Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:08

Qazaxıstanın yeni prezidenti səlahiyyətlərin çoxunu Nazarbayevə qaytarır


Prezident Qasym-Zhomart Toqaev (solda) və keçmiş prezident Nursultan Nazarbayev
Prezident Qasym-Zhomart Toqaev (solda) və keçmiş prezident Nursultan Nazarbayev

Qazaxıstan prezidenti Qasym-Zhomart Toqaev oktyabrın 21-də dərc olunmuş fərmanı ilə keçmiş prezident Nursultan Nazarbayevə daha böyük səlahiyyətlər verib.

66 yaşlı Toqaev ötən martda 79 yaşlı Nazarbayevin qəfil istefasından sonra prezident olub.

Nazarbayev ölkəyə 30 il rəhbərlik etdikdən sonra istefa versə də, özündə kifayət qədər güclü səlahiyyətləri saxlamışdı.

Rəsmi dövlət saytında dərc olunmuş fərmanda deyilir ki, Toqayev dövlət idarələrinin və nazirlərin təyinatı zamanı Nazarbayevlə “məsləhətləşməlidir”. Burada xarici, daxili və müdafiə nazirlərinin təyinatı istisna təşkil edir.

Lakin Nazarbayevin xeyir-duasına ehticı olan dövlət qurumlarının arasında qüdrətli Milli Təhlükəsizlik Komitəsi də var. Sovet vaxtı buna DTK (KGB) deyirdilər.

Vilayət qubernatorlarının və başqa regional rəsmilərin təyinatına da Nazarbayev icazə verəcək.

Nazarbayev Toqaevi özünün xələfi kimi təklif edib və o dərhal prezident əvəzi vəzifəsində təsdiq olunub.

Toqaev Qazaxıstanın yeni prrezidenti kimi iyun ayında inaqurasiya edilib. Bundan əvvəl zəif rəqabətli və beynəlxalq müşahidəçilərin qiymətləndirməsinə görə “geniş yayılmış pozuntularla dolu” seçki keçirilmişdi.

Oktyabrın 21-də verilmiş fərman faktiki olaraq istefa vermiş Nazarbayevin əksər səlahiyyətlərini ona qaytarır.

O hazırda Milli Təhlükəsizlik Şurasının sədri, “elbaşı” titulunun daşıyıcısı və özünün hakim Nur Otan partiyasının lideridir.

Nazarbayev son vaxtlar ictimaiyyət qarşısında tez-tez görünür və özü ilə Toqayevb arasında ixtilaf olmasına dair şayiələri “qiybət” adlandırır.

Opponentləri, tənqidçiləri və insan haqları qrupları bildirirlər ki, fərqli düşüncəyə həmişə dözümsüz olan Nazarbayev öz ölkəsinin vətəndaşlarının təməl hüquqlarını pozaraq demokratik prosesi manipulyasiya edib və bu yolla hakimiyyətini uzadıb.

Qazaxıstanda 1991-ci ildən bəri keçirilmiş heç bir seçki beynəlxalq müşahidəçilər tərəfindən azad və ədalətli kimi qiymətləndirilməyib.

XS
SM
MD
LG