Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:39

Gəncədə əməliyyat olunmuş xəstənin qarnından 10 ədəd əlcək çıxdı


Tibbi əlcək geyinmiş həkim (arxiv fotosu).
Tibbi əlcək geyinmiş həkim (arxiv fotosu).

“Samiri təzədən əməliyyat etdilər, yaradan 10 ədəd tibbi əlcək çıxartdılar. Həkimlər şokdaydı”.

Oqtay Abbasov AzadlıqRadiosu-na danışır ki, ötən ilin yanvarında yaxın qohumu, 26 yaşlı Samir Məmmədov Gəncədəki 3 saylı xəstəxanada kor bağırsağından əməliyyat olunub. Uğursuz əməliyyat ötən 1 ildə Məmmədovlar ailəsinə hansı acıları yaşadıb, Oqtay Abbasovdan eşidək:

“ELƏCƏ ÇİRK AXIRDI”

“Gənc Samiri xəstəxananın cərrahı Səfər Əkbərov əməliyyat etdi. Əməliyyatdan sonra yara sağalmaq bilmədi, eləcə çirk axırdı. Dəfələrlə həmin xəstəxanaya qaytardıq ki, çirkə görə bir əlac etsinlər, ancaq cərrahın əlindən heç nə gəlmirdi”.

Buna da bax:​ '50 min manat ver, ömürlük şikəst qal'

Səfər Əkbərov yarası sağalmaq bilməyən xəstəni ikinci dəfə əməliyyat stoluna çıxarıb. Ancaq bu dəfə də müsbət nəticə əldə olunmayıb. Əksinə, yaradakı iltihab daha da güclənib. Xəstənin ailə üzvləri onu Bakıya gətirməli olub:

“Yenə cərraha müraciət edəndə dedi ki, ‘mən əlimdən gələni etmişəm, gerisi mənlik deyil’. Biz də məcbur qalıb Samiri Bakıya gətirdik. Əvvəl Topçubaşov adına xəstəxanada əməliyyat olundu. Cərrah şokdaydı, yaradan düz 10 ədəd tibbi əlcək çıxartmışdı. Bu barədə əvvəlki cərrah Səfər Əkbərova bildirəndə dedi ki, bu əlcəklər çirkin qarşısını almaq üçün qoyub. Biz cərrahın dediklərini başqa cərrahlara bildirəndə güldülər, dedilər, ‘o cərrah sizi ələ salıb’”.

Buna da bax:​ "Bizdə həkim səhvlərindən nəticə çıxarılmır"

BİR BÖYRƏYİ ÇIXARILIB

İlk cərrahiyyə əməliyyatının uğursuzluğu üzündən sonrakı əməliyyatlar da nəticə verməyib. Xəstənin ailəsi bu dəfə Milli Onkologiya Mərkəzinə müraciət ediblər. Samir burada bir daha əməliyyat olunub. İndiyədək də Onkologiya Mərkəzində çirkin mənbəyinin qurudulması üçün kimyaterapiyalar və başqa müalicələr qəbul edir. Hətta fəsadlar başqa orqanlara da zərərsiz ötüşməyib. Samirin bir böyrəyi çıxarılıb.

Samirin ailəsində onun ölkə daxilində tam sağalacağına ümid qalmayıb. Lakin onu ölkə xaricinə aparmağa maddi vəsait də tükənib. Ailə üzvləri düşünürlər ki, vəziyyətin bu yerə çatmasının səbəbkarı Samiri ilk cərrahiyyə əməliyyatı etmiş cərrahdır. Onlar Samirin İranda müalicəsindən ötrü həmin cərrahdan maddi yardım istəyiblər. O isə maddi imkanı olmadığını bildirib.

Buna da bax:​ Onkoloji xəstə: ‘Pulum olmadığına görə 'kimyaterapiya lazım deyil', dedilər’

“İLK DƏFƏ SİZDƏN EŞİDİRİK”

Gəncə şəhər 3 saylı xəstəxanasından “Qaynar xətt”ə bildirilib ki, cərrah Əkbər Səfərov hazırda həmin xəstəxanada işləmir: “Hər halda belə hal olubsa, xəstənin ailəsi məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər. Ancaq bizim xəstəxanada hansısa cərrahın xəstənin içində əlcək qoyması barədə ilk dəfə sizdən eşidirik”, – xəstəxanadan bildirilib.

Səhiyyə Nazirliyi isə baş verənlər barədə quruma şikayət gəlmədiyini bildirir: “Belə bir faktla bağlı quruma məlumat daxil olmayıb. Yaxşı olar ki, xəstənin ailəsi bizə rəsmi müraciət etsin, araşdırılsın”.

Buna da bax: Baş pediatr: «Rüşvət» sözü Azərbaycan səhiyyəsinə uyğun gəlmir

Samir Məmmədovun yaxın qohumu Oqtay Abbasov bildirib ki, yaxın günlərdə həm Səhiyyə Nazirliyinə, həm də hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edəcəklər.

Hüquqşünas Vaqif Alıyev deyir, əgər xəstənin daxilindən 10 ədəd tibb əlcəyi çıxması barədə deyilənlər təsdiqlənsə, həkim məsuliyyətə cəlb oluna bilər.

XS
SM
MD
LG