Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:36

''Toplum'a da növbə çatacağı proqnozlaşdırılırdı'


Bakıda polis ToplumTV kanalına reyd keçirib.
Bakıda polis ToplumTV kanalına reyd keçirib.

Martın 6-də "Toplum" internet televiziyasının Bakıdakı ofisində axtarışlar aparıldı, ardınca da redaksiyanın qapıları möhürləndi. Televiziyanın bir neçə əməkdaşının qaçaqmalçılıq maddəsi ilə açılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı bildirilir.

Üstəlik, III Respublika Platformasının ofisində də axtarış aparıldığı, bu qurumun təsisçisi Akif Qurbanovun da qaçaqmalçılıqda şübhəli sayılaraq tutulduğu deyilir.

A.Abbas
A.Abbas

"Boş-boşuna hansısa televiziyanı, qəzeti bağlamaq..."

Milli Məclisin deputatı Aqil Abbas mövzu ilə bağlı "Turan"a bildirib ki, qabaqcadan nəsə demək olmaz, istintaqın qərarını gözləmək lazımdır: "Hər halda boş-boşuna hansısa televiziyanı, qəzeti bağlamaq, işçilərini saxlamaq mümkün deyil".

Deputatın fikrincə, dəlil, sübut var ki, bu sübutlara görə saxlamalar olub, redaksiya möhürlənib: "Hüquq-mühafizə orqanları dəlil olmadan heç kəsə bu münasibət göstərməzlər".

R.Səfərov
R.Səfərov

"Hakimiyyətin nəzarətindən kənar mediaların susdurulması..."

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovun sözlərinə görə, digər medialardan sonra ToplumTV-yə də növbə çatacağı proqnozlaşdırılırdı.

"ToplumTV tənqidçi kəsimin, müxalif çevrələrin çox mühüm bir tribunasına çevrilmişdi", - o, AzadlıqRadiosuna bildirib.

R.Səfərov hazırkı cinayət işində heç bir qanuni əsas görmür: "Mən bunu ToplumTV-nin, saxlanılan jurnalistlərin peşə fəaliyyəti ilə əlaqələndirirəm. Bu, kanalın və vətəndaş cəmiyyətində yenicə təsis olunan və parlayan III Respublika Platformasının susdurulmasına yönələn bir addımdır".

Hüquq müdafiəçi təzyiqlərin və həbslərin bundan sonra da artacağını düşünür: "Bu, hakimiyyətin nəzarətindən kənar olan mediaların susdurulmasından xəbər verir. Bununla bağlı hələ bir müddət qabaq hökumət rəsmiləri çıxışlarında anons vermişdilər".

Xatırlatma

Buna qədər 2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda 10-a yaxın jurnalist saxlanıb, həbs edilib. Onların çoxu "AbzasMedia" nəşrinin əməkdaşlarıdır. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini olduğu bildirilən Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz AbsalamovaElnarə Qasımova ilə davam edib. Onların hamısı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, bunu peşə fəaliyyətlərinə təzyiq kimi dəyərləndirirlər.

XS
SM
MD
LG