Nizami rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun cəzalandırılmasından ötrü xüsusi qərar çıxarılıb.
Bakı Apellyasiya Məhkəməsi hakimlər kollegiyasının verdiyi həmin qərar R.Əhmədov haqqında tədbir görülməsi üçün Məhkəmə-Hüquq Şurasına göndərilib.
Səbəb paytaxtın Nizami rayonunda tikinti aparan "Kursus-Nizami" şirkətinin yerli sakinlərlə mübahisəsidir. Şirkət müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə üz tutub və tikinti ərazisindəki binalara girişin yasaqlanmasını, sakinlərin köçürülməsini, evlərin boşaldılıb sökülməsini istəyib.
R.Əhmədov da 15 oktyabr 2024-cü il tarixli qərardadı ilə bu ərizəni təmin edib. Qərarını da belə əsaslandırıb ki, evlər köhnədir, qəzalı vəziyyətdədir və s.
"Kursus-Nizami" MTK ilə sakinlər arasında Nizami rayon Məhkəməsində xeyli müddətdir məhkəmə çəkişməsi gedir. Hazırda ayrı-ayrılıqda bir neçə məhkəmə işi var. Proseslərin gedişində sakinlər məsələ qaldırıb ki, yekun qərar verilənədək şirkətə binaları sökmək qadağan olunsun. Bu üzdən, bəzi hakimlər yekun qəraradək söküntünü yasaqlayan müvəqqəti təminat tədbiri haqda qərardad çıxarıb.
Hakim R.Əhmədovun söküntüyə icazə verən qərarından sonra absurd durum yaranıb: Eyni məhkəmə bir qərarla söküntünü qadağan edir, digər qərarla icazə verir.
Söküntüyə icazə qərarından apellyasiya şikayəti verən sakinlər həmin qərarı mülkiyyət hüququna qəsd kimi dəyərləndirərək onun ləğvini istəyiblər.
"Hakim Rauf Əhmədov "Karsus-Nizami" MTK-nın qanunsuz hərəkətlərinə yaşıl işıq yandırdı"
Sakinlərdən Fikrət Həsənov şikayətində evindən istifadə hüququnun əlindən alındığını, mülkiyyət hüququna təcavüz edildiyini vurğulayıb.
"Hakim Rauf Əhmədov "Karsus-Nizami" MTK-nın qanunsuz hərəkətlərinə yaşıl işıq yandırdı. Şirkətin fəhlələri gəlib evimi sökmək istəyəndə "102"yə zəng elədim. Polislər gələndən sonra çıxıb getdilər. Binadakı istilik xətləri, həyətdəki asfalt vicdansızcasına sökülüb", - şikayətçilərdən Diana Andreyevanın sözləridir.
Bakı Apellyasiya Məhkəməsinin hakimlər kollegiyası belə nəticəyə gəlib ki, R.Əhmədov bu qərarla vətəndaşların mülkiyyət, mənzil toxunulmazlığı hüquqlarını pozub.
"Maraqlı şəxslərin şikayətlərində qeyd olunduğu kimi, bu məzmunda qərardad çıxarmaqla birinci instansiya məhkəməsi bütün maddi, prosessual norma və prinsipləri pozub, maliyyə cəhətdən güclü mövqedə olan, geniş maliyyə imkanları olan "Kursus-Nizami" MTK-nın maraqlarını müdafiə edib", - apellyasiya məhkəməsinin oktyabrın 23-də R.Əhmədov haqqında çıxardığı qərarda belə yazılıb.
R.Əhmədovun 50 yaşı var və o, 14 ildir məhkəmə hakimi çalışır. Daha öncə Xətai rayon Məhkəməsində fəaliyyət göstərib.
O, 1998-2014-cü illərdə "Bakı Metropoliteni" QSC-nin rəhbəri olmuş Tağı Əhmədovun oğludur.
T.Əhmədov bu il oktyabrın 18-də 76 yaşında vəfat edib.