Milli Şuranın və Müsavat partiyasının həbsdə olan fəalı Tofiq Yaqublunun işi üzrə şahidlərin dindirilməsi mərhələsi başlayıb.
Avqustun 12-də Nizami Rayon Məhkəməsində üç şahid dindirilib. Bunlardan biri Nizami rayonu, 24 saylı polis bölməsinin əməkdaşı, digər ikisi isə hadisənin şahidi olduğunu iddia edən şəxslər idi.
Məhkəmədə şahid ifadə verməyə başlamamışdan öncə qarşısına qoyulmuş mətni oxuyaraq, yalan danışmayacağına and içib.
Tofiq Yaqublu şahidlərin hər biri dindirilməmişdən öncə onlara belə deyib:
“Yalan danışanın ailəsindəki, nəslindəki bütün qadınlar əxlaqsızdır. Əgər siz yalan danışsanız, sizə aid olsun, mən yalan danışsam, mənə...”
Buna görə hakim Nəriman Mehdiyev Tofiq Yaqubluya xəbərdarlıq edib. Deyib ki, bu, şahidləri təhdid və təhqir etməkdir.
“Birincisi, təhqir deyil. Əgər yalan danışmayacaqsa, ona aidiyyəti də olmayacaq. İkincisi, siz mənə başqa çıxış yolu qoymursunuz. Qanun işləmirsə, neyləməliyəm? Mənəviyyatsız, yalan danışanlarla necə davranmalıyam?” – Tofiq Yaqublu belə cavab verib.
Şahid qışqırıb, masanı döyəcləməyə başlayıb
Şahidlərdən öncə zərərçəkmiş qismində tanınmış, Tofiq Yaqublunun təhqir etdiyi iddia olunan Cəvahir Cəbrayılova sualları cavablandırıb. Bu zaman onun istintaq və məhkəmədəki ifadələri arasında ziddiyyət yaranıb. O, vəkillərin suallarını cavablandırmaqdan imtina edib. Ona izah edilib ki, zərərçəkmişin sualları cavablandırmamağa ixtiyarı yoxdur.
Bu zaman Cəbrayılova məhkəmə zalında qışqırıb, qarşısındakı masanı döyəcləməyə başlayıb.
Tofiq Yaqublunun vəkilləri tələb edibl’r ki, hakim məhkəməyə hörmətsizliyə görə Cəbrayılova haqqında akt tərtib etsin, araşdırma üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilsin. Amma hakim vəsatəti təmin etməyib.
“8-ci kilometr bazarı”nın yaxınlığında yaşadığını deyən şahid Cahid İmaməliyev iddia edib ki, hadisə yerindən təxminən 100 metr aralıda olub. Səs-küy eşidib, 5-6 saniyəyə ora çatıb. Orada Tofiq Yaqublunun təhqiramiz ifadələr işlətdiyini eşidib.
Tofiq Yaqublu bu şahidin yalan danışdığını bildirib. Vəkillər də vurğulayıb ki, idmançı olmayan birinin 5-6 saniyəyə 100 metr məsafə qət etməsi mümkün deyil, şahid doğru danışmır.
Bu şahid məhkəmə zalından çıxanda Tofiq Yaqublu ilə aralarında belə bir dialoq olub:
- Allah qapını açsın, Tofiq Yaqublu!
- Gəlib burada yalan danışıb, qapını bağlayırsan, sonra da deyirsən, Allah qapını açsın...
Məhkəmə prosesi avqustun 14-də davam edəcək.
Xatırlatma
Tofiq Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub:
"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".
Tofiq Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma Tofiq Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir.
O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı:
""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".