Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:49

Türkiyə dronlarının geosiyasəti dəyişməsi – Qərb mediası


Bayraktar TB2 dronu ötən il Bakıda hərbi paradda nümayiş olunub
Bayraktar TB2 dronu ötən il Bakıda hərbi paradda nümayiş olunub

Qəzet qeyd edir ki, dronlar müharibələrin gələcəyini formalaşdırır, görünür, onları qabaqcıl texnologiyalı bahalı avadanlıqlarla yanaşı, ucuz və effektiv döyüş vasitələri ilə də aparmaq olar

“Wall Street Journal” qəzeti Türkiyə istehsalı olan ucuz və silahlı dronların döyüş zonalarını və geosiyasəti dəyişməsindən yazır. Bu dronların ötən il 2-ci Qarabağ müharibəsindəki rolu dəfələrlə vurğulanıb.

Azərbaycan müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri ala bildi. Amma 10 noyabr atəşkəs razılaşması ilə qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirildi.

Strateji balansın dəyişməsi

“Dünyada kiçik ordular düşmənlərinə qarşı bahalı olmayan, raketlərlə təchiz edilmiş dronlardan istifadə edirlər. Bu yeni döyüş taktikası ötən il regional münaqişələrdə özünü təsdiqlədi, Türkiyə və Rusiya ətrafında strateji balansı dəyişdi. Türkiyədə əlçatan rəqəmsal texnologiya ilə hazırlanmış dronlar Suriya, Liviya və Azərbaycanda Rusiya əlaltılarının tankları, digər zirehli texnikanı, havadan müdafiə sistemlərini məhv elədi”, – məqalədə deyilir.

Qəzet qeyd edir ki, dronlar müharibələrin gələcəyini formalaşdırır, görünür, onları qabaqcıl texnologiyalı bahalı avadanlıqlarla yanaşı, ucuz və effektiv döyüş vasitələri ilə də aparmaq olar.

Artıq Çinin Yaxın Şərq və Afrikaya aparıcı hərbi dron ixracatçısı kimi önə çıxdığı da vurğulanır.

TB2-nin MQ-9-dan fərqi

ABŞ Hava Qüvvələr Tədqiqat Laboratoriyası da innovasiya proqramı çərçivəsində Skyborg və Valkyrie adlı nisbətən ucuz avtonom dronlar hazırlayır. Qəzet qeyd edir ki, İsrail və Birləşmiş Ştatlar çoxdandır terrorçuluğa qarşı əməliyyatlarda dronlardan istifadə edir. Amma bu ölkələr özlərinin top modellərini hətta müttəfiqlərinə belə satmağa tərəddüd ediblər, yayılmasından ehtiyatlanıblar.

Ötən iyulda Tramp administrasiyası ixrac siyasətini yüngülləşdirdi. Birləşmiş Ərəb Əmirlikləri yanvarda bildirdi, təxminən 3 milyard dollarlıq ABŞ istehsalı olan 18 MQ-9 dronu almaqla bağlı razılaşma imzalayıb.

Ancaq məqalədə Türkiyə istehsalı olan TB2-nin daha yüngül silahlandığı, etibarlı olduğu, bir növ sovetin Kalaşnikov Ak-47 avtomatının keyfiyyətlərini xatırlatdığı bildirilir. Əhatə dairəsi MQ-9-nin beşdə birinə bərabərdir. Bununla yanaşı altı Bayraktar TB2 dronu, quru qurğuları və digər əsas əməliyyat avadanlığı ilə birlikdə onmilyonlarla dollara başa gəlir, MQ-9-la bağlı rəqəm isə yüzmilyonlarla dollarla ölçülür.

XS
SM
MD
LG