Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:36

Trump kampaniyası New York Times qəzetini məhkəməyə verir


Donald Trump
Donald Trump

ABŞ prezidenti Donald Trump-ın təkrar seçilməsi üçün kampaniya The New York Times qəzetinə qarşı məhkəmə iddiası qaldırıb.

Trump-ın vəkilləri nüfuzlu qəzeti Rusiya rəsmiləri ilə prezidentin 2016-cı il seçki kampaniyası arasında sövdələşmə olduğunu yazmaqla böhtan atmaqda ittiham edirlər.

İddia fevralın 26-da Manhattandakı Nyu York Ali Məhkəməsinə təqdim olunub.

Bu, ştatın ən yüksək məhkəmə instansiyasıdır.

Trump-ın siyasi kampaniyası ilk dəfədir ki, ABŞ-ın media qurumuna qarşı məhkəmə iddiası irəli sürür.

İddianın məğzi

İddiada söhbət ilk növbədə 2019-cu ilin martında qəzetdə dərc edilmiş rəy məqaləsindən gedir.

Məqaləni qəzetin 1986-1994-cü illərdə icraçı redaktoru olmiş Max Frankel yazıb.

Məqalənin başlığı “Trump-Rusiya Quid Pro Quo sövdələşməsi” idi.

Yazıya ikinci sərlövhə də qoyulmuşdu: "Kampaniya ilə Kreml arasında rusiyayönlü siyasət naminə Hillary Clinton-un məğlub edilməsinə köməklik barədə hərtərəfli razılaşma olub”.

Quid pro quo Latınca termindir və “hörmətə hörmət” və ya “əl əli yuyar, əl də üzü” mənasını verir.

İddiada deyilir ki, bu hökm “saxtadır” və New York Times dərc etdiyi yazı ilə “öz oxucularına bilərəkdən dezinformasiya verib və onları çaşdırıb”.

Vəkillər habelə yazırlar ki, qəzet Trump-ın təkrar seçki kampaniyasına qarşı “sərt qərəz və düşmənçilik” mövqeyi tutur.

New York Times ifadə azadlığı hüququnu əsas gətirərək sözü gedən yazını müdafiə edir.

Qəzetin sözçüsü Eileen Murphy-nin bəyanatında deyilir:

“Trump kampaniyası onun üçün qeyri-məqbul sayılan rəyi yazmış şəxsi cəzalandırmaq üçün məhkəmələrə üz tutub. Xoşbəxtlikdən qanun amerikalıların öz rəy və qənaətlərini, xüsusilə də bunların ictimai əhəmiyyət daşıdığı hallarda, ifadə etmək hüququnu müdafiə edir. Biz bu hüququmuzu müdafiə etməyə hazırıq”.

Trump media qurumlarını tez-tez “saxta xəbərlər” adlandırır və bəzi ABŞ medialarını “Amerika xalqının düşməni” elan edib.

Mediaya qarşı döyüşkən vəkil

ABŞ xüsusi prokuroru Robert Mueller-in hesabatında Moskvanın Trump-a dəstək və onun demokrat opponenti Hillary Clinton-a ziyan vurmaq məqsədilə 2016-cı il ABŞ seçkisinə haker müdaxiləsi etdiyi və sosial media təbliğatı apardığı qeyd olunub.

Bu araşdırma Trump kampaniyası ilə Rusiya rəsmiləri arasında çoxsaylı əlaqələr aşkar edib.

Bununla belə, Mueller-in hesabatında deyilir ki, Trump-ın komandası ilə Rusiya arasında cinayətkar sövdələşmənin isbatı üçün kifayət qədər dəlil tapılmayıb.

Lakin xüsusi prokuror bunu da bildirib ki, təhqiqat ədalətin qarşısının alınması iddiası üzrə prezidenti təmizə çıxarmır.

Trump-ın təkrar seçki kampaniyası vəkil Charles J. Harder-in xidmətinə müraciət edib.

New York Times qəzetinin yazdığına görə bu vəkil mediaya qarşı döyüşkənliyi ilə tanınır.

XS
SM
MD
LG