Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:50

Türkiyədə Suriya qaçqınlarına, Suriyada Türkiyəyə qarşı iğtişaşlar davam edir


Türkiyə-Suriya sərhədindəki Bab əs-Səlam keçidi (Arxiv fotosu)
Türkiyə-Suriya sərhədindəki Bab əs-Səlam keçidi (Arxiv fotosu)

Türkiyə iyulun 2-də Türkiyə hərbçiləri Suriya tərəfdən atəşə tutulduqdan sonra Suriyanın şimal-qərbindəki sərhəd keçid məntəqəsini bağlayıb.

Suriyanın müxalifət mənbələri və sakinləri deyirlər ki, atəşi Türkiyədəki soydaşlarına qarşı zorakılıqlardan qəzəblənmiş suriyalılar açıblar.

Reuters agentliyinin məlumatına görə Türkiyədə polis ölkə boyunca Suriya qaçqın icmasının hədəflənməsi ilə əlaqədar 474 nəfəri saxlayıb.

Bu da xəbər verilir ki, Türkiyənin Kayseri şəhərində suriyalılara məxsus mülkiyyətə və maşınlara od vurulub.

İğtişaşlar 7 yaşlı suriyalı qızın suriyalı qaçqın tərəfindən cinsi təcavüzə məruz qaldığına dair xəbərlər sosial mediada yayıldıqdan sonra başlanıb.

Qızın özü barəsində müxtəlif mənbələr müxtəlif məlumat verirlər. Bəzi medialar qızın türk, bəziləri isə suriyalı olduğunu bildirirlər. Reuters isə mənbələrə istinadla yazır ki, qız öz qohumu tərəfindən təcavüzə məruz qalıb.

Xəbərlərdə deyilir ki, zorakılıqlar Hatay, Qaziantep, Konya, Bursa və İstanbulun rayonlarına yayılıb.

İğtişaşlar Suriya ərazisinə də keçib

Sosial media şəbəkələrində iğtişaşlar zamanı xəsarət almış suriyalıları görüntüləyən videolar yayıldıqdan sonra minlərlə suriyalı Suriyanın şimal-qərbində, qiyamçıların nəzarətində olan şəhərlərin küçələrinə çıxıb.

Bu ərazidə Türkiyə qoşunları yerləşdirilib və bu səbəbdən prezident Bəşər əl-Əsədin qüvvələri bölgə üzərində nəzarətə malik deyillər.

İyulun 1-də Türkiyə zorakılıqlara cavab olaraq Bab əl-Həva sərhəd keçidini qeyri-müəyyən müddətə bağlayıb.

Sərhəd rəsmiləri Reuters agentliyinə deyiblər ki, bu keçid məntəqəsi daha kiçik Bab əs-Səlam keçidi ilə yanaşı 3 milyonluq Suriya əhalisinin sərhəd üzərindən gediş-gəlişini təmin edir.

Suriyanın sərhədyanı Afrin şəhərində daha zorakı toqquşmalar olub. Burada silahlı Suriya etirazçıları ilə Türkiyə hərbçiləri arasında baş vermiş atışmada azı 4 nəfərin həlak olduğu xəbər verilir.

Türkiyə rəsmiləri “təxribatdır” deyirlər

Suriyanın sərhədyanı bölgələrindəki bir neçə şəhərdə Türkiyə hərbçilərinin maşınları daşa basılır, bəzi ofislərdəki Türkiyə bayraqları çıxarılır.

Bir neçə Türkiyə rəsmiləri iğtişaşları “təxribat” adlandırıblar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş verənlərə görə Türkiyənin bəzi müxalifət partiyalarını ittiham edib. Onun sözlərinə görə Suriya qaçqınlarının öz vətənlərinə qaytarılmasını istəyən bu partiyalar zorakılqıları qızışdırırlar.

Ərdoğan ötən həftə demişdi ki, o iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Suriya prezidenti Bəşər əl-Əsədlə görüşə bilər.

Ankara Dəməşqlə münasibətləri 2011-ci ildə, Suriyada vətəndaş münaqişəsi başlanandan kəsib.

Öz növbəsində Suriya silahlı müxalifəti Ankara ilə Dəməşq arasında mümkün yaxınlaşmadan narahatdır.

XS
SM
MD
LG