Mayın 26-dan 30-na kimi Bakıda "Teknofest Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. Festivalın təşkilatçıları qismində Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi, Türkiyə Texnologiya Komandası (T3 Fondu) çıxış edir.
Azərbaycan bu festivala hansı məhsullarını çıxaracaq? Qeyd edilən sahədə ölkədə vəziyyət necədir?
"Pilotsuz uçuş aparatları nümayiş olunacaq"
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Turan"a bildirilib ki, sərgi guşələrində ən son texnologiyalar nümayiş olunacaq. Vurğulanıb ki, festivalda Azərbaycan istehsallı rəqabətədözümlü, intellektual texnoloji məhsullar da təqdim olunacaq: ""Elm və Texnologiyalar Parkı" MMC tərəfindən hazırlanmış pilotsuz uçuş aparatları nümayiş olunacaq. Bu dronlar kənd təsərrüfatı sahəsində monitorinq üçündür və multispektral kameralar vasitəsilə bitki örtüyünün, torpağın öyrənilməsini nəzərdə tutur".
Məlumata görə, orada Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) institutlarının təqdim etdiyi məhsullar da olacaq: "Mikrokompüter pilotsuz uçuş aparatlarının adaptasiya oluna bilən idarəetmə sisteminin funksiyalarını həyata keçirmək üçün işlənib hazırlanıb. Karbohidrogenlərin çıxarılması, nəqli və saxlanılması işlərində tətbiq olunan, dünyanın bir çox ölkəsində sınaqdan keçirilmiş texnologiya,... süni intellektə əsaslanan və ağciyər xərçənginin təyinində insanın qan plazmasından istifadəni nəzərdə tutan texnologiya da sərgidə yer alacaq".
"Konseptual baxış yoxdur"
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz də AzadlıqRadiosuna bildirib ki, son bir neçə ildir Azərbaycanda bu sahəyə ciddi maraq yaranıb: "Məktəblərdə də informatikanın tədrisinə diqqətin artırılması ilə bağlı ciddi işlər aparılır".
Onun fikrincə, buna baxmayaraq bu sahədə problemlər də var: "Ən ciddi problem odur ki, bu innovasiyalar sahəsinə bir konseptual baxış yoxdur. Bununla bağlı bir strategiya qəbul olunmalı idi, amma üç ildir bu strategiya qəbul oluna bilmir. Prezidentin sərəncamı olsa da, "ağıllı şəhər"lə bağlı bir konsepsiya yoxdur. Eyni zamanda, rəqəmsal transformasiya ilə bağlı bir konseptual sənəd olmalıdır".
"Böyük vəsaitlərin qarşılığında effektivlik..."
O.Gündüz əlavə edib ki, Azərbaycanda informasiya texnologiyaları, yüksək texnologiyalar sahəsinə kifayət qədər vəsait ayrılır: "Amma effektivlik baxımından bu sahəni elə də yüksək hesab etmək olmaz. Əlbəttə ki, müəyyən uğurlar var. Amma ayrılan böyük vəsaitlərin qarşılığında effektivlik yetərli deyil".
Mütəxəssisin sözlərinə görə, süni əngəllər da mövcuddur: "Bizdə festival keçiriləcək, dronlar nümayiş etdiriləcək. Amma ölkəyə məktəbli, yeniyetmə adi dronu gətirmək istəsə, altı qurumdan icazə almalıdır. Bunu sadələşdirmək lazımdır. Bir quruma verib, parametrləri müəyyənləşdirərək qeydiyyatı asanlaşdırmaq olar".