Türkiyədə illik inflyasiya son 19 ildə ən yüksək səviyyəyə çatıb. Bu gün – yanvarın 3-də ölkənin statistika qurumunun açıqladığı datada istehlakçı qiymətlərinin 36.08% artdığı görünür. Buraya nəqliyyat, yemək, içki kimi xidmət və mallar daxildir.
Aya 13.58%-lik yüksəliş
Türkiyə Statistika İnstitutu təkcə dekabrda İstehlakçı Qiymətləri İndeksinin (İQİ) nadir hal sayılan ikirəqəmli həddə – 13.58%-ə çatdığını bildirir.
Ölkənin mərkəzi bankı uçot dərəcəsini ümumilikdə 500 bənd azaldınca lirə xeyli ucuzlaşıb. Dekabrın 20-də isə bir dollar 18 lirəyə bərabərləşib. İlin əvvəlində isə 7 lirə yarım olub.
Ümumilikdə lirə ötən il 44% dəyər itirib.
Prezident Receb Tayyib Ərdoğan faiz dərəcəsinin salınmasının inflyasiyanı cilovlayacağını deyir. O, son iki ildə mərkəzi bank sədrini və maliyyə nazirlərini bir neçə dəfə dəyişib.
İnflyasiya gözləntisi
Müxalifət prezidenti iqtisadi səriştəsizlikdə suçlayır, erkən seçkilər tələb edir. Ərdoğan ittihamları rədd edərək seçkilərin plan üzrə – 2023-cü ilin iyununda keçiriləcəyini deyir.
“Reuters”ə danışan bir iqtisadçı yazadək monetar siyasət dərhal dəyişdirilməzsə, inflyasiyanın 50%-dək yüksələcəyini proqnozlaşdırıb.
“Dərəcələr təcili və kəskin artırılmalıdır, çünki bu vacibdir”, – İstanbulda yerləşən “Spinn Consulting”in təsisçi tərəfdaşı Ozlem Derici Sengul deyib.
Onun fikrincə, mərkəzi bank buna getməyəcək və illik inflyasiya “martacan 40-50%-ə çata bilər”.
2002-ci ilin sentyabrında ölkədə illik İQİ ən yüksək həddə – 37.0%-ə çatmışdı. İki ay sonra Ərdoğının AK Partiyası hakimiyyətə gəldi.