Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:46

Türkiyədə tibb işçiləri tətil edir


Türkiyədə etiraz aksiyası, arxiv fotosu
Türkiyədə etiraz aksiyası, arxiv fotosu

Türkiyə Tibb Assosiasiyasının (TTA) məlumatına görə, 81 vilayətin hamısından tibb işçiləri tətilə qoşulub

Bu gün – dekabrın 15-də Türkiyədə 250 mindən çox tibb işçisini, həkimi birləşdirən beş həmkarlar birliyi bir günlük tətil edib. Onlar milli valyutanın dəyərdən düşməsi fonunda maaşların azlığına, ağır iş şəraitinə etiraz edirlər.

Yüzlərlə həkim, tibb bacısı, laborant, tibb sahəsinin digər işçiləri ölkənin ən böyük şəhəri İstanbula yığışaraq hökumətin istefasını tələb ediblər.

İnflyasiyaya uyğun maaş artımı

Türkiyə Tibb Assosiasiyasının (TTA) məlumatına görə, 81 vilayətin hamısından tibb işçiləri tətilə qoşulub.

Son vaxtlar Türkiyədə COVID-19-a günə ortalama 20 min yoluxma, 180 ölüm aşkarlanır. Səhiyyə naziri Fahrettin Kocanın şənbə günü dediyinə görə, ölkədə Omikron ştammına altı yoluxma qeydə alınıb.

İstanbulda etirazçılar “Biz yaşamaq və digərlərini yaşatmaq istəyirik”, “Hamı üçün pulsuz və bərabər tibbi xidmət”, “Nəfəs ala bilmirik” şüarları səsləndiriblər.

Tibbi işçiləri deyirlər ki, bu il lirənin dollara qarşı dəyər itirməsi fonunda inflyasiyanın yüksəlməsi onların xərclərini artırıb.

“Səhiyyə nazirliyi vədlərinə əməl etmir. Biz azından inflyasiyaya uyğun maaş artımı tələb edirik. Biz koronavirusun peşə xəstəliyi kimi tanınmasını istəyirik”, – laborant Aydın Erol etiraz aksiyası zamanı “Reuters”ə deyib.

Zorakılıq

TTA bildirir ki, tibb işçiləri hökumətin koronavirus pandemiyası ilə mübarizəsindən, COVID-19-a yoluxma və ölüm halları üzrə datada şəffaflığın olmamasından, tibbi personalı qorumaqdan ötrü yetərli addımlar atılmamasından getdikcə daha çox məyus olurlar.

Qurumun məlumatına görə, bir çox tibb mütəxəssisləri maaş azlığı, uzun iş saatları, zorakılıq riskindən dolayı ölkəni tərk etməyə çalışır. Son 11 ildə 100 mindən çox həkim pasiyentlər tərəfindən fiziki və şifahi zorakılığa mərz qalıb, azı 10 nəfər öldürülüb.

“Hökumət tibb işçilərinə qarşı zorakılığı dayandırmaqdan ötrü heç nə etmir. Xəstəxanalarda özümüzü təhlükəsiz hiss etmirik”, – etiraza qatılmış bir həkim deyib. O, həmkarlarının xaricə köçmək üçün yollar axtardığını söyləyib.

“Tətillər davam edəcək, dövlət xəstəxanalarından istefalar yalnız artacaq”, – o, sözlərinə əlavə edib.

XS
SM
MD
LG