Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:06

Tərtər işgəncələrinə görə həbs olunanlar: əvvəl tutulub buraxılanlar, mükafat alanlar


'Tərtər işi'ndə 16 hökm ləğv edildi, qərar zərərçəkənləri qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

'Tərtər işi'ndə 16 hökm ləğv edildi, qərar zərərçəkənləri qane edirmi?

Ermənistanın xeyrinə casusluq ittihamları üzrə açılmış "Tərtər işi" zamanı yüzlərlə hərbçiyə işgəncə verilməsi, nəticədə onlardan bir neçəsinin ölməsi ilə əlaqədar səkkiz nəfər cinayət məsuliyyətinə cəlb edilib. 2021-ci ilin dekabrında istintaqı yeniləmiş Baş Prokurorluq aprelin 19-da yaydığı məlumatda onların adlarını da açıqlayıb.

62-ci maddə

Sözügedən səkkiz nəfərdən beşi - gizirlər Polad Əzizov, Elçin Əliyev Sənan Maşıyev, baş gizir Cabir Qəhrəmanov və leytenant Ruslan Mikayılov birlikdə mühakimə olunub. Onlar özünüöldürmə həddinə çatdırma (CM-in 125-ci maddəsi), qəsdən bədənə ağır xəsarət yetirmə- ölümə səbəb olduqda (126.3) və ağır cinayətlər kateqoriyasına aid bir neçə başqa maddə ilə ittiham ediliblər. Təkcə elə 126.3 maddəsində cəzanın minimum həddi 9 ildən başlayır. Lakin onlara münasibətdə CM-in 62-ci maddəsi tətbiq olunub, yəni qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza kəsilib, 5 il 6 aydan 6 ilə qədər cəza verilib.

Zərərçəkmişlər Tərtər Hərbi Məhkəməsinin hökmündən yuxarı instansiya məhkəmələrinə şikayətlər versələr də, nəticə dəyişməyib.

İşgəncə verməkdə təqsirləndirilən hərbçilər isə cəmi 2 il sonra azadlığa buraxılıblar. Hətta bir neçəsi sonradan prezident tərəfindən orden və medallarla təltif olunub. Onların arasında Sənan Maşıyev, Ruslan Mikayılov, Polad Əzizov və digərləri var.

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

Prezidentin mükafatlandırdığı, indi isə axtarışda olan

İstintaq yenilənəndən sonra cinayət məsuliyyətinə cəlb edilənlərdən biri – Polad Əzizov axtarışa verilib. Onun haqqında qiyabi həbs qərarı çıxarılıb.

1982-ci il təvəllüdlü Əzizov da öncə həbs edilib, az cəza alan və vaxtından əvvəl azadlığa buraxılanlardandır. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, o, 2016-cı ilin aprel döyüşlərindən bir müddət sonra – həmin ilin dekabrında Tərtərdə xüsusi təyinatlı bölükdə xidmətə başlayıb.

Əzizov 2020-ci ilin dekabrında "Ağdamın azad edilməsinə görə" medalıyla təltif olunub. Azərbaycan həmin il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.

Leytenant Mikayılov

Tərtər işgəncələrində suçlanarar həbs edilən, az cəza alıb, qısa müddət sonra azadlığa çıxan və sonradan mükafatlandırılanlardan biri də Ruslan Mikayılovdur. O da 2020-ci ilin dekabrında prezidentin sərəncamıyla "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif olunub.

İstintaq təzələnəndən sonra yenidən həbs edilən 29-yaşlı Mikayılov 2016-cı ilin aprel döyüşlərindən az öncə - mart ayında təyinatla Tərtərdə əlahiddə kəşfiyyat taboruna qrup komandiri göndərilib.

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

Gizir Əliyev

İstintaq yenilənəndən sonra cinayət məsuliyyətinə cəlb edilənlərdən Elçin Əliyev də əvvəl işgəncə verməyə görə həbs olunub, az sonra azadlığa buraxılanlardandır. 1986-cı il təvəllüdlü gizir Əliyevin 2007-ci ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başladığı, onun Türkiyə və başqa yerlərdə kurslar keçdiyi, erməni dilini bildiyi, alpinizm bacarıqlarının olduğu haqda məlumatlar var. O, 2014-cü ildən Tərtərdə kəşfiyyat taborunda xidmət edib.

