Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:52

S.Seyidov: 'Dövlətin təklif etdiyi dialoqdan imtina etmək nə deməkdir?'


S.Seyidov
S.Seyidov

Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosunun suallarını cavablandırıb.

- "Human Rights Watch" və "Amnesty International" ayrı-ayrılıqda bəyanatla çıxış ediblər. Onların bəyanatında deyilir ki, Azərbaycan hakimiyyəti koronavirusun yayılmasını yavaşıtmağı hədəfləyən məhdudiyyətlərdən müxalifət fəallarının həbsi və hökumət tənqidçilərinin susdurulması üçün sui-istifadə edir. HRW bildirir ki, hakimiyyətin azı 6 fəalı və müxalifyönlü jurnalisti karantin qaydalarını pozmaq və polisin göstərişlərinə əməl etməmək kimi saxta ittihamlarla 10 sutkadan 30 sutkayadək həbs edib. Hər iki qurum buna son verilməsinə çağırır. Bu tənqid və çağırışları necə dəyərləndirirsiniz?

- Adını çəkdiyiniz təşkilatların Azərbaycanla bağlı mövqeyi çoxdan bəllidir. Ona görə də bunların bəyanatları məni heç də təəccübləndirmir. Elə bunların bəyanatları əsasında Avropa Şurası, başqa beynəlxalq təşkilatların deputatları, məruzəçiləri həqiqətəuyğun olmayan fikirlərlə çıxış edirlər. Təəssüflər olsun ki, dünyanı bürümüş bu infeksiya içində, faciə içində bunlar yenə də niyyətlərindən əl çəkmirlər. Məhz belə ağır, dünyanın seçim qarşısında qaldığı vəziyyətdə bu şəkildə bəyanatlardan sonra onların sözünün, münasibətinin əhəmiyyəti şübhə altına düşür. Bir müddət qabaq Avropa Şurasının məruzəçiləri də Azərbaycanı ittiham etməyə başladılar. Onların bəziləri heç Azərbaycanda olmayıb, öz ölkələrində sərt karantin rejimi ucbatından çölə də çıxa bilmirlər. Ancaq Azərbaycanda hansısa demokratik hüquqların pozulması ilə bağlı səslərini qaldırırlar. Biz artıq bilirik ki, ortaya konstruktiv yanaşma qoysaq belə, bunu qəbul etməyən qüvvələr olacaq. Xoşbəxtlikdən hamı belə deyil, orda normal düşüncəli, hər şeyi başa düşən insanlar da var. Ancaq təəssüf ki, bu qurumları çox pis vəziyyətə qoyan məkrli qruplar var. Mən ittihamları qəbul etmirəm.

- Səməd müəllim, karantin dövründə bir neçə müxalifət fəalı həbs olunub. Onların təmsil olunduğu partiyalar da iddia edirlər ki, bu, məhz siyasi hüquqların məhdudlaşdırılması ilə bağlıdır.

- Xeyli adam həbs olunmayıb. Siz də həmin propaqandanın təsiri altındasınız.

- Təxminən 7 nəfər həbs olunub.

- Heç bir müxalifətçi həbs olunmayıb. Konkret olaraq ümumi proses gedir, kimsə rejimi pozur, kimsə qaydanı pozur və bunların hamısını müxalifətə şamil etmək, müxalifətçilərin həbs edildiyini, onlara qarşı nəsə işlər aparıldığını demək tamamilə ədalətsizlikdir. Müxalifətçi yox, lap iqtidar nümayəndəsi olsun... Siz bütün hüquq-mühafizə orqanlarının fəaliyyətini şübhə altına alırsınız. Heç kim müxalifətçiliyinə görə həbs edilməyib. Birinin adını da çəkə bilməzsiniz. Hər birinin əsası var. Onların müxalifətçi olduğuna görə həbs edildiyini demək, bu cür təqdim etmək beynəlxalq qurumların fəaliyyəti və məqsədidir. Biz də bunu başa düşürük. Bunu Polşaya, Macarıstana, Türkiyəyə qarşı da edirlər. Ona görə bu gün beynəlxalq qurumlar - BMT, Avropa Birliyi, Avropa Şurası böhran içindədir. Hamısı siyasiləşib. Sizin adını çəkdiyiniz insan hüquq təşkilatları siyasi sifarişləri yerinə yetirirlər. Azərbaycanda heç kim müxalifətçi olduğuna görə həbs edilməyib, belə fakt yoxdur.

- Müsavatçı Tofiq Yaqublu ailəsi ilə bazara gedib və orda onun avtomobilini vurublar, hər halda ailəsi belə deyir. İndi o xuliqanlıqda ittiham olunur. Bunu istintaq araşdıracaq, amma bu gün də həmin avtomobildəki videoreqistratora, həmin küçədəki kameralara düşən görüntülər açıqlanmır. Bu qərəz deyil?

