Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:12

Üst mərtəbə cənnət, alt mərtəbə cəhənnəm...


►Yeni tamaşada ikimərtəbəli dekorasiya olacaq

Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə başlanıb.

Teatrın Mətbuat Xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” adlı tamaşanın süjet xəttində çəkməçi Marufla onun ifritə arvadı Fatma arasındakı təzadlı, ziddiyyətli münasibətlər dayanır.

Bu nağıl “1001 gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırmaq qərarına gəlib.

Səhnə əsərinə gənc və istedadlı rejissor İradə Gözəlova quruluş verəcək.

“999-cu gecə” böyüklər üçün nəzərdə tutulan nağıldır.

Rejissor bu fikirdədir ki, böyüklərin də nağıla ehtiyacı var və bu ehtiyac ödənməlidir:

"Gözlənilməz olaylarla zəngin olan tamaşada qeyri-adi dekorasiyadan istifadə olunacaq. Dekorasiya ikimərtəbəli olacaq və hər mərtəbə simvolik məna daşıyacaq. Məsələn, üst mərtəbə cənnət, alt mərtəbə cəhənnəm anlamında olacaq. Beləcə, xeyir və şər, eşq və nifrət, işıq və zülmət, varlı və kacıb və s. təbəqələşəcək. Bu fonda biz xeyirlə şərin əbədi qarşıdurması ilə yanaşı, böyük bir eşq uğrunda mübarizənin şahidi olacağıq...”

Tamaşanın musiqi tərtibatında bənzərsiz bəstəkar Fikrət Əmirovun məşhur “Min bir gecə” baletinin musiqisindən və ölməz mahnılarından istifadə olunacaq.

Buna da bax: Yanvar aksiyalarından sonra bircə məhsul ucuzlaşıb

Tamaşanın quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeystri Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Tamaşada rolları Novruz Qartal, Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elxan İsmayılov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər.

“999-cu gecə” İradə Gözəlovanın Musiqili Teatrda hazırladığı ikinci tamaşadır.

Onun ilk işi Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” tamaşası olub.

XS
SM
MD
LG