Generalın qohumu

Yenidən həbs olunanlardan daha biri - Sənan Maşıyev də 2020-ci ildə prezident tərəfindən mükafatlandırılıb, "Ağdamın azad edilməsinə görə" medalıyla təltif olunub. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Maşıyev general Hikmət Həsənovun qohumudur.

Tərtər hadisələrində ən çox adı hallananlardan biri də general Həsənovdur. "Tərtər işi" üzrə istintaq yenilənənə qədər işgəncə verməyə görə ümumilikdə 19 nəfər cinayət məsuliyyətinə cəlb olunmuş, onların işi bir neçə qrupa ayrılmışdı. Üç nəfərlik qrupda mühakimə olunan və 6 il həbs cəzası alan kiçik gizir Cavid Ağadadaşov da məhkəmədə general Həsənovun adını çəkmişdi. O bildirib ki, heç bir işi özbaşına görməyiblər, general Həsənovun əmrini yerinə yetiriblər. General Həsənovun bu ittihamlara münasibəti bəlli deyil.

Ermənistana işləməkdə suçlanan hərbçi: 'İşgəncəylə boynuma qoyurdular'
Gözlə

No media source currently available

0:00 0:06:49 0:00

10 illik cəzanı çəkirdi, yenidən ittiham olundu

Yenidən cinayət məsuliyyətinə cəlb olunanlardan hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olmuş mayor Fuad Ağayev isə azadlığa buraxılmamışdı. 1994-cü ildən hərbi sahədə çalışan Ağayev Tərtər işgəncələrinə görə 10 il azadlıqdan məhrum edilib və cəzasını çəkirdi. İstintaq təzələnəndən sonra onunla bağlı yeni hallar üzə çıxdığına görə ona yenidən ittiham elan edilib. O, əvvəlki məhkəmələrdə ifadələrində özünü qismən təqsirli bildiyini deyib.

Həbs olunanların ən yüksək rütbəlisi

İstintaq yenilənəndən sonra həbs olunanlardan ən yüksək rütbəlisi Rəşid Niftəliyevdir. Polkovnik-leytenant Niftəliyev hərbi hissə komandiri olub. O, 2019-cu ilin iyununda prezidentin sərəncamıyla "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

İşgəncələrə görə peşman deyillər

İşgəncə verməyə görə əvvəl həbs edilib, az sonra azadlığa buraxılanlar əməllərindən peşman deyil. Onların əvvəlki məhkəmələrindəki çıxışları bunu deməyə əsas verir.

Gizir Elçin Əliyev son sözündə peşman olmadığını açıq şəkildə dilə gətirib. "Mən nədənsə peşman deyiləm, çünki özümü günahkar bilmirəm. Günahım olsaydı, çəkinmədən deyərdim. Bizim dəfələrlə pusquya düşməyimizdə, necə-necə dağ kimi oğlanların şəhid olmasında, əsgərlərimizin pul qarşılığında düşmənə satılmasında iştirak edənləri məmnuniyyətlə çəzalandırardım", – Əliyevin sözləridir.

"Tərtər işi" üzrə istintaq yenilənəndən sonra cinayət məsuliyyətinə cəlb edilən şəxslərə qanunsuz azadlıqdan məhrumetmə, işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza, vəzifə səlahiyyətlərini aşma, qəsdən sağlamlığa yüngül zərər vurma maddələri ilə ittiham irəli sürülüb.

Azərbaycanın hüquq-mühafizə orqanları 2017-ci ilin mayında bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini, onlara dövlətə xəyanət maddəsi üzrə cinayət içi açıldığını bildiriblər. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. İşgəncə nəticəsində ölənlərin (hüquq müdafiəçiləri onların sayının 10 civarında olduğunu bildirirlər) bəzilərinə sonradan bəraət verilib.

XS
SM
MD
LG