- Birincisi, istintaqa nə Sizin, nə də mənim müdaxilə ixtiyarımız var. İkincisi, Tofiq Yaqublunun maşınının vurulmasından, münaqişədən danışırsınız. Niyə müxalifətçi Tofiq Yaqublunun birbaşa evindən həbs edilməsindən danışmırsınız? Ola bilməz axı bu. Hadisə baş verib, araşdırılır, həmin şəxs də saxlanılıb.

- Yaxınlarının dediyinə görə, onun avtomobilinin vurublar, indi isə özünün...

- Siz hakimsiniz, müstəntiqsiniz ki, bunun qeyri-obyektiv olması qənaətinə gəlmisiniz? Proses gedir və bu zaman hər şey üzə çıxacaq. Hər hansı məsələ qeyri-obyektivdirsə, onun da həlli yolu var, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyası altındadır, həmin instansiyaya müraciət etsinlər. Ancaq istintaq yekunlaşmamış, məhkəmə olmamış kimsə deyəcəksə "bu qeyri-obyektivdir", onda mən də deyirəm ki, o təşkilatlar özləri qeyri-obyektivdir. Siz istintaqa təzyiq və təsir göstərirsiniz.

- Biz hansı təzyiqi göstərə bilərik?

- Siz sual verdiniz, mən də cavab verdim.

- Səməd müəllim, bütün bunlar prezident İlham Əliyevin siyasi dialoq haqda danışdığı bir vaxtda baş verir. Müxalifətə dialoq təklif olunur və eyni vaxtda qarşı tərəf təzyiq və təhdidlərin olduğunu bildirir. Bu ab-havada dialoq nə qədər realdır?

- Bunu həmin qüvvələrdən soruşun. Cənab prezident parlamentdəki birinci çıxışında bu haqda konkret danışdı. O dedi ki, bu dialoq təklifi istisnasız olaraq hamıya təklif edilib, hamıya. Amma nəyə görəsə bu hamının içində bəzi qüvvələr dialoqdan imtina ediblər. Nə deməkdir dialoqdan imtina etmək? Nə deməkdir dövlət tərəfindən, özü də indiki dövrdə təklif olunan əməkdaşlıqdan imtina etmək? Ona görə bu sualı mənə verməyin. Biz həmişə dialoqun tərəfdarı olmuşuq. Sualı o qüvvələrə verin ki, guya dialoqdan bunlar imtina etməyiblər, bunlardan imtina ediblər. O qüvvələr birləşməyə meylli deyillər, dövlətin, hökumətin, xalqının infeksiya ilə bağlı apardığı işlərə qoşulmaq niyyətində deyillər. Onlarla necə dialoq aparmaq olar?

- İmtina edənlər bir-iki siyasi qüvvədir. Amma İlqar Məmmədov, Pənah Hüseyn və başqaları Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşdülər. Onlarla dialoq və ya görüşü davam etdirmək olmazdı?

- Siz görmürsünüz indi nələr baş verir? Dünyanı xata bürüyüb. Söhbət axı ondan getmir ki, bu gün 10-15 nəfər bir yerdə oturaq. Biz bu gün parlamentin komitə sədrləri onlayn iclas keçirmişik. Ünsiyyət onlayn şəklindədir, bir yerdə toplanmaq təhlükəlidir. Siz elə danışırsınız, elə bil, dünyada koronavirus yoxdur. Siz məni təəccübləndirirsiniz.

- Səməd müəllim, elə partiya sədrləri ilə də onlayn görüş keçirmək olardı.

- Bütün müxalifət qüvvələri, o cümlədən adını çəkdiyiniz İlqar Məmmədovla, Pənah Hüseynovla, başqaları ilə müvafiq qurumlar dialoq üçün söhbət aparıblar. Bu insanlar özləri də dialoqa hazır olduqlarını bildiriblər. Onlarla hansısa formada söhbət davam etdiriləcək. Siz söhbəti başqa istiqamətə yönəldirsiniz. Rəsmi imtina edənlər var. Onlardan soruşun dialoqdan niyə imtina ediblər.

- Onlar deyir: "Biz real dialoq tərəfdarıyıq".

- Onlar dialoqun mənasını başa düşməlidirlər. Dialoq ondan ötrüdür ki, tərəflər arasında hər hansı problemlər həll olunsun. Yox, mən dialoqa şərtlərlə gəlirəmsə, bu, dialoq yox, təzyiqdir. Misal çəkmək düzgün deyil. Dağlıq Qarabağ münaqişəsi niyə indiyədək həll olunmur? Erməni tərəfi heç vaxt kompromisə getməyəcəyini, torpaqları qaytarmayacağını deyir. Ona görə də normal şəkildə danışıqlar alınmır. Gərək torpaqları qaytarsın ki, Dağlıq Qarabağın statusu haqqında danışıqlara başlayaq. Sən dialoqa hazır deyilsənsə, dialoq da olmayacaq. İndi bu qüvvələr də eyni şəkildə davranır: "Biz heç nəyə hazır deyilik, şərtlərimiz var". Şərtlər varsa, dialoq nədir? Dialoq tərəflər arasındakı problemin aradan qaldırılmasıdır. Sual onlara verilməlidir, mənə yox.

XS
SM
MD
LG