►“Ancaq onu işdən çıxarmaq lazımdı, ya başqa cəza verilməlidir, bunu bilmirəm. Müstəntiqdən soruşuram ki, bu halda neyləmək lazımdır, o da deyir: “Bilmirəm”.
Yanlış əməliyyat nəticəsində hər iki ayağını itirən Tərlan Məmmədovanın durumu “yaxşı deyil”. Onun qızı Tahirə Əliyeva AzadlıqRadiosuna deyib ki, anası reanimasiya şöbəsindədir, hələ də toparlana bilməyib:
“Vəziyyəti çox pisdir. Hələ də reanimasiya şöbəsindədir. Bir də görürsən bizi tanıyır, bir də görürsən tanımır. Əməliyyatdan qabaq belə şey yox idi. Bu boyda əzabdan, əməliyyatdan sonra necə olmalıdır? Huşunu itirir, özünə gələ bilmir. Ancaq ağrıkəsicilərlə, yuxu dərmanı ilə yaşayır. Bu adamı ayılmağa qoymurlar, bunu normal sayıram. Bu yaşda iki ayağını birdən itirib anam, bu ağrıya heç kim dözməz. Ona görə ağrıkəsici vururlar”.
“Xəstənin vəziyyəti orta-ağırdır”. Bunu da AzadlıqRadiosuna Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin rəhbəri Azər Şəmsəddinski bildirib:
– Vəziyyəti orta ağırdır, huşu özündədir. Bu gün iki həkim çağırmışam, böyrəyə və qana qarşı. Xəstənin qanında da problem var. Əlimizdən gələni edirik ki, bu vəziyyətdən çıxsın. Yanında həkim, tibb bacısı qalır. Dərman təchizatında problem yoxdur.
____________________________________________________________
Bunlara da bax:
Qənimət Zahidin qohumlarına 6 il həbs verildi
'Qohum, pul ver, biznes qurum'
____________________________________________________________
– Xəstənin özünə gəlməsi üçün təxminən nə qədər vaxt lazımdır?
– Ən azı, beş-altı gün. Qanında problem var, mütəmadi sistem vurulur, ona görə reanimasiyada qalmalıdır. Beş-altı günə palataya köcürüləcək. Tikişləri sökməyə hələlik tezdir. Bud nahiyəsində qan təchizatı pozulub. Sol ayağını bazar günü səhər tezdən kəsmişdim. Ekspertiza apardım, digərində də damar tutulmuşdu. Amma bir o qədər də yox, xəstənin 87 yaşı var, ola bilsin, həmin ayaq kəsilməzdi, bir-iki aydan, bəlkə də bir-iki ildən sonra müalicə ilə düzələrdi. Söhbət bundan gedir. Mən 45 ildir cərraham, birinci dəfədir belə şey eşidirəm. İnternetdə də baxdım, məsələn, sağ böyrək əvəzinə sol böyrəyi götürüblər, ancaq aşağı ətrafda belə səhvlə bağlı məlumat tapmadım.
– Bəs bu səhvə yol verən həkim cəzalandırılacaqmı? Hadisədən bir neçə gün keçir, ancaq həmin səhvin müəllifi olan Valeh Kərimov nə işdən uzaqlaşdırılıb, nə məsuliyyətə cəlb olunub.
– Yüz faiz cəzalandırılacaq. İndicə müstəntiq də burda idi, iş açılıb, qərar gözləyirik, komissiyanın rəyini gözləyirik. Tibbi ekspertizanın bir neçə günə cavabı açıqlanmalıdır. Mütləq bunun cəzası olacaq. Ancaq onu işdən çıxarmaq lazımdı, ya başqa cəza verilməlidir, bunu bilmirəm. Müstəntiqdən soruşuram ki, bu halda neyləmək lazımdır, o da deyir: “Bilmirəm”.
– Amma istənilən halda, Azərbaycan səhiyyəsinin rəsmiləri və ya elə həmin həkimin özü çıxıb üzrxahlıq etməliydilər, ən azı, üzrxahlıq edilməli idi, ya da...
– Yüz faiz razıyam. Həkim işə gəlmir, o gündən qaçıb. İki-üç şapalaq da vurublar ona, mən görməmişəm, düzdür. Eynəyi də yerə düşüb, qaçıb gedib. Mən onu görmədim ki, nəsə soruşum. Əlaqə də saxlamır. Uşaqlar indi deyirlər ki, hardasa məqalə dərc olunub, guya, kollektiv buna problem yaradır. Kollektiv niyə problem yaratsın sənə?
Tərlan Məmmədovanın qızı Tahirə Əliyeva isə baş verənlərə görə həkimi məhkəməyə vermək və təzminat tələb etmək barədə, hələlik, qəti qərara gələ bilmədiklərini söyləyir.
“Bu qərarı bacı-qardaşlarımla birgə verməliyik. Bu dəqiqə bizi xəstəmiz maraqlandırır, onun sağalmasına çalışırıq, əziyyət çəkir, tək o yox, elə hamımız. Azərbaycanda mən çox xəstəxanalarda olmuşam, xəstəyə fikir verən yoxdur. Qocaları isə futbol topu edib ora-bura atırlar”.
Ötən həftə həkim Valeh Kərimov 87 yaşlı diabet xəstəsi Tərlan Məmmədovanın amputasiya edilməli ayağı əvəzinə digərini kəsib. Bundan sonra Səhiyyə Nazirliyi komissiya yaradıb, eləcə də faktla bağlı cinayət işi açılıb.