“Veskipar (Əskipara) kəndində Rusiya sərhədçilərinin yerləşdirilməsi nəyinsə verilməsi demək deyil”.
AzadlıqRadiosu erməni xidmətinin avqustun 9-da verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan radioya müsahibəsində deyib. Amma o, əlavə detallar barədə elə bir açıqlama verməyib.
Qeyd edək ki, Ermənistanın müdafiə nazirliyi bu günlərdə Ermənistanın , Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan Tavuş bölgəsində-birinci Qarabağ müharibəsinədək Azərbaycanın nəzarətində olan Əskipara kəndində Rusiya sərhədçiləri yerləşdirilməsi barədə məlumat yayıb.
Bu məlumat Tavuş bölgəsinin sakinlərini narahat etməyə başlayıb. Yerli sakinlər deyirlər ki, vaxtilə Azərbaycanın nəzarətində olan bu bölgədəki bir neçə sərhəd kəndi ötən il imzalanmış 3 tərəfli atəşkəs razılaşmasından sonra geri qaytarıla bilər.
Qeyd edək ki, 44 günlük son Qarabağ savaşı və 3 tərəfli atəşkəs razılaşmasından sonra, mətbuatda, Ermənistanın Tavuş vilayəti ilə həmsərhəd olan Azərbaycanın Qazax rayonunun anklav kəndlərinin yenidən Azərbaycana qaytarılması barədə məlumatlar dolaşır. Hələlik bu məsələylə bağlı son durum barədə elə bir rəsmi açıqlama yoxdur.
Qazax rayonunun işğal olunmuş 7 kəndi.
1992-ci ildə Azərbaycanın Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal olunub.
Bu kəndlərdən üçü - Sofulu, Barxudarlı və Yuxarı Əskipara Azərbaycanın Ermənistan ərazisindəki anklavlarıdır.
Xatırlatma
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və həmin il noyabrın 9-da imzalanmış 3 tərəfli atəşkəs razılaşmasması ilə, Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Qarabağdakı erməni icmasının yaşadığı Azərbaycan əraziləri ilə Azərbaycan ordusu arasındakı təmas xəttində isə Rusiya hərbçiləri yerləşdirilib.