Rusiyanın Tacikistanda yerləşən iri hərbi bazasından 1500-dək əsgər Ukraynaya göndərilib. AzadlıqRadiosu bu məlumatı bir neçə mənbədən alıb. Mənbələr daha 600 əsgərin paytaxt Düşənbə və ölkənin cənubundakı Boxtar şəhərindən Ukraynaya aparılacağını bildirib.
Tacikistan və Qırğızıstanın hərəsində Rusiyanın bir hərbi bazası var. Tacikistanda saxlanan şəxsi heyətin sayı 7 min, Qırğızıstanda isə 500-dür. Ancaq dəqiq say heç vaxt ictimailəşdirilməyib.
Rusiyanın regiondakı hərbi bazalarından AzadlıqRadiosunun əsgərlərin Ukraynaya aparılması ilə bağlı suallarını cavablandırmayıblar. Radionun əlaqə saxladığı rəsmi şəxs, Tacikistandakı 201-ci Rusiya hərbi bazasının baş media əməkdaşı Vasiliy Maxovoy sözügedən iddianı təsdiq və ya təkzib etmək istəməyib.
Təlim keçənlər var
Ancaq bir neçə başqa mənbə, o cümlədən bir neçə əsgər və bazaların yerli işçiləri bəzi əsgərlərin Ukraynaya göndərildiyini təsdiqləyib. Sakinlər və yerli dükan və restoranların işçiləri də onların məkanlarına tez-tez gələn rus əsgərlərinin sayında ciddi azalma hiss etdiklərini deyirlər.
1000 – 1500 rusiyalı əsgərin artıq Ukraynaya göndərildiyi, daha bir neçə yüz əsgərinsə müharibəyə göndərilməzdən öncə təlim keçməkdə olduğu deyilir.
Anonimlik şərtilə danışan iki rus əsgəri avqustun 27-də ayrı-ayrılıqda AzadlıqRadiosuna "qarşıdakı günlərdə daha 600 əsgərin Ukraynaya göndəriləcəyini” deyib.
Rusiya ordusuna məxsus anbarda çalışan bir mülki tacikistanlı son aylarda rusların sifariş etdiyi ərzağın həcminin azaldığını deyib. Adının çəkilməsini istəməyən işçi bunun bazadakı rus əsgərlərinin sayının azalması ilə bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsgərlərə Ukraynaya müvəqqəti göndərildikləri bildirilib.
“Hələ qayıtmayıblar”
"Bildiyim qədər əsgərlər orada dörd aydan çox qalmamalı idilər. Onlar Ukraynadakı xüsusi hərbi əməliyyatda iştirak edib yenə bura qayıdacaqdılar. Ancaq hələ qayıtmayıblar. Deyirlər ki, əsgərlər dörd aylarını tamamladıqdan sonra məzuniyyətə gediblər", – o deyib.
Xatırladaq ki, Rusiya özünün Ukraynada başladığı tammiqyaslı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır.
ABŞ-ın hesablamalarına görə, artıq avqustun əvvəllərində 80 minədək Rusiya hərbçisi Ukraynada öldürülmüş və ya yaralanmışdı. Rusiya ölüm saylarını müntəzəm ictimailəşdirmir.
Rusiya rəsmilərinin ordu sıralarını doldurmaq üçün muzdluları və hətta dustaqları döyüşə göndərdiyi deyilir. Çox sayda rus əsgəri və müqaviləli döyüşçüsünün Ukraynaya öz razılıqları olmadan aparıldıqları bildirilir.
Rusiyalı müştərilər azalıb
Tacikistanda hələ SSRİ dövründə yaradılmış 201-ci atıcı diviziya Moskvanın Rusiya xaricindəki ən böyük hərbi bazalarından biridir, şəxsi heyətinin sayı bir neçə mindir. Bəzilərinin orada ailələri ilə yaşaması bazanın yaxınlığındakı kiçik bizneslər üçün əlavə gəlir mənbəyi deməkdir. Yerli dükan və kafelərin işçiləri belə deyir.
Taksi sürücüləri, dükan sahibləri və restoran işçiləri son zamanlar rusiyalı müştərilərin azaldığını söyləyirlər.
Düşənbə sakini Abdurahim Solehov Rusiya hərbi bazası yaxınlığında mənzilləri qısamüddətli kirayəyə verir. Müştərilərinin çoxu da Rusiya hərbçiləridir. Solehov son iki ayda heç bir müştərisi olmadığını deyir.
Kant bazası
Rusiya 2021-ci ilin sonlarında, Ukraynaya hücumdan bir neçə ay öncə Mərkəzi Asiyadakı hərbi bazalarını gücləndirməyə başlayıb.
Qırğızıstanda Kant hava bazasına yaxın ərazilərdə yaşayan yerli sakinlər oraya qəfildən Tıvadan çox sayda müqaviləli əsgərin gətirildiyini və sonradan onların, demək olar, hamısının Ukraynaya göndərildiyini deyirlər. Sakinlər əsgərlərlə yaxşı münasibətdə olduqlarını bildirirlər.
Tacikistandakı hərbi bazaya isə dekabrın əvvəlində əlavə 30 yenilənmiş T-72B3M tankı gətirilib. Həmin vaxt burada Rusiya əsgərləri raket-müdafiə sistemləri ilə təlim keçirmişlər.
O zaman Rusiya mətbuatı və ordu rəsmiləri bütün bunları Əfqanıstandakı vəziyyətlə izah ediblər.