Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasından üç ildən çox vaxt keçsə də, bu cinayət işi üzrə məhkəmə araşdırmaları hələ davam edir. Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan İlkin Süleymanovun məhkəməsində əlavə şahidlərin dindirilməsi mərhələsidir. Vəkillərin məhkəmədə dindirilməsini tələb etdiyi əlavə şahidlərin bir hissəsi də bu işlə bağlı rəy vermiş ekspertlərdir. Məhkəmə araşdırmaları zamanı ekspert rəyləri ilə bağlı xeyli ziddiyyətlər ortaya çıxıb.
Prokuror da ziddiyyətlərin olduğunu qəbul edərək ekspertlərin çağırılıb dindirilməsinə etiraz etməmişdi. Süleymanovun işinə baxan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri də bu haqda vəsatəti təmin etmişdi. Təxminən bir həftə öncə hakim Dadaş İmanov məhkəmədə bildirmişdi ki, ekspertlərə çağırış göndərilsə də, məhkəməyə gəlməkdən imtina edirlər. Bu üzdən məhkəmə iclası bir daha təxirə salınmış, ekspertlərə yenidən çağırış göndərilmişdi.
İmzaladığı rəylə tanış olandan sonra...
Fevralın 8-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasına üç il öncə yanmış meyiti müayinə etmiş tibbi ekspertlərdən Nazim Rəhimov gəlib. Hazırda Ağstafa rayonunda işlədiyini deyən Rəhimov vəkillərin suallarının bir çoxuna konkret cavab verə bilməyib. O, hətta imzaladığı rəyi xatırlamadığını bildirib. Hakim şərait yaradıb ki, imzaladığı rəylə tanış olsun, bir çox məsələləri yadına salsın, nəyə qol çəkdiyini xatırlasın.
Azyaşlı Nərminlə bağlı şübhə yaradan məsələlərdən biri meyitin qan qrupu ilə onun şəxsiyyət vəsiqəsindəki qan qrupunun fərqli olmasıdır. Bundan başqa, müdafiə tərəfi cinayət işinin materiallarında olan fotolara əsaslanaraq bildirir ki, meyitin boyu 10-yaşlı uşağın boyundan xeyli uzundur.
Ekspert rəyində də meyitin boyunun ölçüsü göstərilməyib. Vəkillərin sözlərinə görə, istənilən meyitin müayinəsində boyun ölçüsünün göstərilməsi vacibdir.
Hakim sualı çıxarıb
Müdafiəçilər məhkəmədə dindirilən ekspert Rəhimovdan meyitin boy ölçüsünün rəydə niyə göstərilmədiyini soruşub.
"Ölçməmişik…", – ekspert belə cavab verib.
Vəkillər ekspertdən kürək nahiyəsi torpağın üstündə olduğu halda, sinə ilə eyni dərəcədə yanması, yaxud da geyimlər yanmadığı halda, bədənin kömürləşmə həddində yanmasının səbəbləri haqda soruşublar. Lakin ekspert bu sualların da bir çoxuna "bilmirəm", "bu sualı qrupun rəhbəri Seyfulla müəllim cavablandıra bilər" kimi cavablar verib.
Onun sözlərinə görə, meyit müayinəyə təqdim olunanda onlara məlumat verilmişdi ki, Tovuzda itkin düşmüş Nərmin Quliyevadır. Vəkillər ekspertdən soruşub ki, müayinədə azyaşlının yaxınlarından kimsə iştirak edirdimi? Hakim müdaxilə edərək bu sualı çıxarıb, nədənsə, ekspertin bunu cavablandırmasına imkan verməyib.
Meyitin üstündən çıxmayan paltarlar ekspertin əlinə necə gedib çıxıb
Növbəti məhkəmə iclaslarına isə digər ekspertlər çağırılacaq. Ekspertiza ilə bağlı açıq qalan suallardan biri meyitin üstündən çıxmayan paltarların sonradan ekspertin əlinə necə gedib çıxması ilə bağlıdır. Məsələn, ekspert uşaq cins şalvarının üstündən İlkin Süleymanovun gödəkcəsinə aid lif tapılması haqda rəy verib. O cins şalvarın ekspertə necə gedib çıxması məlum deyil, çünki meyitin üzərindən çıxan paltarların siyahısında cins şalvar yoxdur.
Telefonla bağlı ekspert rəyində də ziddiyyətlər ortaya çıxıb. Məsələn, rəyə əsasən, Süleymanovun telefonda erotik fotolara baxdığı iddia olunan vaxtda o, müstəntiqin yanında şahid qismində dindirmədə olub.
Məhkəmə prosesi fevralın 15-də davam edəcək. Həmin iclasa yenidən ekspertlər dəvət olunacaq.
Xatırlatma
2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.
Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.
Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.