İsveç məhkəməsi Özbəkistanın keçmiş prezidenti İslam Karimovun böyük qızının da adı keçən hay-küylü rüşvət işi araşdırmasının nəticəsi olaraq telekommunikasiya nəhəngi Telia şirkətinin üç keçmiş vəzifəlisinə qarşı ittihamlara xitam verib.
Şirkətin keçmiş baş icraçı direktoru Lars Nyberg və iki başqa müttəhim Özbəkistanda TeliaSonera adlanan şirkətləri üçün lisenziya almaq məqsədilə Gulnara Karimovaya 350 milyon dollar rüşvət verməkdə ittiham olunaraq ötən sentyabrda mühakimə edilmişdilər.
Fevralın 15-də Stokholm Sahə Məhkəməsi onların üzərində olan ittihamlara xitam verib.
AzadlıqRadiosu Özbək xidmətinin gördüyü məhkəmə sənədlərində deyilir ki, şirkətin üç vəzifəlisitəqsirli bilinməyiblər, çünki Karimova o vaxt telekommunikasiyalar sahəsində heç bir rəsmi vəzifəyə malik deyildi.
2017-ci ildə Nyberg, habelə Telianın Avrasiya üzrə keçmiş müşaviri Olli Tuohimaa və şirkətin keçmiş direktor müavini Tero Kivisaariyə qarşı ittihamlar irəli sürülmüşdü.
Bundan əvvəl Telia şirkəti bir ildir ki, davam edən korrupsiya araşdırmasına son qoyulması üçün 1 milyard dollar cərimə ödəməyə razılaşmışdı.
Telia özbək rəsmilərinə rüşvət verməkdə ittiham olunan yeganə beynəlxalq telekommunikasiya şirkəti deyil.
Rusiya holdinqlərindən birinin nəzarətində olan və Hollandiyada mənzillənən VimpelCom şirkəti ABŞ və Hollandiyanın ittihamları üzrə işin bağlanması üçün 2017-ci ilin fevralında 795 milyon dollar ödəməyə razılaşmışdı.
İndi 46 yaşı olan və bir vaxtlar yüksək təbəqəyə aid kübar qadın, moda dizayneri, pop müğənnisi və BMT-nin Cenevrədəki agentliyində səfir kimi tanınan Karimova Özbəkistana 25 il rəhbərlik etmiş İslam Karimovun siyasi varisi hesab olunurdu.
Lakin o Özbəkistanda bir neçə maliyyə cinayətlərində adı çəkildikdən sonra gözdən itmişdi. Onun əksər yoldaşları həbsxanaya salınmışdı.
Özbəkistanın Baş Prokurorluğu ötən il bildirmişdi ki, Karimova 2015-ci ildə 5 il müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilib. O və bir neçə yoldaşı pul qopardılmasında, mənimsəmədə və vergidən yayınmada ittiham olunurdular.
Karimova əlavə olaraq həm də maliyyə pozuntularında, dələduzluqda və çirkli pulların yuyulmasında ittiham edilmişdi.
Bundan əvvəl bir çox xəbərlərdə Karimovanın 2014-cü ildən bəri ev məhbusu olması barədə məlumat verilmişdi.