Rublyovkada dəbdəbəli malikanəsi var».

«ONLAR GƏLƏCƏYƏ İNANMIRLAR»

Svetlana Alexievich-in qadınların müqavimət gücü barədə sualına cavab verərkən Xədicə İsmayıl belə deyib: «Bəlkə də biz qadınlar inanırdıq ki, qadının işi daha asandır. Qadını həbs etməzlər, qadınla kişi ilə davrandıqları kimi qəddar davranmazlar və s. Nədənsə, biz buna inanırdıq. Elə deyilmiş. Qadını həbs edirlər. Qadını şantaj edirlər. Qadınla pis davranırlar. Elə fəal qadınlar var ki, onlara qarşı elektroşok və işgəncəyə əl atıblar. Əslində, statistika göstərir ki, araşdırmaçı-jurnalistlərin çoxu qadınlardır. Səbəbini bilmirəm, yəqin ki, sosioloqlar... daha yaxşı anlamalıdırlar».

«Mənə tez-tez deyirlər: «Siz romantiksiniz, idealistsiniz». Xatırlayıram, həbsdən öncə məni MTN-ə çağırmışdılar. Mənə jurnalist Elmar Hüseynovun qətlindən yazmayacağım haqda kağız imzalatdırmaq istəyirdilər. O kabinetdə düz üç saat oturdum və hər iki sualdan sonra mənə deyirdilər ki, mən romantikəm. ...Müstəntiqdən soruşdum ki, bu qədər romantikadan danışdığına görə bəlkə məni görüşə dəvət etmək istəyir.

...Onlar gələcəyə inanmırlar. Onlar bu günlə yaşayırlar. Onlar düşünürlər ki, mümkün qədər çox oğurlamaq lazımdır. Düşünürəm ki, onların problemi həm də odur ki, onlar nə özlərinin, nə də cəmiyyətin gələcəyinə inanırlar. Onlar gələcəyə inansaydlar, mümkün qədər tez varlanmaq yox, nüfuzları barədə düşünərdilər».

DÜZGÜN QURULMAYAN ƏHVALAT

«Siz ölümdən qorxmursunuz» sualına Xədicə İsmayıl belə cavab verib:

«Bilirsiniz, onlar əhvalatı dramaturji cəhətdən düzgün qurmadılar. Onlar ən güclü silahdan başladılar. Azərbaycanda qadına ediləcək ən pis şey onunla bağlı intim səhnələri videoya çəkib, sonra onu şantaj etməkdir. Bu, öldürməkdən, həbsdən, işgəncədən ... daha betərdir. Onlar da buna lap öncə əl atdılar. Bundan sonra daha heç nə qorxulu deyildi. Ümumiyyətlə, qorxulu deyildi.

Xədicə İsmayıl
Xədicə İsmayıl

...Mən bu taktikanın, göstərdiyim müqavimətin işə yarayacağını bilmirdim... Heç necə reaksiya verəcəyimi də bilmirdim. Əvvəllər bu, digər jurnalistlərin başına gəlirdi. Onlar mübarizədən, ...öz işlərindən birdəfəlik imtina edirdilər...Bu mənim başıma gələndən əvvəl mən hətta çadır almışdım və zarafatla deyirdik ki, çəkməsinlər deyə işimizi bu çadırın içində görərik. Muammar Qaddafi hər yerə öz çadırı ilə gedirdi, elə deyil? Bax, mən də çadır almışdım. Düzdür, Qaddafi-ninki kimi deyildi, daha balaca idi...

Necə reaksiya verəcəyimi bilmirdim. Sonra bu məktub gəldi. Həmin vaxt qəzəb qorxudan güclü idi... Bir neçə saatdan sonra qorxu başladı. Ancaq videonu yayacaqlarından yox, geri çəkiləcəyimdən qorxurdum. Mən də etdim – dərhal araşdırmalarımın mövzusunu elan etdim. Mən eyni zamanda üç-dörd mövzu üzərində işləyirdim. Mövzuları dərhal elan etdim ki, sonra geri çəkilmək imkanım olmasın. Yəni özüm özümə geri çəkilməyi qadağan etdim. Çünki geri çəkilmək onların bunu bizə dönə-dönə etməsinə imkan vermək demək idi. Geri çəkilmək onların özlərini qalib hiss etməsinə imkan vermək idi. Geri çəkilmək sonra bu yüklə yaşamalı olmaq demək idi...».

S.Alexievich: – Siz həbsxanada olanda bilirdiniz ki, 5, 7 il ola bilər...

X.İsmayıl: – Olsun 7 il. Nelson Mandela 27 il həbsdə olub.

DEPRESSİV AN VƏ SONRA...

Jurnalist deyir:

«Həbsdə yumor çox kömək edirdi...

Onlar görəndə ki, sən əzab çəkmirsən... Onlar gözyaşı, müqavimət görməyəndə, insanın narahat olduğunu görməyəndə, istəkləri yoxa çıxır... Qəzetə məqalə yazdığıma görə məni karserə göndərmişdilər... Sabahısı gün məni təcridxananın rəisinin yanına gətirdilər. Otağa girən kimi ilk dediyim şey bu oldu: «Əgər siz düşünürsünüzsə ki, orada özümü pis hiss edirəm, bu doğru deyil. Xahiş edirəm məni orada saxlayın. Ora mənim xoşuma gəlir. Sakitlikdir, kitab oxuya bilirəm, pəncərədən də ulduzları görürəm. Kamerada olanda isə mən ulduzları və ayı ancaq sizin poqonlarınızda görürəm, ona görə, xahiş edirəm, məni karserdə saxlayın». O çaşdı. O, mənə sövdələşmə təklif etməyə hazırlaşırdı: yəni daha yazmasan, səni karserdən buraxarıq. Sövdələşmə isə daha yersiz idi, çünki karser mənim xoşuma gəlirdi. Bundan sonra daha məni bir dəfə də karserə salmadılar».

«Şantajdan sonra, biz bütün o naqilləri tapdıq. Biz vanna otağında da naqil tapanda, bu, çox depressiv an idi. ...Bundan sonra bir həftə mənim orqanizmim dayandı. Mən heç ayaqyoluna, hamama da getmirdim. Mən sadəcə, vanna otağına girə bilmirdim. Mən artıq başqa evdə yaşayırdım və s., amma hər şey, bütün sistemim dayanmışdı.

O an mənim keçmiş tələbələrimdən biri, həmkarım gəlib dedi: «Gəl qızıl yataqları barədə araşdırma edək». O an mən düşünürdüm ki, vəssalam, daha heç bir qadın bu işlə məşğul olmaq istəməyəcək. Və o an tələbəm, qadın, gəlib mənə belə dedi. Bilmirəm, bəlkə də həyatımı o qıza borcluyam. Çünki orqanizmim yenidən çalışmağa başladı, hər şey yenidən açıldı».

XS
SM
MD
LG