Sentyabrın 15-də yeni tədris ili başlayır. Regionlardan Bakıdakı ali məktəblərə daxil olan tələbələr artıq bu şəhərə üz tutmağa başlayıblar. Amma onların bir çoxu özlərinə kirayə ev tapmaq məcburiyyətindədirlər.
Paytaxtdakı əksər universitetlərin yataqxanalarında illərdir məcburi köçkünlər məskunlaşıb, bəziləri isə tam köhnəlib və yararsız hala düşüb. Üstəlik, Rusiyanın Ukraynaya təcavüzü və bu üzdən həmin ölkələrdən Azərbaycana bir çox insanların gəlişinin kirayə bazarında qiymətlərə təsir etdiyi deyilir. Bəzi söhbətləşdiyimiz maklerlərin deməsinə görə, Bakıda hazırda 450 manatdan ucuz normal kirayə ev tapmaq müşkül məsələdir. Ölkədə minimum əməkhaqqı isə cəmi 345 manatdır.
Cəmi 2.5 faiz…
Rəsmi məlumata görə, ölkə üzrə ali təhsil müəssisələrində oxuyan tələbələrin təqribən 2.5 faizi yataqxanalarla təmin edilir. Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali təhsil müəssisələrinin 53 yataqxana binası var və onlardan yalnız 16-sının təmirli olduğu deyilir. Son illərdə yalnız bir yataqxana - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ərazisində 800-nəfərlik yataqxana tikilərək istifadəyə verilib.
"Sosial yataqxanaların yaradılması nəzərdə tutulur"
Məsələ ilə bağlı Elim və Təhsil Nazirliyi ilə danışmaq mümkün olmayıb. Amma Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da "Turan"a bildirib ki, indi Azərbaycan təhsilinin ən böyük problemlərindən biri məhz yataqxana məsələsidir: "Xüsusilə də bu il kirayə evlərinin qiyməti daha da fantastikdir və bu, tələbələr üçün problemlər yaradır. Bunu nəzərə alaraq biz ən qısa zamanda yataqxanalar problemini həll etməliyik. Əlbəttə, birdən- birə bu məsələnin həlli çətindir, amma ən azından hansısa müəyyən işlərə biz başlamalıyıq".
Deputatın sözlərinə görə, yeni qəbul olunacaq "Ali təhsil haqqında" Qanunda sosial yataqxanaların yaradılması nəzərdə tutulur: "Hesab edirəm ki, bu önəmlidir. Ona görə də biz çalışmalıyıq ki, bu qanun tez bir zamanda qəbul edilsin".
"Yaşam təqaüdünün verilməsi…"
Tələbə Güc Mərkəzinin sədri Fərid İmanov isə AzadlıqRadiosuna bildirib ki, təhsil dövlətin öhdəliyidir və bu problemin də həllində dövlət məsuliyyət daşıyır: "Dövlət universitetlərinə qəbul olan tələbələr üçün pulsuz, yaxud güzəştli şərtlərlə keyfiyyətli yataqxanaların tikilməsi və ya barınma problemini aradan qaldırmaq üçün müəyyən kriteriyalara uyğun yaşam təqaüdünün verilməsi bu problemin qismən həllinə nail ola bilər. Ümumi həllin isə kommersiya məqsədli təhsil sisteminin köklü şəkildə dəyişməsi ilə mümkün olacağı aşkardır".
Onun sözlərinə görə, dövlət tələbələri sanki Allahın ümidinə buraxıb: "Təqaüd miqdarı heç yaşam xərcini qarşılamayan, yarıdan çoxunun təqaüd almadığı bu tələbələr barınma və yaşam xərcini qarşılamaq üçün günün 12-13 saatı işləmək məcburiyyətindədirlər. Danışılan, amma gözlə görünməyən inkişaf tələbələrin çəkdiyi bu problemlərə çarə ola bilmir".
F.İmanov problemi tək dövlətin maliyyə sıxıntısında görmür: "Yataqxanalarda qalan tələbələrin bir-birini tanıdıqdan sonra kommunikasiyanın artması və onların təşkilatlanma ehtimalıdır. Buna görə də bu problem illərlə danışılsa da, həll edilmir".