Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:37

Məhkəmə Tərtər işgəncələrindəki ölümə görə cəmi 10 min manat təzminat kəsib: 'Belə qərar dövlət adına utancdır...'


'Tərtər işi'ndə oğlu bəraət alan ananın mübarizəsi: 'İnsanların başının əzilib öldürülməsi nə deməkdir?!'
Gözlə

No media source currently available

0:00 0:06:32 0:00

'Tərtər işi'ndə oğlu bəraət alan ananın mübarizəsi: 'İnsanların başının əzilib öldürülməsi nə deməkdir?!'

Tərtərdə 7 il öncə hərbçilərə qarşı işgəncələr nəticəsində həyatını itirənlərdən Elçin Quliyevin ölümünə görə cəmi 10 min manat təzminat kəsilib. Nəsimi rayon Məhkəməsi E.Quliyevin anası Validə Əhmədovaya dəymiş mənəvi ziyanı elə hesablayıb.

"Məhkəmə göstərilən bütün diqqətəlayiq halları (zərərçəkənlərin çoxluğunu, təqsirin növünün ehtiyatsızlıqdan olmasını, zərərçəkənin şəxsiyyətini, peşəsini) nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 10 min manat qiymətləndirilməsi daha ədalətli və ağlabatandır", - hakim Ramin Xəlilov qərarda belə yazıb.

V.Əhmədova məhkəmədə qaldırdığı iddiada oğlunun ölümü nəticəsində ona dəymiş mənəvi ziyana görə 5 milyon, maddi ziyanın əvəzi kimi isə 639 min manat təzminat tələb edib. O vurğulayıb ki, bu hadisə bütün həyatını darmadağın edib. Son 7 ildə üç övladından ikisini itirib, yaşananlardan sonra alitəhsilli daha bir oğlu da psixi xəstəliyə tutulub: "Elçinin ölümündən sonra dərin depressiyaya düşdüm, sonra da başım onun üstünə atılan "vətən xaini" damğasını təmizləmək üçün mübarizəyə qarışdı. Anadangəlmə xəstə olan, 21 il baxdığım qızıma əvvəlki kimi baxa bilmədim. O övladım da Elçindən bir müddət sonra vəfat etdi. Qardaşının ölümünü qəbul eləyə bilməyən, alitəhsilli o biri oğlum da qəfildən ağır psixi xəstəliyə tutuldu. İndiyədək həmin xəstəliklə yaşayır...".

E.Quliyev 2017-ci ilin mayında işgəncə nəticəsində həyatını itirsə də, cinayət işi başlanaraq ona qarşı dövlətə xəyanət və başqa ittihamlar irəli sürülüb. 2021-ci ilin dekabrında "Tərtər işi" üzrə yenidən istintaq başlanandan bir neçə ay sonra – 2022-ci ilin fevralında E.Quliyevə bəraət verilib.

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

"Oğlumun üstündən ləkəni götürmək üçün o gündən çöllərdəyəm"

V.Əhmədova təzminat tələbiylə məhkəməyə verdiyi iddia ərizəsində göstərib ki, 2017-ci ilin mayında - övladı işgəncəylə öldürüləndən sonra Müdafiə Nazirliyinin hərbçiləri onu gətirib kənd qəbiristanlığında "vətən xaini" kimi basdırıblar.

"Mən evdar qadın idim, amma oğlumun üstündən ləkəni götürmək üçün o gündən çöllərdəyəm. "Vətən xaininin anası" sözünü eşitmək bilirsiniz nə deməkdir? Mən bu yolda dişim-dırnağımla qurduğum ev-eşiyimi, təsərrüfatımı, hətta ailəmi tərk eləməyə məcbur oldum. Oğlumun təmiz adını özünə qaytarmalıydım", - ananın məhkəmədə söylədiyi sözlərdir.

O, oğlunun ölümünə görə 10 min manat təzminat kəsilməsini özünə qarşı qərəzin nəticəsi sayır. V.Əhmədova AzadlıqRadiosuna bildirib ki, Tərtərdə baş verənlərin üstünün açılmasında əsas mübarizə aparan şəxslər biri olduğu üçün ondan qisas alırlar: "Guya məni aşağılamaq istəyirlər, daha demirlər ki, özlərini aşağılayırlar. Bu 10 min həm də öz səviyyələrinin göstəricisidir ki biz vətəndaşımıza belə qiymət veririk. Məsələ məbləğdə deyil, milyonlar mənim balamı qaytarmaz. Sadəcə, məhkəmə qərarı dövlət adından çıxarılır. Belə qərar dövlət adına utancdır".

V.Əhmədova yaxın günlərdə Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Xatırlatma

Tərtərdə 2017-ci ilin mayında əsgər və zabitlərə işgəncələr nəticəsində 11 nəfər həyatını itirib.

2021-ci ilin dekabrında – "Tərtər işi" üzrə yenidən istintaq başlanandan sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında həmin olaylar zamanı işgəncələrə məruz qalanların özü ilə yanaşı, həyatını itirən şəxslərin hüquqi varisi qismində tanınan ailə üzvləri də var.

Tərtər işgəncələrinə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfər hakim önünə çıxarılıb. Hər birində dörd nəfərin mühakimə edildiyi iki qrupun məhkəməsi yekunlaşıb. Onlara 4 il 10 aydan 9 il 6 ayadək həbs cəzası kəsilib. Ancaq onlar özlərini təqsirli bilmir və yuxarı instansiya məhkəmələrinə şikayət veriblər.

Hökmdən narazı qalan zərərçəkənlər də verilən cəzanı çox yüngül sayırlar. Onların fikrincə, gərəkli araşdırma aparılmayıb, Tərtər olaylarının gerçək təşkilatçıları məsuliyyətdən kənarda saxlanılıblar.

XS
SM
MD
LG